Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    “Yeni Tərtər” özünün 90 illik yubileyini özəlliklə də gəlişməkdə olan ölkələrdə qəzetlərin  və ümumiyyətlə, jurnalistikanın  gələcəyi ilə bağlı bədbin proqnozların baş alıb getdiyi bir vaxtda qeyd edir. Bəli, bloqer, vloqer, tiktoker və digər “er”lərin  meydan suladığı, inflüenser, yəni rəy lideri rolunda çıxış etdikləri bir zamanda jurnalistin, əsl jurnalistikanın arxa planda qaldığını görməmək mümkün deyil. Onu da görməmək mümkün deyil ki, elə Azərbaycanın özündə də qəzet oxuyanların sayı durmadan aşağı düşür.

    Gəlişmiş ölkələrə baxanda isə fərqli mənzərə ilə üzləşirik.  Almaniyada  hər gün qəzet oxuyanların sayı 78%-in üzərindədir və almanlar buna gündəlik azı yarım saat vaxt ayırırlar. Qərbdə doğru informasiya mənbəyi kimi də məhz qəzetlərə üstünlük verirlər. Elə həmən Almaniyada keçirilən sorğu göstərir ki, orada rəyi öyrənilənlərin 41%-i qəzetlərə inandığı halda, bütövlükdə internet resurslarına o cür yanaşanlar cəmisi 1%-dir.

    Maraqlıdır ki, Avropanın özündə də qəzet oxuyanların sayı  nisbəti ilə cəmiyyətin yetkinlik dərəcəsi və birgəyaşayış mədəniyyəti arasında bir mütənasiblik nəzərə çarpır. Məsələn, Balkanlarda gündəlik qəzet oxuanların sayı Almaniyadakından xeyli aşağı olduğu halda Norveçdə, İsveçdə və İsveçrədə bu göstərici 80%-i keçir.

    Yerli qəzetlər də məhz Avropanın gəlişmiş regionlarında daha öncül mövqedədirlər. Ümumiyyətlə qərbdə oxucular qlobal, yaxud da mərkəzi qəzetlərdənsə regional qəzetlərə üstünlük verilər ki, belə bir hala  artıq hətta Rusiyada da rast gəlinir.

    “Yeni Tərtər”in yubileyi günündə bu reallığı xatırlatmaqda məqsədim odur ki, qəzetlərin, bütövlükdə jurnalistikanın gələcəyi ilə bağlı bədbin proqnozların müvəqqəti xarakter daşıdığını hər kəs bilsin. Ölkəmiz durmadan güclənir, cəmiyyət yetkinləşir, iqtisadi potensialın formalaşmasında regionların rolu artır, yerli özünüidarənin təkmilləşdirilməsi yönündə mühüm addımlar atılır ki, bütün bunlar rayon qəzeti üçün də yaxşı pespektivlər vəd edir.  Və mən əminəm ki, biz 10 il sonra “Yeni Tərtər”in 100 illik yubileyini də qeyd edəcəyik.  Ən azından dəyərli Svetlana xanım başda olmaqla redaksiya heyətinin bunun üçün əlindən gələni etdiyi göz önündədir.

    Amma bu qəzetin ayaqda qalmasında cəmiyyət də dəstəyini əsirgəməməlidir. Çünki milli dəyərlərin qlobal basqılardan qorunmasında, urbanizasiyanın arzuolunmaz yöndə getməsinin qarşısının alınmasında, yəni rayonlardakı mikromühitin qorunub saxlanmasında, əmək və birgəyaşayış mədəniyyətinin artmasında yerli qəzetlər çox mühüm rol oynaya bilərlər.

    Ona görə də rayonun  iş adamlarını öz reklamlarını məhz “Yeni Tərtər”də dərc etdirməyə, əziz tərtərliləri ona abunə olmağa çağırır, qəzetin redaksiya heyətinə isə yüz illik yubileylərində  görüşmək ümidi ilə yaradıcılıq uğurları arzulayıram!

    Sahib Alıyev,

    millət vəkili

     

    Müəllif: Redaktor, 15:40

İsmarıclar bağlıdır.