Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    Qəhrəman Tərtərin 90 illik salnaməsi

    90 illik şərəfli bir yol haqqında danışmaq böyük məsuliyyətdir. Mən bunu bir növ həyat imtahanı hesab edirəm.

    1975-ci ildə belə bir imtahanı universitet auditoriyasında vermişdim. Universitetin jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alır, həmçinin “Qızıl Bayraq” qəzetində çalışırdım.

    Diplom işi yazmaq üçün mövzular bölünürdü. O zaman jurnalistika fakültəsinin dekanı, hamımızın sevimlisi və Azərbaycan jurnlaistikasının korifeyi rəhmətlik professor Şirməmməd Hüseynov Tərtər rayonundan olduğumu və yerli qəzetdə çalışdığımı bilib dedi:

    – Qızım, gəl sən diplom işini öz qəzetinizin tarixinə həsr elə.  Çünki bu elə bir mövzudur ki, onu öyrənmək çox vacibdir. Rayon qəzetləri hər bir bölgənin inkişafını, keçmişini  və bugününü özündə əks etdirən zəngin materiallardan ibarətdir. İllər ötsə də, bunlar nəinki əhəmiyyətini itirir, əksinə daha qiymətli olur.

    Diplom işimə rəhbərliyi də rəhmətlik Şirməmməd müəllim öz üzərinə götürdü. Yadımadır,  müdafiə zamanı qəzetin fəaliyyəti ilə bağlı mənə çoxlu suallar verdilər. Bunun özü də paytaxtda yaşayan alimlərimizin yerli qəzetin işinə, onun problemlərinə olan marağından irəli gəlirdi.

    Bu gün qəzetimizə olan marağı görəndə, həmçinin rayon rəhbəri Müstəqim Məmmədovun böyük  qayğısını hiss edəndə, mən düşünürəm ki,  Şirməmməd müəllimin verdiyi tövsiyələr, dediyi sözlər aktuallığını itirməyib.

    Yubiley ərəfəsində köhnə qəzet qovluqlarını vərəqlədim, yazdıqlarımızı dönə-dönə oxudum. Keçmişimizə,  tariximizə nəzər salanda qürur hissi ilə deyə bilərəm ki, rayon qəzeti kolxoz quruculuğundan başlayaraq bu günə qədər rayonumuzda görülən işlərin, yüksəlişin, müharibə illərinin, tərtərlilərin mərdliyinin, dəyanətinin qəhrəmanlığının salnaməsini yaradıb. Bu tarix indi o saralmış səhifələrdə yaşayır və gələcək nəsillər ondan bəhrələnəcəklər.

    Məlum olduğu kimi, rayon mətbuatı əsasən kolxoz quruculuğu illərində yaranmağa başlamışdı, bu zərurət həyatın özündən doğurdu, çünki digər mətbu orqanlarına nisbətən rayon qəzetləri əhaliyə, kənd adamlarına daha yaxın idi, onları səfərbər etməyi, maarifləndirməyi,  hökumətin qərar və göstərişlərilə tanış etməyi bacarırdı. Birbaşa rayon əhalisi ilə bağlı olduğuna görə, yerli mətbuat konkret faktlar əsasında, aydın, sadə dildə insanlara təsir göstərmək imkanlarına malikdir.

    1934-cü ildə Tərtərdə nəşr olunmağa başlayan qəzetimiz “Kolxozçuların varlanması yolunda” adlanırdı. Tərtər rayon MTS-in siyasi şöbəsinin orqanı idi. Həftədə bir dəfə kiçik tirajla çıxırdı.

    1934-cü ildə Tərtərdə mətbəə yox idi. Qəzet Bərdədə “Stalin yolu” qəzetinin mətbəəsində çap olunurdu və MTS-in Siyasi Şöbəsinin rəisi Nazim Məmmədovun imzası ilə çıxırdı. Tezliklə qəzetə ilk redaktoru təyin etdilər. O, Xəlil Şəfizadə idi. Redaksiyada Ziyad Səfərov və Nəriman Mustafayev çalışırdılar. Redaksiya keçmiş Sovet küçəsində, indiki Heydər Əliyev prospektində yerləşən binada fəaliyyət göstərirdi.

