Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Noy

    Jurnalistikada qazandığım çoxsaylı uğurlarıma görə “Yeni Tərtər” qəzetinə borcluyam

    Yaxşı xatirimdədir. Hələ tarixə gömülmüş keçmiş SSRİ dövründə doğulub boya-başa çatdığım keçmiş Mirbəşir, indiki Tərtər rayonunda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu. Rayon zəhmətkeşlərinə, qabaqcıl əmək kollektivlərinə, mədəniyyət və incəsənət işçilərinə, yaradıcı insanlara, istedadlara geniş yer verildiyindən qəzetin yerli əhali arasında nüfuzu çox böyük idi. Mən də orta məktəbdə  təhsil almağıma baxmayaraq, onun hər nömrəsini acgözlüklə oxuyardım. Ən çox bəyəndiyim isə orta məktəb şagirdlərinin oxucu məktubları idi. Hər dəfə məqalələrini maraqla oxuduğum məktəbli həmkarlarıma istər-istəməz həsəd aparırdım.  Nəhayət, bir gün əlimə qələm almaq və məqalə yazmaq keçdi könlümdən. Və…
    1988-ci ilin payız ayları idi. 12 yaşım var idi. Rayonun digər məktəbliləri kimi biz də pambıq yığımı ilə əlaqədar tətilə buraxılmışdıq. Həmin dövrlərdə daha çox “ağ qızıl” yığan kolxozçular haqqında “Qızıl Bayraq” qəzetində şəkilli məqalələr dərc olunurdu.  Mən də doğma kəndimiz Seydimlinin pambıqçıları barədə məqalə yazmaq fikrinə düşdüm. Bir dəftər səhifəsi boyda hazırladığım yazını qəzetin redaksiyasına göndərdim. İki gündən sonra məqaləmin düzəliş edilməklə “Qızıl Bayraq”da dərc olunduğunu görəndə sevincimin həddi-hüdudu yox idi. Göyün yeddinci qatına uçmaq üçün ikicə qanadım çatışmırdı.  İlk uğurum məni qələmə sarılmağa, yeni-yeni yazılar yazmağa məcbur etdi. Redaksiyaya ünvanladığım növbəti yazılarımda kəndimizin qabaqcıl əməkçiləri barədə yazmağa və çap olunmağa başladım.
    Tətilimizi başa vurub yenidən məktəbə qayıtdıqdan sonra nizam-intizamlı, əlaçı şagirdlər haqqında yazmağı düşündüm. Bu dəfə qərara aldım ki, məqaləmi “Qızıl Bayraq” qəzetinə şəxsən təqdim edim…
    Redaksiyanın yerləşdiyi binanın qarşısında dayandım. Tərəddüd içindəydim. İçəri necə daxil olmağımı, yazımı kimə təqdim edəcəyimi bilmirdim.  Bir neçə dəqiqəlik sükutdan sonra özümü güclə toplayıb qapıya yaxınlaşdım. Elə bu zaman qapı açıldı və bir xanım bayıra çıxdı. Təxminən 19-20 yaşı olardı. Gözlərinə qara rəngə çalan eynək taxmışdı. Nabələd olduğumu duyub kimi axtardığımı soruşdu. Utana-utana, “Seydimlidən gəlmişəm, yazı gətirmişəm”, – dedim.
    – Lap yaxşı, – dedi. Məni başdan-ayağa kimi süzdü.
    – Adın nədir?
    – Təbriz.
    – Hə, tanıdım, sənin yazılarını mən oxuyuram. Utanma, yazını ver görüm.
    Sıxıla-sıxıla əlimdəki qatlanmış dəftər vərəqini ona uzatdım. Aldı, açıb bir qədər oxuduqdan sonra vərəqi qatladı.
    – Narahat olma, çap elətdirəcəm. Yenə yazarsan. Nə vaxt gəlsən məni soruşarsan. Adım Svetlanadır. Bizdə iki Svetlana var, biri mənəm, familiyam Əzizovadır, adaşımın familiyası isə Bağırovadır.
    Təşəkkür edib sağollaşdım və kəndə qayıtdım. İlk görüş məndə elə xoş təəssürat yaratdı ki, bu sətirləri yazar-kən də onu sözlə tərənnüm edə bilmirəm.
    Dərslərimin çoxluğu ucbatından redaksiyaya getməyə vaxt tapa bilməsəm də, hərdən məqalə göndərir və çap olunurdum. Yaxşı xatırlayıram, bir dəfə bir sinif yoldaşımla təsadüfən redaksiyanın qarşısından keçərkən gözləmədiyim anda Svetlana xanımla üz-üzə gəldik. Salamlaşdıq. Gülə-gülə soruşdu:
    – Məqalə gətirmisən?
    Sanki günah işləmiş adamlar kimi xəcalətimdən nə deyəcəyimi bilmədim, susdum. Yazı gətirmədiyimi başa düşən Svetlana xanım sükutu pozdu.
    – Eybi yoxdur, yazıb göndərərsən. Bilirəm, sənin jurnalistikaya həvəsin çoxdur.  Qələmin də yaxşıdır. İşi yavaş-yavaş öyrənirsən. Böyüyəndə yaxşı jurnalist olacaqsan.
    Həmin vaxtlar onun inamla, böyük ümidlə dediyi sözlərin fərqinə varma-sam da, ağlıma gəlməzdi ki, illər ötəcək, Svetlana xanımın proqnozu özünü doğruldacaq…
    Sağollaşıb ayrıldıq.
