Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    “Yeni Tərtər” qəzetinin redaksiyasına, Svetlana Bağırovaya təbrik məktubu

          Hörmətli Svetlana xanım, imzanız ötən əsrin 70-ci illərindən mənə tanışdır. Bu gün də yaradıcılığınızı böyük maraqla izləyirəm. Respublika mətbuatında rus dilində çıxan yazılarınızı da oxumuşam. Əslində baxanda Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində eyni dövrdə təhsil almışıq. Qəzetdə işləyə-işləyə ikimiz də qiyabi təhsil almışıq. Məsələ ondadır ki, ali məktəbi Sizdən bir il sonra – 1976-cı ildə bitirmişəm.

    Yadımdadır, illər keçəndən sonra Bakıda rastlaşdıq. Hər ikimiz Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yazı müsabiqəsində birinci yeri tutmuşduq. İki il sonra isə 2023-cü il dekabrın 26-da Medianın İnkişaf Agentliyinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən media nümayəndələrinin Şuşaya səfərində rastlaşdıq. Qəzetinizin 90 illiyinə hazırlaşdığınızı da orada eşitdim və belə qərara gəldim ki, mən də təbriklərə qoşulum.

    «Yeni Tərtər» qəzetinin əlimə keçən nömrələri həm tərtibatı, həm də dərc olunan yazıları ilə mənə və jurnalist həmkarlarıma xoş təsir bağışlayıb. Hiss olunur ki, qəzetiniz xalqa həmişə bağlı olmuş, çoxsaylı oxucuların istək və arzularına çıraq tutmuşdur Siz, həqiqətən də sözün qədrini bilir, Azərbaycan dilinin saflığını qoruyursunuz. Bu, çox yaxşıdır. El-oba, cəmiyyət, doğma yurdun adamları qarşısında alnınız açıq, üzünüz ağdır. Veteran-jurnalist kimi fəaliyyətinizi yüksək qiymətləndirirəm.

    Əlbəttə, hər bir mətbuat orqanı, o cümlədən «Yeni Tərtər» qəzeti də dövrün tarixi salnaməsidir. İndiki qəzet bolluğunda, maliyyə çətinlikləri ilə üzləşdiyimiz bir dövrdə qəzet çap etdirmək elə özü bir hünərdir. Fikrimcə, qəzetiniz ötən dövr ərzində həyatımızın bütün sahələrinə nüfuz edərək rayonuzun tarixi salnamə­sinə çevrilmişdir.

    Budur, «Yeni Tərtər» 90 ildir ki, işıq üzü görür. Çətinliklərə baxmayaraq qəlbinizin odunu, gözünüzün nurunu, işığını səpələyə-səpələyə, jurnalist etikasından kənara çıxmadan qəzetiniz yaşayır, fəaliyyət göstərir. Onun səhifələrində maraqlı, diqqəti cəlb edən müxtəlif janrlı yazılar çoxdur. Bir həmkar kimi sevinirəm ki, 90 illik nəşri dövründə qəzetinizdə həyatımızın bütün sahələri öz əksini tapmışdır.

    Mənə elə gəlir ki, Tərtərin ictimai-siyasi, iqtisadi-sosial həyatı, təhsil və mədəniyyəti, abadlıq-quruculuq işləri ilə maraqlanmaq istəyənlərə qəzeti vərəqləmək kifayət edər. Əmək həyatı, iqtisadi-sosial inkişaf, insanların həyat tərzi, vətənpərvərlik, mədəni-quruculuq və s. məsələlər qəzetin başlıca məzmununu təşkil edir. Bu sətirləri yazarkən ustad sənətkar Cəlil Məmmədquluzadənin sözləri yadıma düşür. O, «Molla Nəsrəddin»in dili ilə yazırdı ki, «Molla Nəsrəddin» təkcə bir nəfərin deyil, qələminə sadiq, əqidəcə saf, dövlətinə, vətəninə sadiqlik göstərən bütün oxucularındır.

    «Yeni Tərtər» qəzeti də bütün oxucuların, onu sevənlərindir.

    90 yaşınız mübarək, əziz dostlar! Qələminiz həmişə iti, yolunuz işıqlı olsun!..

     

    Hacı Etibar ƏHƏDOV,

    Lənkəranda çıxan «Aşkarlıq» qəzetinin baş redaktoru,

    Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin

    üzvü, Prezident mükafatçısı

    Ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 78/14, mən. 4

    Tel.: (050)-424-58-10

     

     

    Müəllif: Redaktor, 14:57

İsmarıclar bağlıdır.