    Az müddətdə qəzet ətrafına xeyli ictimai müxbir topladı. Qəzetin həcmi də, aylıq buraxılan nömrələrin sayı da, tirajı da artdı. 1935- ci ildə elə vaxtlar olub ki, qəzetin əməkdaşları ayda 9 nömrə hazırlayıblar.

    Aşağıdakı əmrin məzmunu bunu təsdiqləyir: “1 avqustdan 1 noyabr 1937-ci il müddətinədək qəzetin işçiləri nəzərdə tutulmuş 5 nömrə əvəzinə 9 nömrə hazırladıqları üçün hər biri 100 manat məbləğində mükafatlandırılsın”. (Mirbəşir (Tərtər) Dövlət Arxivinin materialları. 1935-1941-ci illərin əmr kitabları. Əmr №64).

    İlk ictimai müxbirlərimizdən rəhmətlik İsmayıl Kərimovun, İmamqulu Süleymanovun və Fərrux Nəbiyevin adlarını çəkmək istərdim. Onlar ömürlərinin sonunadək qəzetimizlə əməkdaşlıq etmişlər.

    Fərrux Nəbiyevin qəzetdəki ilk çıxışı haqqında xatirəsi də maraqlıdır.

    “Mən niyə müxbir oldum” məqaləsində o,  yazır: “1934-cü ilin yazı idi. Biz üçümüz bir xışla yer şumlayırdıq.  İşə yenicə başlamışdıq ki, Qaynaq kəndinin sakini Məmməd bəy Alıbəy oğlu öküzləri xışdan açdı və bizə müraciət edərək dedi:

    – Artel bizə lazım deyil. Elə etmək lazımdır ki,  o,  dağılsın.

    Mən bu barədə məktub yazdım və “Qızıl Bayraq” qəzeti redaksiyasına apardım. İki gündən sonra məqaləm dərc olunmuşdur. Həmin gündən mən müxbir oldum”.

    Ümumiyyətlə,  həmin illərdə qəzetdə tənqidi materiallar üstünlük təşkil edirdi.

    1934-1937-ci illərdə qəzetdə müxbirlərlə yanaşı məsul katib vardı. Bu vəzifədə əvvəlcə Şəmil İbrahimov, sonra isə Mədət Allahverdiyev işləyib.

    Tezliklə Tərtərdə mətbəə də təşkil olundu. Onun təşkilatçısı Mirməhəmməd Seyid Hüseyn oğlu Babayev idi. Mirməhəmməd Hüseynov öz peşəsini qızları Sürəyyaya, Minayəyə və oğlu Akifə də öyrətmişdi. Hazırda isə nəvəsi Ülviyyə qəzetimizin kompüterçisidir, nəticəsi Səbinə isə jurnalistika ixtisasını seçib və Naxçıvan Dövlət Universitetində təhsil alır. Yəni ailə ənənələri davam edir.

    1937-ci ildən qəzet “Qızıl Bayraq” adlanmağa başladı. 1937-ci ilin sentyabrından 1939-cu ilin mayınadək onun redaktoru Qənbər Nəbiyev oldu.  3000 nüsxə tirajla çap edilirdi.

    1939-cu ilin mayından 1943-cü ilə qədər “Qızıl Bayraq” qəzetinə Əli Ağayev redaktorluq etmişdir.

