Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Yan

     

     

     

     

     

     

     

     

    Medianın İnkişafı Agentliyi tərəfindən Yeni ilqabağı regionlarda fəaliyyət göstərən  jurnalistlərin Şuşaya təşkil olunan səfəri bizlər üçün ən böyük hədiyyə oldu. Səfərdə Azərbaycanımızın hər tərəfindən – şimal, cənub, qərb bölgələrindən 100-ə yaxın media nümayəndəsi iştirak edirdi. Biz əvvəllər də müxtəlif tədbirlərdə – Bakıda, Gəncədə, digər şəhərlərdə bir yedə olmuşduq. Ancaq heç vaxt Şuşadakı kimi bir-birimizə bu qədər yaxın, doğma deyildik, ürəklərimiz bir ahənglə vururdu, fikirlərimiz, hisslərimiz eyni idi.  Bu,  gözəl  Şuşamızın ovsunundan irəli gəlirdi.
    Bu sətirləri yazarkən tez-tez televiziyadan, mətbuatdan eşitdiyim bir fikir yadıma düşdü. Deyirlər ki, müxtəlif ən güclü dövlətlərin hərbi məktəblərində Azərbaycan Ordusunun  Şuşa əməliyyatı öyrənilir. Bu, mümkündür. Onlar əməliyyatın keçirilməsinin müxtəlif detallarını, taktikasını bizdən götürə bilərlər. Ancaq mənimsəyə bilməyəcəkləri bir şey olacaq ki, o da  Şuşamızın  bizi birləşdirmək sehridir, vətənin bütövlüyü uğrunda öz canından belə tərəddüdsüz keçmək istəyidir. O sıldırım qayalara baxanda hər birimiz bir daha buna əmin olduq ki, sonsuz vətən məhəbbəti, yenilməz birlik mümkünsüzü mümkün etməyə qadirdir. Və nə qədər böyük Vətən məhəbbəti, necə güclü birlik lazımdır ki, insan inanılmaz möcüzə göstərsin. Müzəffər Ali Baş Komandanın əmrini alan o oğullar bunu bacardılar. Yuxarıda Allah,  aşağıda  Şuşanın timsalında vətən eşqi onlara bu işdə kömək oldu.
    İşğaldan azad edilmiş torpaqlara ayaq basdığımız ilk dəqiqələrdən bu yerləri bizə yenidən qaytaran igidlərə sonsuz təşəkkür hissi qəlbimizi bürüdü. İlk dualarımız da elə onlar üçün idi – “dəmir yumruq” ətrafında xalqımızı birləşdirən Ali Baş Komandana, cənnətdən boylanan şəhid ruhlarına, qazilərimizə və hər bir Azərbaycan əsgərinə, zabitinə.
    Yəqin ki,  Şuşa azad ediləndən sonra televiziya ekranlarında gördüyümüz Gövhər ağa məscidinin ürəkağrıdan görkəmi heç birimizin yadından çıxmayıb. Vəhşi ermənilər müqəddəs məkanda hansı oyunlardan çıxmamışdılar? İndi isə…  Gördüyümüz mənzərə o qədər möhtəşəm idi ki! Bu yerdə məscidi tikdirən Gövhər ağa haqqında eşitdiyim bir söhbət yadıma düşdü. Deyilənə görə, o, iki dəfə ailə qurmuş, lakin övladı olmamışdı. Özünün maddi dəstəyi ilə məscid tikdirən Gövhər ağa şuşalılara bu müqəddəs məkanın onun övladı olduğunu söyləmiş və qorumağı tapşırmışdı.
    Bütün rahatsız ruhlar kimi Gövhər ağanın da ruhu indi şaddır. O, bir uşaq həsrəti ilə yaşamışdı, indi isə adını daşıyan məsciddə ürək çırpıntıları ilə ibadət edən hər kəs özünü onun övladı hesab edir, təbii ki, bu mədəniyyət incisini yüksək səviyyədə təmir etdirən, qədimliyinin və özünəməxsusluğunun qorunub saxlanmasına nail oan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dualar edə-edə…
    Bizə də bu müqəddəs məkanda dualar etmək nəsib oldu və həmin dəqiqələri ömrümün ən unudulmaz anları sayıram. Sayıram həm də ona görə ki, Şuşanı xalqımızın milli sərvəti hesab edən Ümummilli Lider Heydər Əliyevə, şəhidlərimizə dualar etdim. Allahdan ata vəsiyyətini şərəflə yerinə yetirən, çətin bir dünyada Azərbaycanı əmin-amanlıq, inkişaf, tərəqqi məkanına çevirən Prezidentimizə cansağlığı, uzun ömür arzuladım, Vətənimizin daha abad, xalqımızın həmişə bir olmasını dilədim.
