Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Avq

    TARİXİN ƏN ACINACAQLI SƏHİFƏSİ

    SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in Azərbaycan əhalisinin köçürülməsi prosesinə başlanılmış, 100 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürülmüşdür.
    Bu köçürülmədə bizim ailənin üzvləri – atam Mehdiyev Musa Teymur oğlu, anam Mehdiyeva Simuzər Yusif qızı, atamın anası (nənəm 1898-ci il təvəllüdlü) Mehdiyeva Şarabanı və əmim Mehdiyev Cəlil Teymur oğlu, 1947-ci il təvəllüdlü qardaşım Mehdiyev Teymur Musa oğlu və mən – 1949-cu il təvəllüdlü Mehdiyev Həmid Musa oğlu da olub. Bizə köçürülmə barədə sənəd verərək məcburi köçürülmüşük. Qoca nənəm Şarabanı deyirdi ki, bizi tez-tələsik yük vaqonlarına doldurdular və dedilər ki, Azərbaycana gedirsiniz. Biz ağır, çətin şəraitdə vaqonlarda əziyyət çəkmişik. Çoxları yolda, vaqonda bu çətinliyə tab gətirməyərək ölürdülər, heç sahib çıxan da olmurdu. Bu çətinliklə Azərbaycana gəlmişik. Bizlərə Kür-Araz ovalıqlarında yaşamağı təklif edirdilər. Əhali bu yerlərə uyğunlaşmadığından, özləri istədikləri yerləri seçiblər. Biz də Mirbəşir rayonunun (indiki Tərtər) Buzluq deyilən Cəmilli kəndi ilə Kolanı kəndinin aralığında yolqırağı bir yerdə məskunlaşmışıq. Sonra oradan Ağkəndə köçmüşük. Orada da çətin bir həyat yaşamaqla atamın işlədiyi Xoruzlu kəndinə köçmüşük. O vaxt mənim 2-3 yaşım var idi.
    1952-ci ildə Mirbəşir uşaq xəstəxanasında qardaşım Mehdiyev Sahib Musa oğlu anadan olaraq, 3 qardaş olmuşuq. 1952-ci ildə Mirbəşir şəhərində torpaq alıb ev tikdirmişik və orada yaşamışıq.
    Atam Mehdiyev Musa müxtəlif təşkilatlarda mühasib işləmiş, 1974-cü ildə vəfat etmişdir. Anam Mehdiyeva Simuzər evdar qadın olmuş, 2013-cü ildə vəfat etmişdir. Nənəm Şarabanı 98 yaşında rəhmətə gedib. Qardaşım Sahib də rəhmətə gedib.
    Qeyd edim ki, 1972-ci ildə əmim Mehdiyev Cəlil öz maşını ilə bizləri doğulduğumuz, yaşadığımız Əştərək rayonunun Cadqran kəndinə aparmış, bizə öz evimizi göstərmişdir. Orda təbii ki, ermənilər yaşayırdı. Əmim ermənicə yaxşı danışırdı, o dili bilirdi. Bizim kim olmağımızı onlara xatırlatdı. Bizim ata qohumlarımız Masis deyilən yerdə yaşayırdılar. Onlar da 1980-cı ildə deportasiya olunmuşlar.
    Azərbaycan xalqının dəfələrlə məruz qaldığı tarixin ən acınacaqlı səhifələrindən olan bu deportasiyaların baş qəhrəmanı İ.Stalin, eləcə də A.Mikoyan və digər erməni şovinistləri olmuşlar. Rəsmi sənədlər bunu sübut edir.
    Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində 100 mindən çox azərbaycanlının “Könüllülük” pərdəsi altında göz yaşları içərisində, itkilər verə-verə doğma yurdlarından zorla çıxarılması, sürgünə məruz qalması yaddan çıxan deyil.
    Ulu Öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-i ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanında son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımını törədənlər açıq şəkildə qeyd olunmuşlar.
    Bu gün Qərbi Azərbaycan icmasının yaranması və dədə-baba torpaqlarından qo-vulan insanların öz yurd-yuvasına qayıdışı çox vacib və bugünün aktuallığını təmin edən məsələdir.

    Həmid MEHDİYEV,
    95 saylı Tərtər Seçki Dairəsi Dairə Seçki Komissiyasının sədri

    Müəllif: Redaktor, 10:05

İsmarıclar bağlıdır.