Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    TƏRTƏRİN FƏDAİSİ

    Qədim Qarabağın mərkəzində Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtərin yetirdiyi, Azərbaycan xalqının indiki və gələcək nəsillərə nümunə olacaq şəxsiyyətləri arasında İmamqulu Əkbər oğlu Süleymanovun xüsusi yeri vardır. O, 1916-cı ildə Tərtər rayonunun (Cavanşir qəzası) Düyərli kəndində anadan olmuşdur. Atasını erkən itirən İmamqulu böyük qardaşı Qulu Əkbər oğlunun və anası Həcər təbiətli Güllü nənənin tərbiyəsi ilə böyümüş və təhsil almışdır.
    2000-ci ildə Fərman Tərtərlinin “Ozan” nəşriyyatı tərəfindən nəşr olunmuş “Qəhrəman Tərtər” kitabında “Xatirələrdə yaşayan el ağsaqqalı” yazısında İmamqulu Əkbər oğlu belə xarakterizə olunur: “El arasında həqiqətpərəstliyi, səmimiyyəti, işgüzarlığı, təşkilatçılıq bacarığı ilə seçilən və bü-tün Qarabağda böyük hörmətə malik ağsaqqal idi İmamqulu Əkbər oğlu”.
    1936-1939-cu illərdə Ağdam kənd təsərrüfatının mexanikləşdirilməsi texnikumunda təhsil almış, texnikumu müvəffəqiyyətlə bitirmişdir.
    1939-1942-ci illərdə Tərtər rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işlədiyi dövrdə bir çox gəncin formalaşmasına,onların Bakıda təhsil almalarına göndəriş və zəmanət verilməsini böyük həvəslə təmin edərdi.
    Akademik Vahid Hacıyev 1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru professor Misir Mərdanovun iş otağında məni görərkən (o vaxt mən rektorun köməkçisi və magistratura pilləsinin rəhbəri vəzifəsini yerinə yetirirdim) xüsusi pafosla demişdir: “Atanız mənə və professor Seyfəddin Qəndilova Tərtər şəhər 1 №-li orta məktəbdə təhsil alarkən 1942-ci ildə komsomol bileti təqdim etmiş, çox cavan olmasına baxmayaraq vətənpərvərlik mövzusunda maraqlı tövsiyələr vermişdir. Həm də bizə hədiyyə təqdim etmiş və demişdir: “Evinizə aparıb ananıza göstərərsiz”.
    1942-1945-ci illərdə öz ərizəsi ilə orduya yazılmış və II Dünya müharibəsi cəbhələrində alman faşizminə qarşı mübarizədə fəal iştirak etmiş, dəfələrlə yaralanmış və vətənə ikinci dərəcəli müharibə əlili kimi qayıtmışdır. Müharibədəki xidmətinə görə İmamqulu Əkbər oğlu 15 Dövlət ordeni və medalları ilə təltif olunmuşdur.
    Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş, II Dünya müharibəsində iştirak edən Azərbaycan oğullarının əziz xatirəsinə həsr olunmuş 50 cilddən ibarət “Xatirələr” kitabında altı yüz üç min azərbaycanlı oğulları və qızlarının siyahısında II Dünya müharibəsinin Qazisi kimi atamın da adı vardır.
    1945-ci ildən Tərtər Rayon Partiya Komitəsində şöbə müdiri, uzun müddət isə Qapanlı, Seydimli və Səhləbad kənd sovetlərinin sədri, Tərtər Kənd Təsərrüfatı Texnika Birliyinin ilk partiya təşkilatının katibi, Texnika Birliyinin müdiri vəzifəsində işləmişdir. Həyatı boyu tutduğu bütün vəzifələrdə işlədiyi zaman “əl tutmaq Əlidən qalıb” amalı ilə hər kəsə və hamıya yaxşılıq etməyi ən böyük varlıq hesab etmişdir.
    Respublikamızda və keçmiş ittifaqda tanınmış memar və görkəmli ictimai xadim Əliş Lənbəranski təyinatla Tərtər rayonuna gəlmiş və şəhərin memarı kimi əmək fəaliyyətinə başlayandan atamla səmimi dostluq etmiş və bu dostluq ömürlərinin axırınadək davam etmişdir.
    1947-1949-cu illərdə Bakı Ali Partiya məktəbində təhsil almış, rayona qayıtdıqdan sonra ömrünün sonunadək tutduğu vəzifələrlə yanaşı, rayonun ictimai həyatında da bir ağsaqqal kimi fəal olmuşdur.
    1948-1953-cü illərdə Qərbi Azərbaycandan müxtəlif bəhanələrlə Azərbaycana köçürülmüş soydaşlarımızı yerləşdirmə komissiyasının Tərtər rayonu üzrə sədri olan atam həmişə bu barədə danışar, zaman keçdikcə Qərbi Azərbaycanlıların tərtərlilərlə qaynayıb-qarışmasından, qohumluqlarından həvəslə bəhs edərdi.
    Tanınmış jurnalist Vəli İlyasovun 2002-ci ildə Azərbaycan nəşriyyatı tərəfindən çap olunmuş “Tərtər mənim qalamdır” kitabında “Kamil təşkilatçı” yazısında xüsusi olaraq vurğulayır. “İmamqulu əmi “Qızıl bayraq” qəzetinin ictimai əsaslarla müxbiri kimi redaksiya ilə sıx əməkdaşlıq edir, qəzet səhifələrində tez-tez publisistik məqalələri ilə çıxış edirdi. Gənclər saçları qar kimi ağ, cəsarətli və iti baxışlı, sinəsi orden-medallarla dolu olan bu müdrik ağsaqqalı daha çox sevir, ağıllı məsləhətlərinə, şirin söhbətlərinə ehtiyac duyurdular. Şəxsiyyəti bütöv olan İmamqulu əmidə azərbaycanlı kişisinin bütün keyfiyyətləri cəmləşmişdi”.
    Fərman Tərtərli “Qəhrəman Tərtər” kitabında böyük rəğbətlə göstərir ki, İmamqulu Əkbər oğlu “50 ildən çox bir müddətdə Tərtər rayonunun çoxtirajlı qəzetində və respublikanın dövri mətbuat səhifələrində ədəbi-bədii, publisistik və sənədli oçerkləri ilə çıxış etmişdir. Müdrik ağsaqqal İmamqulu Əkbər oğlu həm də yaxşı ailə başçısı idi. O, doqquz övlad böyütmüş və onlara həyat vəsiqəsi vermiş, savadlı, ixtisaslı mütəxəssislər kimi xalqımıza xidmət etməyi öyrətmişdir”.
    Doqquz övlad, 25 nəvə və yeddi nəticəsi olan İmamqulu Əkbər oğlu onlarla fəxr edirdi. El ağsaqqalı 1998-ci ilin iyun ayında doğma Düyərli kəndində dünyasını dəyişmişdir.
    RUHU ŞAD OLSUN!

    Rasim SÜLEYMANOV
    Bakı Dövlət Universitetinin dosenti,
    filologiya üzrə fəlsəfə doktoru

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.