Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Okt

    Cavid Səfərov 24 yanvar 2005-ci ildə rayonumuzun Seydimli kəndində dünyaya gəlib. 5-ci sinfə qədər bu kənddə təhsil alıb. Sonra isə təhsilini şəhər 1 saylı tam orta məktəbində davam etdirib.
    Anası Günel xanım deyir ki, məktəbi dəyişməsinin əsas səbəbi rus dilini öyrənmək arzusu olub. Günel xanımın söhbətindən:
    –Cavidin çox arzuları vardı. Rus dilini yaxşı öyrənmək, xaricdə təhsil almaq istəyirdi. Ancaq özündən əvvəl ailəmizi düşünürdü. Gücü çatdığı qədər kömək etməyə çalışırdı. Ona görə vaxtından tez böyümüşdü balam. Uşaqikən kövrək çiyinlərinə o qədər qayğı götürmüşdü ki!
    Şəhər 1 saylı tam orta məktəbin direktor müavini Ziyafət Rüstəmova isə Cavid haqqında belə danışdı:
    –Onun şəhid olması xəbəri müəllim və şagird kollektivini çox sarsıtdı. Axı, onun uşaqlığı, yeniyetməliyi gözlərimiz önündə keçmişdi! Çox qaynar, eyni zamanda saf uşaq idi. Anasına, bacısına kömək etmək üçün ən ağır işlərdən yapışırdı. Bundan ötrü bəzən öz istəklərini, arzularını kənara qoyur, deyirdi ki, vaxt gələcək mən imkan verməyəcəm ki, onlar nədənsə korluq çəksinlər.
    O, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdı. Andiçmə mərasiminə qədər anası bir neçə dəfə yanına gedib, görüşmüşdü. Ancaq Cavid heç cür buna yol vermək istəmirdi. “Mən yaxşıyam, burda hər şey qaydasındadır deyib”, – onu sakitləşdirirdi.
    Sonradan Laçın, Qubadlı istiqamətində xidmət edib. Qaynarlığı, qorxmazlığı, dözümlülüyü komandirləri tərəfindən çox bəyənilib və hətta ona, müddətli həqiqi xidmətini başa vurandan sonra da Orduda qalmaq təklif olunub.
    Bacısı Ləman danışır ki, Cavid məzuniyyətə gələndə elə dəyişmişdi ki! Sevinə-sevinə bildirdi ki, komandoda xidmət edəcəm, ilk maaşımı alanda anamın və sənin arzularınızı yerinə yetirəcəyəm.
    Ailədə bizə onu da bildirdilər ki, Cavidin babası Şahvələd kişi I Qarabağ müharibəsi iştirakçısı idi. Cavidin çox qısa, lakin mənalı və şərəfli ömründə babanın xüsusi yeri olub. Elə Vətənə bağlılıq, Ordu həyatına həvəs də Cavidə Şahvələd kişidən keçib.
    Günel ananın dediklərindən:
    – Hadisədən təxminən 10 gün əvvəl zəng eləmişdi. Evimiz üçün darıxmışdı, ancaq bunu hiss elətdirmək istəmirdi. Bir-bir hamını, hər şeyi, hətta nə bişirdiyimizi belə soruşdu… Sonra nədənsə ciddiləşdi və dedi ki, ana, ordu həyatıdır, sabah nə olacağını heç kim bilmir, əgər şəhid olsam, ağlama… İndi onun sevdiyi xörəkləri bişirə bilmirəm, ətrini isə paltarlarından alıram.
    Cavid və onun kimi oğullar ailədə, məktəbdə vətənpərvərlik ruhunda böyümüşdülər. Ona görə də Ali Baş Komandanın əmri ilə düşmənin üstünə qəhrəman kimi getdilər, şəhid oldular və adlarını əbədilik tariximizə yazdılar.

    Səhifənin materiallarını hazırladı: Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.