Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Okt

    Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb.
    44 günlük Vətən müharibəsi başlayanda Emin də haqq savaşına qoşulub. Müharibədən sağ-salamat, qələbə ilə qayıdıb, bu münasibətlə ailədə qurbanlar kəsilib. “Bircə Eminin toyunu da görsəydim”, – deyib Zərifə nənə.
    Ancaq Emin hələlik toy barədə düşünmürdü. Ordu həyatı onu elə cəlb etmişdi ki, Komando Təməl Kurslarına yazılıb, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmək istəyirdi.
    Atası Faiq müəllim deyir:
    –2021-ci ilin iyun ayında Emini Komando Təməl Kurslarından keçmək üçün qardaş Türkiyə Respublikasına yola saldıq. İyunun 21-dən həmin ilin avqust ayının 13-dək kursda iştirak etdi. Sanki komando üçün yaranmışdı! Komandirləri ondan o qədər razılıq edirdilər ki!
    Emin özü söyləyirdi ki, heç bir düşmən komando döyüşçülərinin qarşısında tab gətirə bilməz. Bunu 2022-ci ilin 12 sentyabrında Azərbaycan-Ermənistan Dövlət Sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısının alınması əməliyyatı da göstərdi. Emin bu döyüşlərdə də Vətənin sadiq əsgəri kimi iştirak etmişdir.
    Türkiyədəki təlim kurslarından sonra Emin 17 fevral 2022-ci il tarixdən 6 may 2022-ci il tarixədək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlimlərdə olub. Kəşfiyyat tağım komandirinin müavini idi. Cəngavər görkəmli bu oğlanı yoldaşları həm də yumşaq, təmiz ürəyinə görə sevirdilər. Kəşfiyyata gedəndə bütün təhlükəni, ağırlığı öz üzərinə götürər, əsgərləri qoruyardı.
    Hətta toy edib sevgilisini evlərinə gətirəndən sonra da bu əqidədən dönmədi. “Gözlə, sevgilim, qayıdacağam”, – deyib, hərbi hissəyə yollandı. Ağdam istiqamətindən Ağdərəyə gedən yolda namərd düşmənin atdığı mərminin qəlpələri onun bu arzusunu ürəyində qoydu. Ancaq milyonlarla azərbaycanlının ümidləri, arzuları, yuxuları çin oldu, ölkəmiz öz suverenliyini tam bərpa etdi. Xalqımız bu yolda canlarını fəda etmiş, şəhidlik zirvəsinə ucalmış oğullarını heç zaman unutmayacaq.
    Emin Abbaszadə 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına” görə medalına layiq görülüb. O, həm də “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdu.

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.