    Dərslərimin və işlərimin çoxluğu üzündən yalnız redaksiyaya məktub göndərməklə kifayətlənirdim. Bu minvalla bir müddət keçdi. “Qızıl Bayraq” qəzetinin adını dəyişdirib “Tərtər” qoydular. Həmin ərəfədə də bir neçə məqaləmi Svetlana xanım  qəzetdə çap elətdirmişdi. Bir müddətdən sonra Bakıda yerləşən 1 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseydə orta təhsilimi davam etdirmək üçün paytaxta gəldim. Ona görə də “Tərtər” qəzeti ilə əlaqələrim birdəfəlik kəsildi. Ali təhsil illərində yalnız Bakıdakı qəzetlərlə əlaqə saxlayırdım.
    Bir dəfə yay tətilində rayona getmişdim. Redaksiyaya baş çəkməyə gedərkən eşitdiyim şok xəbər məni xeyli sarsıtdı. “Tərtər” qəzeti fəaliyyətini dayandırmışdı. Həmişə oxucuların,  məqaləsini dərc etdirmək istəyənlərin, şikayətçilərin əlindən iynə atılsa yerə düşməyən redaksiyada indi ölü bir sükut, kabus hökm sürürdü. Qıfılı bağlı qapıya baxıb dərindən köks ötürdüm. Mənim üçün ilk jurnalistika məktəbi olmuş redaksiyanın nə vaxt açılacağını səbirsizliklə gözləyə-gözləyə illəri bir-birinə calamağa başladım.
    Azərbaycan Jurnalistlərinin IV Qurultayında tərtərli həmkarım Elçin Bilaloğlu məni haqqında çox eşitdiyim tanınmış jurnalist-şair Tofiq Yusiflə tanış etdi.
    – Tanış ol,  bu da sənin eloğlundur, “Yeni Tərtər” qəzetinin baş redaktorudur.
    Eşitdiklərimə inana bilmədim, çox təəcübləndim.
    – “Yeni Tərtər” qəzeti?
    – Bəli, rayon qəzetini indi bu adla buraxırıq. Redaksiya əvvəlki ünvanda yerləşir. İcra başçısı Vidadi müəllim ofisi təmir elətdirib, qəzetin nəşrinə yaxından köməklik edir.
    Həm eşitdiklərimdən,  həm də Tofiq müəllimlə tanışlığımdan çox məmnun oldum. Söz verdim ki, rayona gedən-də hökmən redaksiyaya baş çəkəcəyəm…
    Hər dəfə rayonumuza gedəndə doğ-ma qəzetimizin redaksiyasına baş çəkir, ustadım, müəlliməm Svetlana Əzizova və digər həmkarlarımla həmsöhbət olur, müxtəlif məsələlər barədə müzakirələr və fikir mübadiləsi aparırdıq…
    Mən həmişə demişəm, deyirəm və deyəcəm də: “Həyatım boyunca qa-zandığım uğurlarıma görə müəllimlərimə borcluyam”.
    Azərbaycanda 99 diplom-mükafat alan və Azərbaycan Mətbuat Şurasında 40 yaşı dövlət səviyyəsində qeyd olunan yeganə jurnalist, bu günədək yalnız 2010-cu ildə təşkil olunmuş “İlin ən yaxşı vətənpərvər jurnalisti nominasiyası üzrə” qızıl və diplomun sahibi, ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə dövlət başçısı tərəfindən mənzillə təmin olunmuş mətbuat nümayəndəsi  və digər çoxsaylı titullara layiq görülmüş bir yazar kimi qazandığım uğurlarıma görə ustadım, müəlliməm Svetlana Əzizovaya və keçmiş “Qızıl Bayraq”, indiki “Yeni Tərtər” qəzetinə borcluyam…
    Qarşıdan doğma qəzetimizin 90 illik yubileyi gəlir. Ürək sözlərim çoxdur. Arzu edirəm ki, “Yeni Tərtər” qəzeti respublikamızın ən tanınmış qəzetlərindən biri olsun. O gün olsun qəzetimizin 100 illiyi, 150 illiyi, 200 illiyi, əsrlər boyunca yubiley illəri keçirilsin. “Yeni Tərtər” qəzetinin kollektivini də yubiley münasibəti ilə təbrik edirəm. Hörmətli həmkarlarıma, doğma kollektivimin üzvlərinə həyatda ən gözəl nemət olan cansağlığı və uzun ömür, bol-bol uğurlar arzulayıram. Əzizlərim, həyatın bütün şirinliklərini, ecazkar gözəlliklərini, dadından doya bilməyəcəyiniz duyğuları sizə diləyirəm. Qoy möcüzələrlə dolu dünyanın bir sirr qapısı da sizin üçün açılsın. Hər doğan Günəş xoşbəxtliyiniz, hər yağan yağış aydınlığınız, hər yağan qar cansağlığınız, sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Həmişə belə təravətli, gümrah və gülümsər qalmağınızı, səmimi və mehriban olmağınızı istəyirəm. Vərəqlənən ömrünüzün hər səhifəsi qürurlu və fəxarətli olsun. Qələminiz qılıncdan iti, kəsərli olsun. Qoy Ulu Tanrı sizi bizə, oxucularınıza,  bizi də sizə çox görməsin. Amin!

    Təbriz VƏFALI,
    Tədqiqatçı jurnalist, yazıçı-şair, publisist, Azərbaycan Yazıçılar
    Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan İnformasiya Mərkəzinin
    direktoru, analoq.az saytının baş redaktoru

    Müəllif: Redaktor, 09:11

İsmarıclar bağlıdır.