Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ VƏ HEYDƏR ƏLİYEV

    Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan mövzulardan biridir. Multikulturalizm ( ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər”deməkdir) sosial-mədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir. Multikulturalizm–ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
    Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti nəticəsində ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalq istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli-mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.
    Ümummilli Liderimiz milli azlıqların hüquqlarının müdafiəsi qayğısına qalmağı tövsiyə edərək demişdir: ”Çoxmillətlilik Azərbaycanın sərvətlərindən biridir və bu xalqların azərbaycanlılarla birlikdə yaşaması, normal şəkildə öz mədəniyyətlərini inkişaf etdirməsi bizim ən böyük nailiyyətimizdir”.
    Müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayır. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış Ümummilli Liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Həmin dövrdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq göstərirdi. Belə bir zamanda xalq dinindən və etnik bölgüsündən asılı olmayaraq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi.
    Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilmişdir. Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq dövləti təşkil edən etnosdan-azərbaycanlılardan və bir sıra milli azlıq-lardan, udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millət-lərdən başqa respublikamızda öz tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Təkcə Bakıda rusların, ukraynalıların, kürdlərin, ləzgilərin, slavyanların, tatların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların 20-dən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.
    Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünə məxsus adət ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün hüquqlara malikdirlər. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir. Ümummilli Lider multikultural dəyərləri bu cür izah etmişdir”: Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür… Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”.
    Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan Ulu Öndər yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir. Heydər Əliyev azərbaycançılıq ideologiyasını milli-etnik xüsusiyyətlərə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırırdı. Bu baxımdan Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər azərbaycançılıq təəssübkeşliyinin ən lakonik ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir: Hər bir insan üçün milli-mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”. Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin aprel ayında Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunmuşdur. İlham Əliyev Azərbaycanda multikulturalizm ənənəlirinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikultura-lizm ili”, 2022-ci ili Mədəniyyətimizin beşiyi olan “Şuşa ili”, 2023-cü ili Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev İli elan etmişdir. Təsadüfi deyildir ki, bu 3 çox mühim ilin bir birilə bağlılığı azərbaycançılıq ideologiyasının təbliği ilə əlaqədardır.
    İdeya Dəmirbəyli,
    ştatdankənar müxbirimiz

    Müəllif: Redaktor, 12:35

İsmarıclar bağlıdır.