    Böyük Vətən müharibəsi başlayanda qəzet də öz fəaliyyətini yeni istiqamətdə qurdu. Lakin tirajı azaldı. 1000 nüsxə ilə buraxılmağa başladı. Qəzetin bir neçə əməkdaşı – Mirməhəmməd Babayev, Ağa Ağayev, Hacı Abbasov və başqaları müharibəyə getmişdilər. Əgər o illərin qəzet qovluqlarına nəzər salsaq, tərtərlilərin fədakarlığından, cəbhəyə köməyindən, həmyerlilərimizin müharibədə göstərdikləri igidliklərdən bəhs edən çoxlu yazıları görərik. Bunlar rayonumuzun qiymətli tarixidir. Həmin illərlə bağlı qələmə aldığımız təkcə bir faktı diqqətinizə çatdırmaq istəyirəm.  Kişilər cəbhəyə getmişdilər, qayıdanlar isə iş qabiliyyətini itirmişdilər. Odur ki, işin bütün ağırlığı bizim cəfakeş qadınların üzərinə düşürdü. Qazyan kəndində yaradılmış kolxozun sədri Məryəm Cavadova idi. Vəziyyət ondan sərt olmağı,  heç kimə güzəştə getməməyi  tələb edirdi. Ona görə də insanlar Məryəmdən çəkinirdilər, bəzən də onu at belində görəndə qorxurdular. “Kolxoz sədri Məryəm” adlı  məqalədə  bu qadının daxili aləmi çox gözəl işıqlandırılıb.

    Uzun müddət – 1944-cü ildən 1962-ci ilə qədər “Qızıl Bayrağ”ın redaktoru Zülfüqar Abbas oğlu Fərəcov olmuşdur.

    1961-ci ildə “Qızıl Bayraq” Bərdədə çap edilən “Kommunizm yolu” qəzeti ilə birləşdirildi. 1966-cı ildən isə o, yenidən öz əvvəlki adı ilə çıxmağa başladı. Qəzet  həftədə üç dəfə 4 səhifəlik nəşr olunurdu, tirajı 2000 nüsxə idi. Həmin vaxtlar qəzetdə üç şöbə yaranmışdı: partiya həyatı, kənd təsərrüfatı  və məktublar şöbəsi.

    1966-cı ildən 1968-ci ilədək  ”Qızıl Bayrağ”ın redaktoru Aydın Məmmədxanov, 1968-ci ildən 1970-ci ilədək Zahid İsmayılov, 1970-ci ildən 1971-ci ilədək yenidən Aydın Məmmədxanov olub. 1971-ci ilin avqustundan  1972-ci ilin iyuluna qədər redaktoru Əmiraslan Qurbanzadə əvəz edib. 1972-ci ildən 1974-cü ilədək redaktor Zöhrab Məmmədov, 1974-cü ilin mayından bu vəzifəyə Hilal Bayramov təyin olunub. 1980-cı ildən 1998-ci ilə qədər qəzetin redaktoru Təvəkkül Nəcəfov, 1998-ci ildən yenidən Hilal Bayramov olub.

    Qəzetin “Qızıl Bayraq” adı  1991-ci ildə dəyişdirilərək “Tərtər” qoyulub. Həmin illərdə qəzet həftədə üç dəfə 5500 nüsxə tirajla nəşr edilib.

    1998-ci ildən 2005-ci ilədək qəzetin fəaliyyəti müvəqqəti olaraq  dayandırılıb.

    2005-ci ildən isə o zaman rayonumuza yeni təyin olunmuş icra başçısı Vidadi İsayevin köməkliyi və  Tofiq Yusifin redaktorluğu ilə yenidən fəaliyyətə başlamışıq və çox şükür ki, bu gün də fəaliyyətimizi davam etdiririk.  Bunun üçün ilk növbədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova böyük təşəkkürümüzü bildiririk, çünki məhz onun dəstəyilə bu gün qəzetimiz nəşrini davam etdirir və 90 illik yubileyimizi qeyd edə bilirik. Qəzetimiz ayda üç dəfə 1200 nüsxə tirajla çap olunur, Media Reyestrindən keçərək Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Şəhadətnaməsini almışıq.

    Mən redaktorlarımızın adlarını çəkdim. Ancaq 90 illik yolda bu qəzetdə uzun illər çalışan, əmək fəaliyyətinə burada başlayan, yaxud ilk məqaləsi rayon qəzetində dərc olunub, sonra jurnalistikanı seçən dəyərli insanlarımız olub.

