Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    Qəzetimizin 8-ci redaktoru

    Tərtər rayon qəzetinin 8-ci redaktoru Təvəkkül Əsgər oğlu Nəcəfov olub. O, düz 18 il, 1980-cı ildən 1998-ci ilədək redaksiya-ya rəhbərlik edib. Elə qəzetin “Qızıl Bayraq” adı da həmin dövrdə –1992-ci ildə dəyişdirilərək “Tərtər” qoyulub.
    Təvəkkül Əsgər oğlu Nəcəfov 1940-cı ildə Ermənistan SSR-in Əzizbəyov rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetini 1966-cı ildə kitabxanaçılıq ixtisası üzrə bitirib. İlk iş yeri Təzəkənd kənd kitabxanasıdır. Qəzetə adi bir təsadüf nəticəsində gəlsə də, ömrünü bu peşəyə həsr edib və iti qələmi, cəsarətli yazıları ilə sevilib, yaddaşlarda iz qoyub.
    Övladları danışırlar ki, Təvəkkül müəllim qəzetimizin o zamankı redaktoru Aydın Məmmədxanovla qatarda tanış olub. O zaman “Kommunizm yolu” qəzetindən yenicə ayrılmış “Qızıl Bayraq”da kadr çatışmazlığı vardı. Gənc yol yoldaşının pozitiv fikirləri, şən xarakteri Aydın müəllimin xoşuna gəlib və elə buradaca ona məsul katib vəzifəsində işləməyi təklif edib. Beləliklə, 1967-ci ildən Təvəkkül Nəcəfov qəzetdə çalışmağa başlayıb.
    1970-ci ildə onu Gəncədə çıxan “Gəncə kommunisti” qəzetinə redaktor müavini təyin ediblər, burada bir il redaktor əvəzi kimi də fəaliyyət göstərib. 1974-cü ildə Beyləqanda (o zamankı Jdanovda) çıxan rayon qəzetinin redaktoru olub. Bu vəzifədə 1980-ci ilədək, “Qızıl Bayraq” qəzetinin redaktoru təyin olunanadək çalışıb.
    1996-cı ildə Təvəkkül Nəcəfov qəzetdən ayrılaraq Tərtər Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə təyin olunub. O, SSRİ Jurnalistlər İttifaqının üzvü idi. Sovet dövrü üçün qiymətli olan bir çox təltifləri, döş nişanları vardı. Bunların arasında “Sərhəd xidmətinin əlaçısı” döş nişanı xüsusilə diqqəti çəkir. Deyirlər ki, Beyləqanda işləyərkən İranla Azərbaycan arasındakı sərhəddə xüsusi təhlükəli cinayətkarların yaxalanmasında yaxından iştirak etdiyi üçün sərhəd qoşunları komandanlığı tərəfindən təltif olunmuşdu.
    Təvəkkül müəllimin gözəl qələmi vardı. Satirik yazıları çox oxunaqlı olurdu. Amma, mən deyərdim ki, onun bir jurnalist kimi ən məhsuldar fəaliyyəti Qarabağ hadisələri başlanması dövrünə təsadüf edir. İmperiyanın sərt qanunları hələ Azərbaycanda hökm sürdüyü bir vaxtda belə, o, sözünü açıq şəkildə söyləməkdən çəkinmirdi. Bircə faktı göstərmək kifayətdir ki, 20 Yanvar hadisələrinə ilk reaksiya verənlərdən biri bizim “Qızıl bayraq” qəzeti oldu. Baş verənlər kəskin surətdə pislənildi.
    Təvəkkül müəllim xatirimizdə tələbkar müdir olmaqla yanaşı, həm də qayğıkeş və mehriban iş yoldaşı kimi qalıb. Kollektivdə hər kəsə öz doğması kimi yanaşırdı. Xüsusən uşaqlara qarşı çox həssas idi. Uşaqları kiçik olan işçilərə həmişə güzəşt edirdi.
    Təvəkkül Nəcəfov redaktorumuz olduğu dövrdə qəzetimiz böyük tirajla nəşr olunurdu, elə kollektivimiz də böyük və mehriban idi. Bayramları, xüsusən Mətbuat Gününü birlikdə qeyd edərdik, xeyirdə-şərdə bir-birimizin yanında olardıq. Rayonda qəzetin böyük nüfuzu vardı. İstər tənqidi yazılarımıza, istərsə də oçerklərə, korrespondensiyalara, zarisovkalara dərhal reaksiya verilirdi, oxucular öz rəylərini bildirir, məktub göndərirdilər. Tənqidi yazılar raykomun bürosunda müzakirə olunurdu. Beləcə 18 il Təvəkkül müəllim Tərtər rayon qə-zeti ilə birgə addımladı.
    O, 2001-ci il sentyabrın 12-də vəfat edib.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:04

İsmarıclar bağlıdır.