Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    Kişilər küçəsi

    (Xatirələr)

    Tərtər çayının sahilində bir küçə var idi. Sahil küçəsi.
    Tərtərin tarixlərə şahid gözəl körpüsündən – Bərdədən, Gəncədən gələnlər körpüdən solda yerləşən bu küçəni yaxşı tanıyırdılar. İkinci dünya müharibəsinin vurduğu yaraları sağaltmağa çalışaraq yaşayan, quran insanlardan bir hissəsi də bu küçənin sakinləri idilər. Küçə avtobus vağzalından başlayaraq meşədə bitirdi. Evlərin pəncərələri, aynabəndləri Tərtərin sularına baxırdı.
    Gündüzlər günəşin, gecələr ayın şəklini çəkən Tərtərim. Bu çay və Tərtərdəki 7 Mamoy arxları həyatımızın mənbəyi idi.
    Çayın şırıltısı körpələrə bir ana laylası kimi şirin, ata nəvazişi qədər əziz idi.
    Bu küçənin insanları tikəsini bir-biri ilə bölməyi, xeyirdə-şərdə bir olmağı özlərinə həyat amalı seçmişdilər. Dadaş əmi, Yəhya müəllim, Allahverdi müəllim, Bəhram əmi, Qurban əmi, Fərman əmi, Nəriman əmi, Bulud əmi, Salman əmi, Murtuza əmi, Müseyib əmi və s.
    Toyları bir, vayları bir olan Sahil küçəsinin sakinləri elə qaynayıb-qarışmışdılar ki, bu kişilərə həm həyat yoldaşları, həm balaları, həm də qonaq-qaraları böyük ehtiramla yanaşırdılar. Küçənin birinci döngəsindəki 5 nömrəli evdə bizim ailəmiz yaşayırdı. Atam Yaqub Əsgərov Sahil küçəsinin saf insanlarından biri idi. Sözübütöv, cəld, sözünü deməkdən çəkinməyən, qızdan, gəlindən həyalı atam.
    Uşaqlar Tərtər sularında çimər, bir gülər, bir oynayardılar. Bu kişilər uşaqlar və qadınlar arasında söz-sohbətə qarışmaz, ayrıseçkilik qoymazdılar. Təndir çörəyi Sahil küçəsi balalarının ən sevdiyi çörək idi. Bu çörəyin ətrini indi də unutmamışam. Hansı evdə bişməsindən asılı olmayaraq hamı ondan, çay boyunca yüyürən, yıxılıb-duran balalar atalarının işdən dönməsini səbirsizliklə gözləyərdilər.
    Su İdarəsində mühəndis olan atamın “Moskviç” markalı maşını döngəyə dönəndə hamı maşının arxasınca yüyürər, sürücü Əvəzin qəzəbinə düçar olardı.
    1959-cu ilin yanvar ayında Bakıda keçirilən yığıncaqdan atam xəstə qayıtdı. Onu anamla birgə şəhərə müalicəyə göndərməyə gəldik. Müalicəyə göndərməyə gələn qonşular ürək-dirək verir, Allahdan şəfa diləyirdilər.
    Yox, bu gediş son səfər oldu. Atam evə qayıtmazdan bir gün əvvəl naşı və laqeyd, səhlənkar həkimin uğursuz təyinatından sonra ağır vəziyyətdə geri döndü. Mənim ucaboylu, səliqəli geyimli, üzü nurlu, təmkinli atam arxasını yerə vermişdi. Bizləri tərk etmişdi. “Ay Yaqub”- deyən kişi və qadın səsləri bu gün də qulaqlarımda səslənir. Həmin gün kişilər sırasına yeni bir kişi də əlavə olundu, 31 yaşında 32 yaşlı həyat yoldaşını itirən Həcər. Kişi qeyrətli, ağıl, təmkin, gözəllik, vüqar mücəssəməsi olan kişi Həcər. “Mənim qaynatam bircə oğlunun son nəfəsini hiss etməlidir”, – deyib böyük çətinliklə atamı gətirmişdi. Novruz bayramının qovurqaları hələ bitməmişdi. Küçənin bütün qadınları, qo-humlar bizə yığışmışdılar. Nə baş verdiyini başa düş-mək olmurdu. Kimisi həyət-bacanı səhmana salır, kimisi evdə xüsusi sahə yaradırdı. Axşam saat 7-8 arası qapımızda taksi dayandı. Atamı arxası üstə görəndə hər şey aydın oldu. Onu yatağa uzatdıq. Babam, qohum-əqraba və Sahil küçəsinin sakinləri saat 6-ya kimi atamla vidalaşmağa gəldilər. 6 aprel səhər saat 7-də atam artıq yox idi. Aynabənddən həmişə sevə-sevə seyr etdiyim Sahil küçəsi Tərtərin səsini ağı kimi eşidirdi. Qara paltarlı insanlar qarışqa kimi qaynayırdılar. Bütün Sahil kişiləri orada idi.
    Bax belə. Sizlərə qurban, Tərtərin köhnə kişiləri. Bağışlayın biz övladları. Əgər sizin qədər mehriban, səmimi deyiliksə, bağışlayın bizləri. Sizlər bir tikənizi bölərdiniz, biz sərvətimizdən pay verə bilmiriksə, bağışlayın. Sizlərə layiq olmaq çətindir. Hər evdən dünyaya səpələnən balaları bağışlayın. Sahil kişiləri, sizin nurunuzun işığına həmişə can atmışam.
    P.S. Bu səslər, bu sözlər içimdən gələn hayqırığın əks-sədasıdır. Bağışlayın bizləri, bağışlayın Sahil küçəsinin balalarını, mənim tökdüyüm göz yaşları ruhunuza qida olsun, Sahil kişiləri.

    Sona Əsgərova,
    STMED klinikasının rəhbəri,
    tibb üzrə fəlsəfə doktoru

    Müəllif: Redaktor, 11:05

İsmarıclar bağlıdır.