Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Zeynal Sadıqov ötən əsrin əvvəllərində Şuşa şəhərindən köçüb Tərtərə gələnlərdən olub. Elə papaqçı peşəsinə də Şuşada yiyələnmişdi. Papaq tikmək burada çox ciddi məsələ olduğundan, ustası gənc Zeynala öz peşəsini öyrətməzdən əvvəl demişdi: ”Peşələrin hamısı məsuliyyətlidir. Papaqçılıq isə xüsusilə çətin sənətdir. Axı, gör sənin zəhmətinin məhsulu kimlərin başını bəzəyəcək? Ona görə bu işdə böyük səbr və zərgər dəqiqliyi tələb olunur. Əgər bacaracaqsansa, etirazım yoxdur, gəl öyrən. Qoy bu peşə sənə hörmət gətirsin.”
    Sonralar papaqçı Zeynal daim ustadını minnətdarlıq hissi ilə xatırlayır və övladlarına deyirdi:
    –Allah o kişiyə rəhmət eləsin, bu çörəyi o mənə verib.
    Papaq Azərbaycanda kişilik, namus, qeyrət rəmzi hesab olunur. Köhnə kişilər papaq tikdirməyə çox diqqətlə yanaşırdılar. Təsadüfi deyil ki, Zeynal kişinin yanına təkcə Tərtərdən deyil, ətraf rayonlardan, o cümlədən Laçından, Kəlbəcərdən gələnlər olurdu. Qızı Sənubər xanım deyir ki, rəhmətlik Aşıq Şəmşir ildə bir dəfə ailəmizin qonağı olurdu. Həmin vaxt bizə çoxlu qonaq toplaşardı.Atam, aşığın papağını tikib hazırlayana qədər, o, qonaqlarla söhbət edər, hərdən bir sazını da əlinə alardı. Bunlar çox unudulmaz axşamlar idi. Laçının Minkənd kəndindən də qonaqlarımız olurdu. Yadımdadır ki, onlar çox hörmətli qonaqlar idi və atamın işini həmişə bəyənirdilər.
    Şəhərimizin indiki Heydər Əliyev prospektində, köhnə hamamın yerində Zeynal kişinin balaca bir köşkü vardı. O zaman Tərtərin əhalisi də o qədər çox deyildi. Papaqçı Zeynal köşkün qarşısından keçənlərin hamısını tanıyırdı, kimin necə dolandığını da yaxşı bilirdi. Odur ki, hər dəfə təzə bir papaq tikib müştəridən pulunu alanda, ehtiyacı olanlara əl tuturdu.
    Deyilənə görə , ayda bir dəfə o, əlinin zəhmətini toplayıb dağ rayonlarına gedər, papaqlarını orada satardı. Pulu olan pul, olmayan bal, yağ, dağ meyvələrindən verib papaqçını yola salarmışlar.
    Beləcə Zeynal kişinin papaqları Azərbaycandakı bir çox qeyrətli kişilərin başını bəzəmişdi.
    Onun övladlarından bir neçəsi uşaq ikən vəfat etmişdi. Sonradan 3 oğlu və yeganə qızı Sənubər qalıb. Sənubərin oğlu Arif I Qarabağ müharibəsində babasının çox gedib-gəldiyi yerlərdə döyüşüb və şəhidlik zirvəsinə ucalıb.
    Papaqçı Zeynal 1970-ci ildə vəfat edib.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.