Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Yan

    Əsas hədəflərdən biri “Böyük Qayıdış” konsepsiyasıdır

    Heydər Əliyev Azərbaycan təhsilinin inkişafı tarixindən danışarkən onun keçdiyi yollara nəzər salmağı, hər şeyə obyektiv yanaşmağı vacib sayırdı. Azərbaycan müəllimlərinin XI qurultayında dediyi belə bir konseptual fikir də məhz bunu təsdiq edir. O xatırladırdı ki, “… xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik”.
    15-16 dekabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunduğu vaxtda keçirilən ilk qurultaydır.
    Bu qurultayın iki gün davam etməsi və panel müzakirələr əvvəlki qurultaylardan fərqlənirdi. Xüsusilə panel müzakirələrin çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm.
    Burada ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin təmsil olunması təhsilin pillələri arasında əlaqələri qurmağa da kömək edən bir vasitədir.
    Müəllimlərə birinci gün rəsmi şəxslərlə görüşmək və öz fikir və təkliflərini çatdırmaq imkanlarının verilməsi Azərbaycan təhsilinin inkişafına yönəlib.
    Qurultayın qətnaməsini təhlil edəndə görürük ki, “Böyük Qayıdış” konsepsiyası əsas hədəflərdən biridir.
    Eyni zamanda növbəti 5 il üçün müəllimlərin qarşısına hədəflərin qoyulması Azərbaycan təhsilinə təkan verəcək bir addımdır.
    Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.
    Ana babam Kərimov Səlim Məşədi Ələsgər oğlu Azərbaycan müəllimlərinin IV (1925-ci il) və V qurultaylarının (1931-ci il) iştirakçısı olub. Səlim müəllim əmisi oğlu Zülfüqar Kərimovla bərabər Tərtər rayonunda indiki Peşə Liseyinin həyətində 1924-cü ildə öz vəsaitləri hesabına ŞEKAYM (ŞKOLA KREST-YANSKOY MOLODYOJİ, yəni kəndli gənclər məktəbi ) adlı məktəb tikdirmişlər. 100 il bundan əvvəl Tərtər təhsilinin inkişafında xüsusi rolu olan Səlim müəllimin nəticəsi olaraq, onun 4-cü və 5-ci qurultayda iştirakından sonra, Azərbaycan müəllimlərinin 16-cı qurultayında iştirak edərkən həqiqətən də qürurverici anlar yaşadım.
    Cənab nazir yüksək tribunadan qeyd etdi ki, bu gün ucqar kənd məktəblərində belə olimpiada qalibləri var və savadlı şagirdlər yetişir. Bu yolda mənim də payım olduğu üçün, sanki o sözlərin mənə də deyildiyini hiss edirdim. Bu mənim növbəti illərdə növbəti qurultaya qədər və ondan sonrakı dövrdə təhsildə gördüyüm işləri sürətləndirəcək.
    Qurultayın açılışında şəhid müəllimlərin şəkilləri ekranda videoçarx formasında göstərildi. Ulu Öndərin təhsilin inkişafı ilə bağlı gördüyü işlər barədə videoçarxa baxdıq və müəllimlər haqqında dediyi sözləri dinlədik: “Müəllimlik şərəfli bir sənətdir. Azərbaycan müəllimləri ən yüksək adı ləyaqətlə daşıyırlar. Mən həmişə müəllimlərimizin əməyinə hörmətlə yanaşmışam. Bu gün də Azərbaycan müəllimlərinə cəmiyyətin inkişafı naminə göstərdikləri fədakarlığa görə öz adımdan, bütün xalqımız adından minnətdarlığımı bildirirəm. Biz hamımız Azərbaycan məktəbinə, Azərbaycan müəllimlərinə, Azərbaycan təhsil işçilərinə borcluyuq”.
    Həqiqətən də çox gözəl mənzərə idi. Bugün də təhsil sahəsində ölkə Prezidenti İlham Əliyevin və Birinci vitseprezident Mehriban xanım Əliyevanın gördüyü işlər danılmazdı. Bunların hamısı videoçarx formasında qurultay iştirakçılarına göstərildi və ölkə Prezidentinin təbrik məktubu səsləndirildi.
    Təbrik məktubunda Prezidentin təhsilimizin dünəninə, bu gününə və sabahına diqqət və qayğı vardı. Keçmiş yola nəzər salaraq, nailiyyətlərimizi qiymətləndirir və ölkədə təhsil islahatlarının zəruriliyinə bir daha diqqəti cəlb edirdi.
    Qurultayda Elm və Təhsil naziri ilə foto çəkdirdim. Müəllim və dəyərli ziyalılarla qurultayda görüşdüm, müzakirələr apardıq, foto çəkdirdik. Onlarla söhbət həqiqətən də yeni fikirlər qazanmağıma kömək oldu.
    Qurultay təhsilin Qarabağa qayıtdığı dövrə təsadüf edirdi.
    Təhsil işçiləri olaraq biz indiyə qədər vətənpərvər şəxslər yetişdirirdiksə, bundan sonra vətənpərvərliklə yanaşı işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri apara biləcək gələcək nəsil, insanlar yetişdirməliyik.
    Qurultayda səsləndirilən hədəflər Qarabağda işləyən təhsil işçiləri olaraq bizim məsuliyyətimizi artırır, bizi yeni ideyalara, layihələrə ruhlandırır.
    Qurultayda iştirakımın səbəbkarları olan həmkarlarıma, valideynlərimə, müəllimlərimə, şagirdlərimə və hər zaman mənə dəstək olan ziyalılara sonsuz təşəkkürümü bildirirəm.

    Səbuhi Kərimov,
    Mamırlı kənd tam
    orta məktəbinin müəllimi

    Müəllif: Redaktor, 13:35

İsmarıclar bağlıdır.