Yenə sənsiz, yenə tənha qalmışam,
Yenə darıxmışam bu gecə sənsiz.
Yenə də ürəyim köksümə sığmır,
Elə bil çıxacaq indicə sənsiz,
Yaman darıxmışam bu gecə sənsiz.
Həsrətin boyayıb saçlarımı ağ,
Gəl məni saldığın bu hallara bax.
Çəkilib xəlvətə gözlərdən uzaq,
Ağlaram gizlicə-gizlicə sənsiz.
Yaman darıxmışam bu gecə sənsiz.
Çox olub yandığım anıb eşqimi,
Hələ olmamışdım bu axşam kimi.
Həsrətlin Asifəm, yanıb şam kimi
Əriyib, axmışam bu gecə sənsiz,
Gülüm, darıxmışam bu gecə sənsiz.