Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Okt

    Qaradağlı kəndində bir ana var. 15 il ona hərbçi anası, komandir anası deyiblər. İndi şəhid anası kimi çox ağır, ağır olduğu qədər də şərəfli adı var Zümrüd xanımın.
    O isə yenə də özünü hərbçi anası bilir. Hər səhər, əvvəllər olduğu kimi saat 5-də oyanıb çay qoyur, süfrə hazırlayır, sonra darvazadan yola çıxıb oğlunu gözləyir.
    – Bu 15 ildə sanki Elnur yox, ailəmizin hər bir üzvü orduda xidmət edib. Neçə-neçə döyüşdən çıxıb Elnur, biz də onunla bərabər yuxu biməmişik, onun telefon zəngləri ilə yaşamışıq, – deyir Zümrüd ana.
    İbrahimov Elnur Səxavət oğlu 1990-cı il 13 noyabr tarixində rayonumuzun Qaradağlı kəndində dünyaya gəlib. Ailədə bir qardaş, bir bacı olublar. Elnur 2008-ci ildə Qaradağlı kənd tam orta məktəbini bitirib. Bibisi, həm də məktəb müəllimi olmuş Bəsti müəllim deyir ki, Elnur orta məktəb illərindən olduqca vətənpərvər idi. Həm də qohumcanlı, mehriban, hamının köməyinə tələsən, xeyirdə-şərdə yaxından iştirak edən bir gənc kimi kənd camaatının hörmətini qazanmışdı.
    Müddətli həqiqi hərbi xidmətini Bakının Xızı rayonunda keçib. Valideynləri deyirlər ki, 2009-cu ildə onu orduya yola salıblar, 2010-cu ilin yayında qayıdıb. Bu müddətdə ailəyə nümunəvi xidməti haqqında yalnız xoş soraqlar gəlib. Atası Səxavət müəllim deyir ki, Elnur heç vaxt bizə əziyyət verməyib. Əksinə həmişə çətin yolu seçib və özü hər bir çətinliyin öhdəsindən layiqincə gələrək, daim irəliləyib. Nigaran qaldığımızı görüb deyirdi ki, mənim amalım yalnız öz ailəmin deyil, Vətənimin, xalqımın rahat yaşamasıdır.
    Gizirlik kursunu bitirən Elnur İbrahimov Azərbaycan Ordusunun həyata keçirdiyi bir çox uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub. O, 2016-cı ilin Aprel hadisələrində, 44 günlük Vətən müharibəsində, Qisas əməliyyatında və digərlərində şücaət göstərib, üzərinə düşən vəzifəni böyük dəqiqliklə yerinə yetirib.
    14 il 6 ay onunla birgə xidmət edən Elxan Orucov bu barədə belə deyir:
    –Elnur maddi-texniki təminat üzrə tağım komandiri idi. Uzun illərin təcrübəsi ona ehtiyatlı olmağı öyrətmişdi. Çünki düşmən ən çox təminat nöqtələrini vurmağa, silah-sursatı sıradan çıxarmağa səy göstərirdi.
    Ancaq həmin gün qorxaqcasına qaçan düşmənin atdığı son mərmilərdən birinin qəlpələri əsgərlərimizə sursat və yemək gətirən bir neçə nəfəri, hətta təcili yardım maşınının sürücüsünü də yaraladı. Elnur da ağır qəlpə yaraları alaraq Bərdə xəstəxanasına, oradan isə Gəncəyə aparıldı.
    İgid hərbçimiz düz bir həftə koma vəziyyətində yaşadı. Həkimlərin bütün səylərinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmadı.
    Döyüş yoldaşı onu da bildirdi ki, bu hadisə Ağdamda Çobandağ istiqamətində baş vermişdi.
    Elnur İbrahimov sağlığında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalına layiq görülüb. O, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdu.
    Elnur sentyabrın 25-də rayon rəhbərliyinin, şəhid ailələrinin və qazilərin, döyüş yoldaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qaradağlı kənd qəbristanlığında dəfn olunub.

    Müəllif: Redaktor, 10:43

İsmarıclar bağlıdır.