Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Sen

    Prezident İlham Əliyev cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib. Görüş çərçivəsində dövlət başçısı çıxış edib.

    Qeyd olunub ki, Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi.

    Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

    Diqqətə çatdırılıb ki, otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

    Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

    Regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

    Bildirilib ki, son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər.

    İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

    Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır.

    Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.

    Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

    Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

    Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

    Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

    Türk dünyası üzvləri ilə əlaqələrimiz strateji xarakter alır

    Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

    Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.

    Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

    Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

     

    Müəllif: Redaktor, 15:18

İsmarıclar bağlıdır.