    Cıdır düzü! Biz onu həmişə sevmişik. Həmişə onunla öyünmüşük. Elə bu sevgiyə görədir ki, igidlərimiz düşmənin onun üzərindəki murdar ayaq izlərini öz qanları ilə yudular, müqəddəs torpağımızın Cıdır düzünü də bizlərə qaytardılar.
    Cıdır düzündən Topxana meşəsini seyr etmək hər birimizin arzusu idi. Bu mənzərədən doya bilmirdik. Axı bu o meşə idi ki, düşmən buradakı ağacları doğramaqla azərbaycanlıların heysiyyətinə toxunmaq istəyirdi. İndi isə Topxana meşəsi sakit və rahat görünürdü. Çünki doğmalarının əhatəsindəydi.
    Səfər çərçivəsində biz həmçinin Vaqifin möhtəşəm məqbərəsini ziyarət etdik və buradakı gözəllikdən ruhumuz dincəldi. Hələ sovetlər dönəmində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və keçmişimizə,  milli mədəniyyətimizə  böyük hörmət və ehtiramın nümunəsi olan bu məqbərə də Şuşanın digər tikililəri kimi işğal dövründə dağıdılıb tanınmaz hala salınmışdı. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra mədəniyyət abidəsi Prezident İlham Əliyevin sərəncamı əsasında təmir olundu. Hazırda həm xarici, həm də yerli turistlər Şuşaya gələrkən mütləq bu məqbərəni ziyarət edirlər.
    İsa bulağında gəzintimiz də səfərimizin unudulmaz anlarından oldu. Kimi illərlə arzusunda olduğu o bulağın suyundan içdi, kimisi isə evdəkilərə aparmaq üçün götürdü. Ətrafdakı əsrarəngiz mənzərə isə bizi bir daha təbiətlə birləşdirdi.
    1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş Şuşa qalasının üç əsas qapısı olmuşdur – Gəncə, İrəvan və Ağoğlan. Biz Gəncə qapısına getdik. Şuşa qalasının bu qapıdan çıxan yolu şəhəri Gəncə şəhəri ilə birləşdirirdi. Biz orada olarkən artıq şər qarışırdı.  Bu yerdən Xankəndi şəhəri, Xocalı və digər yaşayış məntəqələrimiz aydın görünürdü. Hər yanda işıqlarımz yanırdı. Bizim öz işıqlarımız!  Bu mənzərə o qədər təsiredici idi ki… Nəhayət, həsrət qaldığımız bütün şəhər və kəndlərimizdə öz işıqlarımız yanır, bu yerlərə həyat qayıdır. Keçmişdə deyirdilər ki,  yaxşı oğul ata evinin çırağını yandırar.  Bizim Prezidentimiz isə bir yox, milyonlarla  evin çırağını yandırmışdır.
    Atam Bilal Bağırov şuşalı idi. Ailəsi ticarətlə məşğul olduğu ücün vaxtaşırı Tərtərə gələrdilər və sonradan da burada məskunlaşmışdılar. Mən onu itirəndə cəmi 2 yaşım vardı. Atamdan mənə qalan ən böyük sərvət tez-tez eşitdiyim bu sözlər idi: “Şuşalı Bilalın qızıdır”. Bu sözlər məni xoşbəxt etmək üçün kifayət idi. Ata yurdumu ziyarət edərkən hansı hissləri keçirdiyimi təsəvvür etmək çətin deyil. Xüsusən də düşmən tərəfindən dağıdılmış, yalnız uçuq divarları qalmış evlərə baxarkən  düşünürdüm: “İlahi, görəsən bu divarlardan hansına mənim atamın, nənəmin, babamın nəfəsi hopub?”  Amma fərqi yoxdur, bu evlərdə yaşayanların hamısı mənim doğmalarım olublar və ən yaxşısı budur ki, onlar tezliklə qayıdacaqlar. Şuşa yenidən tikilir. Biz bunun şahidi olduq və qürur duyduq.  Bu gün Şuşada müasirliklə onun öz qədim üslubu vəhdət təşkil edir.
    Biz – Şuşaya səfər edən 100 jurnalist burada görülən işlərə heyran qaldıq. Bu heyranlıqla da Zəfər yolu ilə geri dönüb hər birimiz öz şəhərimizə, rayonumuza, kəndimizə bir Şuşa sevgisi apardıq.

    Svetlana BİLALQIZI,
    “Yeni Tərtər” qəzetinin redaktoru

                                                                                                                                                  “Azərbaycan” qəzeti

     

    Müəllif: Redaktor, 11:17

İsmarıclar bağlıdır.