    Əvvəlcə dünyasını dəyişənlərin adlarını çəkmək istəyirəm. Xüsusən qəzetimizdə çox böyük əziyyəti olan Əmiraslan Qurbanzadənin, Abbas Fətəliyevin ,Elbrus Məmmədovun, Yəhya İbrahimovun, Əvəz Nəsirovun, Vahid Məmmədovun, Elfuzə Vəliyevanın, mətbəə işçilərindən Rəna Əliyevanın,  ictimai müxbirlərimiz Nubar Mədətlinin, yaradıcılığı ilə gənc nəslin tərbiyəsinə mühüm töhfələr vermiş, iki şəhid atası  unudulmaz Sabir Paşayevin və başqalarının. Allah dünyasını dəyişənlərə rəhmət eləsin.

    Ağsaqqal Jurnalistimiz, hamımız üçün örnək olan Qədir Allahverdiyev,  illər ötsə də, qəzetimizlə əlaqəsini kəsməyən, bizə doğma olan Lazım Quliyev, xətrini çox istədiyimiz Vəli İlyasov, həmişə bizimlə olan Svetlana Əzizova jurnalistikada ilk addımlarını məhz bizim qəzetdə atıblar. Bu gün respublikada adları hamıya tanış olan İlham İsmayılın, Səbuhi Rəhimlinin və Təbriz Vəfalının da ilk məqalələri  “Qızıl Bayraq”da çap olunub. Şeir və məqalələri daim qəzetimizdə çap olunan Zabil Zeynalovun, Talıb Məmmədlinin, əmək fəaliyyətinə qəzetimizdən başlayan Səbuhi Kərimovun adlarını böyük hörmətlə çəkmək istəyirəm.

    Müasir mərhələdə qəzetimizin fəaliyyətini bir neçə dövrə bölmək olar. Belə ki, Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətdə olduğu illərdə rayonumuz dirçəliş dövrünü yaşayırdı  və  bu  yüksəliş qəzetdə də öz əksini tapırdı. 1973-cü ildə rayon partiya komitəsi  “Kənd təsərrüfatının inkişafında “Qızıl Bayraq” qəzetinin rolu haqqında”  məsələ müzakirə etmişdi. Qeyd olunmuşdu ki, qəzetin materialları insanları yeni müvəffəqiyyətlərə ruhlandırır.

    Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğı nəticəsində nəinki pambıqçılıqda, həyatımızın bütün sahələrində uğurlar əldə olunurdu. Müəyyən bir sahədə qazanılan nəticələri oxuculara daha qabarıq çatdırmaq üçün redaksiyada xüsusi saylar hazırlanırdı.

    Qəzetimizin həm I, həm də II Qarabağ müharibəsi dövründə fəaliyyətindən saatlarla danışmaq olar. Qəzetin əməkdaşı kimi qürur duyuram ki, bu tarixin yaşadılmasına, onun gələcək nəsillərə çatdırılmasına öz gərgin zəhmətimizlə kömək etmişik. Bildirmək istəyirəm ki, 1992-ci ildə, ilaxır çərşənbədə ermənilər redaksiya  binasını da hədəfə alıb,  buranı raket atəşinə tutmuşdular. Ancaq qəzet nəşrini dayandırmadı. Biz yenə də işləyirdik, yazırdıq,  əhalidə qələbəmizə olan ümidi sönməyə qoymurduq. O zaman Tərtərdə  rus hərbçiləri ağalıq edirdilər. Bəzən bizə qadağalar da edilirdi. Buna baxmayaraq, qəzet sözünü deməyi bacarırdı. Qəzetçilərimiz hər bir şəhid ailəsinin qapısını döyür, onların dərdinə şərik olur, ən başlıcası,  bu oğulların xatirəsinin əbədi yaddaşlara köçürülməsi üçün əllərindən gələni edirdilər.

    1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Bu dövr qəzetimizin fəaliyyətində də xüsusi yer tutur. O zaman cəbhəyanı adlandırılan kəndlərimizin həyatı, qaçqın və məcburi köçkünlərin problemləri və bununla bərabər tədricən kəndlərimizə, şəhərimizə yeni ruh, yeni nəfəs gəlməsi rayon qəzetçilərinin hazırladıqları materialların başlıca mövzularıdır.

