Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Sağlam nitq insanın şəxsiyyət kimi formalaşmasında mühüm şərtdir

    Əsmər Yusifli 2018-ci ildə şəhər 1 saylı tam orta məktəbini bitirib. 2018-2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Korreksiyaedici təlim ixtisası üzrə təhsil alıb. Hazırda Mingəçevir Dövlət Universitetində İbtidai təhsilin metodikası fakültəsinin magistridir. Aşağıda onun uşaqların nitq mədəniyyətinə aid məqaləsini oxucularımıza təqdim edirik.
    İnsanlar müxtəlif olduğu kimi, onların taleləri də eyni deyil. Bəzən ailələrdə qüsurlu övladlar dünyaya gəlir ki, bu da valideynlər üçün çətin sınağa çevrilir.
    Qədim dövrdə bu cür insanlara qarşı münasibət heç də birmənalı deyildi. Belə övladların cəmiyyət üçün bir növ artıq yük olduğu düşünülürdü. Buna görə qüsurlu doğulan körpələri elə diri-diri basdırır, hündür yerlərdən aşağı tullayırdılar. Xüsusilə də Spartada bu uşaqlara qarşı daha sərt rejim mövcud idi. Çünki Spartada hərbi sistem hökm sürürdü və doğulan hər qüsurlu uşaq (oğlan uşağı) orduya ziyan vurmuş hesab edilirdi. Bu cür fikirlər bir növ Aristotelin “mükəmməl olmayan heç bir şeyin inkişaf etməsinə icazə verməyin” fikrindən qaynaqlanırdı. Belə uşaqlar doğulan ailələrin Tanrı tərəfindən lənətləndiyi deyilirdi. Hesab edilirdi ki, qüsurlu körpələrin bədənində cin olur və bu cini ancaq həmin uşağı öldürməklə qovmaq olar. Ancaq İslam və xristian dinlərinin inkişafı ilə belə uşaqlara daha mərhəmətli yanaşılmağa başlanıldı.
    Elm inkişaf etdikcə, qüsurlu doğulan uşaqların problemləri ilə məşğul olan xüsusi bir sahə–korreksiya-edici təlim yarandı. Psixologiya , defektologiya kimi terminlərlə ifadə olunan elmin bu qolu psixi, əqli, fiziki cəhətdən qeyri-düzgün inkişaf edən şəxslərin psixoloji vəziyyətini, pedaqoji inkişafını öyrənir və onlara köməklik göstərir.
    19-cu əsrə qədər bu elm psixologiyanın tərkib hissəsi olmuşdur. Defektologiya özü 4 müstəqil sahədən ibarətdir: oliqafrenpedaqo-gika – əqli cəhətdən geri qalan uşaqların təlim-tərbiyəsi, psixologiyası ilə məşğul olan elm; surdopedaqogika – eşitmə, tiflopedaqogika-görmə, loqopkorreksiyaedici təlim – uşaqların nitq qüsurlarını öyrənən elmdir.
    L o q o p e d i y a – nitq inkişafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir. Nitq insanın ən vacib psixi funksiyalarından biridir. Nitq ünsiyyəti insanlar arasında sosial əlaqələri yaratmaqla yanaşı, həm də idrak fəaliyyətinin ali formalarını inkşaf etdirir. Uşaq nitqə yiyələnməklə ətraf aləmin ümumiləşdirilmiş gerçəkliyini qavrayır, öz təfəkkürünü inkişaf etdirmək bacarığına malik olur. Buna görə də uşaqda düzgün nitq tərbiyəsi təkcə estetik əhəmiyyət daşımır, həm də onun şəxsiyyət kimi kamilliyi, əqli və psixi inkişafı üçün çox gərəklidir. Nitq uşağın hərtərəfli inkişafı üçün vacib olan əsas amildir. Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın tədricən inkişafi ilə formalaşır. Nitqin əsası uşaqlıq dövründən başlayır. Uşağın ilk ünsiyyəti anadan olduğu andan ağlayarkən anasının ona cavab verməsi ilə yaranır. 0-3 aylıq uşaq anadan olarkən ağlayır, narahatçılığı olanda, ac olanda, bir yeri ağrıyanda bunu ağlamaqla biruzə verir. 3-6 aylıq körpə dərhal səs gələn tərəfə çevrilir, qığıldamağa başlayır, anasının səsini tanıyır. 6-12 aylığında ayrı-ayrı sözləri deyir, sözləri və sadə göstərişləri başa düşür. Tək-tək hecalardan və sözlərdən isdifadə edir.12-18 aylıq nitqi anlama, təqlid etmə, başa düşmə dövrü başlayır. 100-ə qədər söz ehtiyatı olur.
    Ona görə ilk olaraq nitqdən başladıq ki, loqopediya elmi nitqi öyrənir. Loqopediya sözünün mənası loqos-söz, paydeo-öyrənirəm, tərbiyə edirəm deməkdir. Yəni düzgün nitqi tərbiyə edirəm mənasını verir. Loqopediya elminin məqsədi uşağın nitqinin normal formalaşmasına və son nəticədə onun təfəkkürünün tam inkişafına kömək etməkdən ibarətdir. Bundan əlavə loqopediya elminin əsas məqsədi uşaqlarda yaranan nitq qüsurlarını aradan qaldırmaqdır.
    Nitqin inkişafı zamanı əsas problemlər 1 ayın so-nunda biruzə verir. Bu zaman ağlamırsa, 4 ayın sonunda qığıldamırsa və onunla danışan zaman gülmürsə, 7 ayın sonunda yaxın adamların səsini tanımırsa, .9 ayın sonunda vağ-vuğ etmirsə və böyüklərə baxaraq səsləri oxşatmırsa, 1 yaşın sonunda sadə əmrləri etmirsə, gətir-göstəri başa düşmürsə, 2 yaşın sonunda bədən üzvlərini göstərmirsə, yaxın adamlarını şəkildə tapa bilmirsə, 2.5 yaşın sonunda böyük-kiçiyi fərqləndirmirsə, 3 yaşın sonu kiçik şeir və nağılın məzmununu anlamırsa, məzmununu qısa da olsa danışmırsa və suallara cavab vermirsə, 4 yaşında heç bir rəngi tanımırsa və şeir deyə bilmirsə artıq valideynlər narahat olmalıdırlar.
    6 yaşına qədər uşaqlarin 30 %-dən coxu tələffüs qüsurlarına malikdir. Nitq qüsurlarını yaradan səbəblər bunlardı: mərkəzi nitq aparatının zədələnməsi, periferik nitq aparatında problemlər, irsiyyət, psixososial amillər. Nitq qüsurlu uşaqlar bir qayda olaraq həyatından küskün əhval-ruhiyyədə olurlar. Çox zaman belə vəziyyət uşaqlarda kompleks, özünə inamsızlıq yaradır. Bu xüsusiyyətlərə görə onlar uşaq bağçasına və ya məktəbə getmək istəmirlər. Elə psixika var ki, nitqi, elə nitq var ki, psixikani geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə, nitqi yoxdursa, bu onun psixoloji aləminə təsir edir. Buna görə də uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq onun psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır. Nitq qüsurları şifahi və yazılı nitq qüsurları olaraq 2 yerə ayrılır. Sağlam nitq insanın şəxsiyyət kimi formalaşmasında vacib şərtdir.
    Odur ki, əziz valideynlər, əgər uşağınızın nitqində müəyyən qüsurlar olduğunu hiss edirsinizsə, loqopedə müraciət etməyə tələsin. Bu, övladınızın sağlam gələcəyi üçün çox əhəmiyyətlidir.

     

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.