Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    “Yeni Tərtər” mənim üçün bir məktəbdir, jurnalistlik fəaliyyətimin ilk cığırı, media yaradıcılığımın təməl beşiyidir

    Sovet dönəmində “Qızıl Bayraq” adlandırılan bu qəzetdə ilk məqaləm 1983-cü ildə dərc olunmuşdu. Məktəbdəki bir tədbirdən bəhs etmişdim. Açığı, ağlıma gəlməzdi ki, dərc olunsun. Amma iki gün sonra yazımı səhifədə görəndə sevincim bir dünya oldu. Bu, mənə böyük həvəs, hədsiz stimul verdi. Az sonra daha bir məqalə yazdım və… Bir də gördüm ki, həftədə 3 dəfə dərc olunan qəzetdə hər həftə azı bir məqaləm işıq üzü görür.
    Adətən məqalələri məktub vasitəsilə göndərirdim. Amma bir gün daha tez dərc olunması üçün redaksiyaya özüm təqdim etmək qərarına gəldim. Məktublar şöbəsinə girəndə ilk rastlaşdığım Svetlana Əzizova oldu. Məni çox xoş qarşıladı və məqaləmi gözdən keçirdi. İlk dəfə məqalə üzərində əyani redaktə prosesini, başlığın daha cəlbedici seçilməsi praktikasına şahidlik etdim. O gündən Svetlana xanımla müntəzəm görüşüb söhbət edirdik. Həmişə, hər yerdə, hətta efirdə də vurğulamışam ki, jurnalistlik yaradıcılığımın ilk müəllimi Svetlana Əzizova olub. Əgər o, məni həvəsləndirməsəydi, özünəinam hissimi gücləndirməsəydi, bəlkə bu yolu yarımçıq buraxardım.
    Daha sonra redaksiyada Vəli Qaradağlını (İlyasovu), Svetlana Bağırovanı, mərhum Tofiq Yusifi və bir çoxlarını yaxından tanıdım. Müxtəlif ic-timai tədbirlərdə birlikdə iştirak etdik. 1986-cı ildə ilin ən çox məqaləsi çıxan məktəblisi kimi Fəxri Fərmanla təltif edildim, haqqımda məqalə yazıldı. Mən statistika toplayan adamam və rəqəmlərə istinadən deyim ki, təkcə orta məktəb illərində bu qəzetdə 84 yazım gedib. Onların arasında xırda xəbərlər, bədii yazılar, müsahibələr və reportajlar daha çox yer tutmuşdu. Orta məktəbi bitirdikdən sonra 1 il əmək fəaliyyəti ilə məşğul olarkən 23 məqaləm çıxdı. 2 il hərbi xidmətdə olanda da boş dayanmadım. 2 ildə 26 məqaləm çıxdı.
    1990-cı ildə tələbə adını alan kimi ilk baş çəkdiyim, sevincimi böldüyüm ünvan da bu qəzet olmuşdu. Tələbə olanda da ara-sıra yazılar göndərirdim. Xatırlayıram ki, 1991-ci ildə İraq-Amerika müharibəsi haqqında sırf siyasi motivli, geniş məqalə göndərmişdim. Düşünürdüm ki, verməzlər. Amma başlığını nəzərə almasaq, yazdıqlarıma toxunmadan dərc etmişdilər.
    2006-cı ildə qəzetin köhnə redaksiyasında sonuncu dəfə olmuşdum. Yeni çıxan “Seydimli şəhidləri” kitabımı Svetlana Əzizovaya hədiyyə etmişdim. Söhbət əsnasında Seydimli kənd məktəbində təqdimat edəcəyimi də demişdim – dəvət kimi yox, sadəcə məlumat kimi demişdim. Təqdimat günü tədbirdən az əvvəl bir də gördüm ki, mərhum baş redaktor Tofiq Yusif və Svetlana xanım mərasimə gəliblər. Bu addım məni çox şərəfləndirdi. Çıxışları da mükəmməl oldu (Həmin tədbirin video-çəkilişi rəhbərlik etdiyim “Sebuhi Rehimli MEDIA” You-Tube kanalında var).
    Bu günə qədər də redaksiyanın fədakar heyəti ilə təmasdayam, yenə də onlardan öyrənirəm. Arzumdur ki, bir gün bu doğma qəzetimdən geniş reportaj çəkib kanalımızda yayımlayım.
    “Yeni Tərtər” repressiya görmüş qəzetdir, haqsızlığa qarşı çıxan qəzetdir, ədalət qəzetidir, müharibə görmüş, redaksiyası bombalanmış qəzetdir, maddi sıxıntılardan, mənəvi aşınmalardan keçən mətbu orqandır. Amma nə qədər çətinliklər görsə də, bu ədalət savaşında dayanmayıb, geri çəkilməyib, hünərli, cəsarətli, Qəhrəman Tərtərin adına layiq cürətli bir qəzet olub.
    Mən də “Yeni Tərtər”in yetirməsi olaraq bu məktəbin 90 illiyi münasibətilə qəzetin fəaliyyətində ən xırda əziyyəti olanlardan tutmuş baş yazar Svetlana xanım Bağırovanı ürəkdən təbrik edirəm. Həmişə uca olun, ucalarda olun!

    Səbuhi RƏHİMLİ,
    araşdırmaçı-jurnalist, avestaşünas,
    astroloq, Qarabağ qazisi

    Müəllif: Redaktor, 11:39

İsmarıclar bağlıdır.