    Rayon qəzetinin çox mühüm xidmətlərindən biri də məktəb və ailə ilə yanaşı, gənc nəslin vətənpərvərlik tərbiyəsində, dünyagörüşünün formalaşmasında iştirakıdır. Bir zamanlar redaksiyamıza çoxlu məktub gəlirdi. Bunların da əksəriyyətinin müəllifi şagirdlər idi.  Rayon qəzeti isə hər ailədə oxunurdu. Bəzən kiçik bir məqalə müəllifin həyat yolununun formalaşmasında böyük rol oynayırdı. Həmçinin 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak edib bizlərə Qələbə sevincini yaşadan gənclərin qəlbinə Vətən sevgisi toxumlarını səpən də ailə, məktəblə yanaşı həm də yerli mətbuat olub. Çünki həmin dövrdə atəşkəs olsa da, Tərtərdə atəş səsləri bir gün belə dayanmırdı. Erməni cəlladları tərəfindən qətlə yetirilənlər, yaralananlar arasında  uşaqlar, günahsız qocalar,  qadınlar vardı. Bütün bunlar barədə xəbərləri əhali ilk növbədə rayon qəzetində oxuyurdu.

    2005-ci ildə yeddiillik fasilədən sonra rayon qəzeti fəaliyyətə başlayanda, adı “Yeni Tərtər” oldu. Yeni sözü Tərtərin qarşısına elə-belə yazılmamışdı. Həqiqətən də rayonumuzun həyatında yeni, gözəl bir dövr başlamışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamları əsasında qəbul edilən Dövlət Proqramları çərçivəsində həyatımızın bütün sahələri sürətlə dəyişirdi.: yollar çəkilir, su-kanalizasiya xətti qurulur, elektrik,  qaz infrastrukturu yenilənirdi. Son illərin qəzet qovluqlarını vərəqləsək,  hər bir sayımızda açılışlardan, yeniliklərdən, oxucuların sevinc dolu munnətdarlığından  bəhs edən materiallara rast gələrik. Cənab Prezidentin rayona hər gəlişi toy-bayram olurdu. Şahmat məktəbinin, Olimpiya İdman Komleksinin və onlarla digər mühüm açılışlar haqqında xəbərləri biz oxucularımıza özümüz də sevinə-sevinə çatdırırdıq.

    Ancaq əlbəttə ki, son illərə qədər bir gözümüz gülürdüsə, o biri gözümüz ağlayırdı.   Qarabağ dərdi başlıca mövzumuz idi. Hər bir jurnalist kimi mənim də ən böyük arzum qəzetimizdə Qələbə haqqında xəbərləri vermək və işğaldan azad olunmuş ərazilərdən reportaj hazırlamaq idi. Şükürlər olsun ki, bu arzumuza da çatdıq. Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirlər çərçivəsində Suqovuşan, Talış kəndlərinə, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Şuşaya səfər etmişəm.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun maddi və mənəvi dəstəyi ilə “Tərtərin tarix yazan oğulları” kitabı hazırlanıb və nəşr olunub. Hər biri bir igidin həyatından və qəhrəmanlığından bəhs edən bu məqalələr qəzetimizin səhifələrində də dərc olunub. Allah bütün şəhidlərimizə rəhmərt eləsin, qazilərimizə isə cansağlığı versin.

    Hazırda ölkəmizin həyatında yeni dövr başlayıb. Bu ilin Novruz bayramında Ali Baş Komandan, Prezident ilham Əliyev Xankəndidə bütöv Azərbaycanın bayram tonqalını alovlandırıb.  O tonqalın işığı, istisi indi hər birimizin qəlbindədir.

    Mən inanıram ki, qəzetimizin də gələcək yolu işıqlı və uğurlu olacaq.

    Svetlana BAĞIROVA   

     

    Müəllif: Redaktor, 15:49

İsmarıclar bağlıdır.