Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Çox istəyirdim ki, onunla doğulduğu rayonumuzun Borsunlu kəndində görüşüm, ancaq işi ilə bağlı yenə də alınmadı. Anası Dilarə xanımla, əkiz tayı olan bacısı Samirə xanımla görüşdük doğma ata ocağında. Öyrəndim ki, hamımızın sevə-sevə dinlədiyimiz, xalq mahnılarımızın, estrada mahnılarının gözəl ifaçısı Samir Piriyev bacısı ilə birgə ailənin sonbeşiyidir.
    Atası Sabir kişi sürücü olub, Allah rəhmət eləsin, kəndin sayılıb-seçilən hörmətli tutulan sakinlərindən olub. Anası Dilarə xanım isə tibb bacısıdır, hazırda təqaüddədir. Nurlu, xanım-xatın bir qadındır. Böyük qardaşı Bəhruz Bakıda yaşayır, qarmon ifaçısıdır. İkinci qardaşı Ceyhun Leninqradda, bacısı Fəridə Almaniyada, əkiz tayı olan Samirə isə Bakıda yaşayır. Çox xoş təəssürat yarandı məndə Samirin doğulub boya-başa çatdığı ailə haqqında.
    Onun haqqında məlumatlara baxıram:
    Samir Piriyev 1981-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Sonra onlar Bakı şəhərinə köçüblər. Samir Nizami rayonu 272 saylı orta məktəbdə 1-ci sinifdən 5-ci sinfə qədər oxuyub. 5-ci sinifdən təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində respublikanın Xalq artisti, Şöhrət ordenli muğam ifaçısı Əlibaba Məmmədovun sinfində davam etdirib.
    1993-cü ildə Azərbaycan televiziyasında keçirilən 7/17 musiqi telemüsabiqəsində laureat olub. 1995-ci ildən 1999-cu ilə qədər yeniyetmələr arasında cüdo idman növü ilə professional məşğul olub. 1997-ci ildən 1999-cu ilə qədər bəstəkar, professor, musiqiçi Rafiq Babayev adına orkestrin rəhbəri Səyavuş Kərimi ilə çalışıb. 1999-cu ilin aprel ayında hərbi xidmətə gedib. 2000-ci ilin noyabr ayında təxris olunub. 2001-ci ildə bəstəkar Nadir Əzimovun “Səni aradım” adlı mahnısına klip çəkdirib. 2004-cü ildən 2006-cı ilə qədər bəstəkar Vaqif Gərayzadənin “Aypara” qrupunda fəaliyyət göstərib.
    2006-cı ildə “Aypara” qrupundan ayrılıb, solo karyerasına musiqisi bəstəkar İmruzə Hüseynova, sözləri isə Asifə aid olan “Yuxu” mahnısı ilə başlayır. Bu mahnı ilə çox sevilir və tanınmağa başlayır. “Yuxu” mahnısı Samir Piriyevin vizit kartına çevrilir. 2006-cı ildən prodüser, xalq artisti Murad Dadaşovun yaratdığı “M-Group”la 2008-ci ilə qədər solo karyerasında fəaliyyətinə davam edib. 2007-ci ildə Moskvada ERA group tərəfindən Xalq şairi Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş mahnılardan ibarət “Sevgilim” adlı ilk albomunu buraxır. 2008-ci ildən 2009-cu ilədək Atv kanalında yayımlanan “Xeyir ola” verilişində Xalq artisti, pop ulduzu Aygün Kazımova ilə birgə verilişin musiqili bölümünü aparıb.
    2009-cu ildə Türkiyənin dövlət kanalı olan TRT-nin təşkil etdiyi “Sən türkülərini söylə” festivalında 175 ifa-çı arasında finala qədər gəlmişdir. 2010-cu ildə Türkiyənin məşhur Esen Müzik şirkətinin təklifi ilə “Affet kururum” adlı ikinci albomunu buraxır. Bu albomda Türkiyənin dev sənətçiləri, ən güclü səsləri olan Zerrin Özər və Nuray Hafiftaşla dueti yer alır. Həmin il Türkiyənin məşhur klip kanalı olan KRAL TV-nin təşkil etdiyi “KRAL ÖDÜLLƏRİ” nə dəvət olunub. 2010-cu ildən 2011-ci ilə qədər TRT kanalı ilə əməkdaşlıq edib.
    Piriyevin ikinci vizit kartı hesab olunan “Səma, Dəniz, Bir də Mən (SDBM)” mahnısı olur. “SDBM” mahnısının qısa adı və maraqlı klipi də çox bəyənilir və xoş təəssürat yaradır.
    Samir Piriyev ailəlidir. Üç övladı – Aişə və Fərəh adlı qızları, Nicat adlı oğlu var.
    Bu yazı vasitəsi ilə həmyerlimiz olan sevimli müğənnimizə öz ürək sözlərimizi çatdırır, ona sənətinin zirvə nöqtəsinə çatmaqda yeni-yeni uğurlar diləyirik.Və istəyirik öz ifası ilə ürəkləri fəth edən Samir Piriyev həmyerlilərinin – qəhrəman tərtərlilərin də qonağı olsun, nəhayət ki, biz onu rayon tədbirlərimizdə də görək.

    Svetlana ƏZİZOVA

    Müəllif: Redaktor, 08:52

İsmarıclar bağlıdır.