Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    (Əvvəli keçən sayımızda)
    Pəyə sözü isə hər zaman mal-qaranın saxlanc yeri olaraq qəbul edilib. Belə olan halda da pəyə sözünün yaşayış yeri kimi təqdim olunmasının doğru olmadığı qənaətinə gəlirik.
    Baş Güneydə olan yer adları. Yaşlı nəslin nümayəndələri Baş Güney kəndi ərazisində olan yer adları barədə danışarkən iki yerin adı xüsusilə çəkilirdi. Bunlardan biri el arasında “PƏLƏNGƏ” adlanan yerdir. Kəndin əsas giriş yolu bu cür adlansa da, bu barədə başqa bir fərziyyə irəli sürülür. Deyilənə görə, vaxtı ilə həmin ərazi sıx meşəlik və qalın qızılcıq kolluqdan ibarət olub. Bitki örtüyünün qalın olmasına görə burada bir çox vəhşi heyvanlar məskən salır. Deyilənə görə, bu yerin adı bir çobanın göstərdiyi şücaətlə bağlıdır. Belə nəql edilir ki, yaylağa köç edən zaman sürünün qarşısına çıxan vəhşi pələng çox olur. Əli adlı çoban pələngi yalın əllə öldürməyə nail olur. Əlinin həddindən artıq cəldliyi və vəhşi heyvanı zərərsizləşdirməsi ona el arasında “PƏLƏNG ƏLİ” təxəllüsünü qazandırır. Bundan sonra həmin yerin adı eynilə səsləndirilsə də, sonralar el arasında “PƏLƏNGƏ” kimi tanınır.
    İkinci yer isə kəndin ərazisindən axan “QABARTI” çayının adıyla bağlıdır. Bu çayın adı bir neçə versiyada “QABARDI”, “QABARTÜ”, “QAB ARTIQ” kimi səsləndirilib. Birinci versiya barədə səsləndirilən fərziyyədə deyilir ki, vaxtı ilə bu çayın məcrası çox geniş olub. Bol suyu olan çayın hündürlüyü 10 metrdən çox olub. Bütün il boyu həddindən artıq sürətlə axan çayın suyu qabararaq gəldiyi üçün adına “QABARDI” deyilib. Digər versiyada isə deyilir ki, tarixi şəxsiyyətlərdən biri bu yerdən keçərkən çayın sahilində yemək süfrəsi açdırır. Yemək ərəfəsində çayın sərin suyundan içən şəxs həddindən artıq aclıq hiss edir. Hər zaman müəyyən yemək normasından çox yediyi üçün bu çayın adını “QAB ARTIQ” qoyur. Hazırkı dövrdə də “QABARTI” çayının suyundan içdikdən sonra insanın aclıq hiss etməsinin şahidi oluruq. Buna görə də məntiqlə yanaşsaq, bu fərziyyəni doğru olaraq qəbul etmək olar. Bu yerdə Baş Güney kəndi ərazisində olan digər yer adlarından bir neçəsini qeyd etmək yerinə düşərdi. Yuxarıda adı çəkilən 2 yerdən başqa “Quyulu yal”, “Yumru təpə”, “Həsənin yeri”, “Ocaqlının bağı”, “Ələmşahın yurdu”, “Məmmədin qışlağı”, “Tirtökülən”, “Nabatdoğan yal”, “Eyvazın yeri”, “Curunun yurdu”, “Göz qayası” kimi bir çox yer adları da var. Adlardan da göründüyü kimi, bu yerlərdə azərbaycanlıların yaşamasının tarixinin uzun illərə söykəndiyini deyə bilərik. Söz düşmüşkən, Baş Güney kəndinin tarixi dəqiq bilinmir. Lakin, kənd sakinlərinin danışdıqları, tarixi olaylar və bu kəndin məzarlığında olan qəbirüstü abidələrin üzərindəki yazılardan da Baş Güneyin tarixinin təxmini 3 yüz ildən çox olmasını deyə bilərik.
    Baş Güney kəndinin əhalisi Mür-şüdlü, Məşədi Rəhimli, Molla Qaralı, Məmməd Hüseynli, Seyidlər tayfalarından ibarət olub. Kəndin ilk sakinlərinin Borçalı və Dərələyəzdən köçmə olduqları da bildirilir. Bunlardan biri olan Kərbəlayi Məhəmməd Mürşüd oğlu olub. Kərbəlayi Məhəmmədin Ələkbər adlı bir oğlu, Ələkbərin isə Həsən və Hüseyn adlı iki oğlu olub. Hüseynin Fərzalı, Mirzəli və Mirzə adlı 3 oğlu, Həsənin isə Aşır, Süleyman, Zümrüd, Gülövşə adlı övladları dünyaya Baş Güneydə göz açıblar. Kənd camaatı ağsaqqal sözü keçən, böyüklərə hörmətlə yanaşan camaat olaraq tanınıb.
    Yuxarıda da qeyd etdik ki, kənd sakinləri ziyalı və el ağsaqqallarına hər zaman hörmət və ehtiramlarıyla seçilib. Bu amil, kənd camaatının müstəqillik dövründə baş verən ictimai-siyasi proseslərin gedişatında da aktiv fəaliyyətinə təsir etməyə bilməzdi. Belə ki, 1988-ci ildə Qa-rabağda baş verən hadisələr zamanı Azərbaycanda baş verən siyasi gərginliyi yalnız bir nəfərin azalda biləcəyi barədə o zamankı hakimiyyət dairələrinə kütləvi imza toplamaqla məktublar ünvanlayıb, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə çıxış ediblər. Kənd ağsaqqallarının təşəbbüsü ilə Qarabağda ilk dəfə məhz bu kənd sakinləri 1990-cı il 20 Yanvar hadisələri zamanı şəhid olan soydaşlarımızın ailələrinə yardım fonduna 2 min manata yaxın maddi vəsait toplayaraq, yardım kampaniyasına qoşulurlar. Həmin dövrün çətin zamanlarına baxmayaraq, kənd qəbiristanlığında 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə kompleksi Qarabağda ilk dəfə bu kənddə ucaldılıb.
    Qeyd edək ki, 1992-ci ilin 12 mart tarixində Baş Güney kəndi ermənilər tərəfindən işğal edilərkən kəndin 22 nəfər sakini şəhid olub.
    Mənbə: Daşqın Güneyli, “Kəmərin qan yaddaşı” kitabı. Xüsusi ilə vurğulamaq yerinə düşərdi ki, “2019-cu il aprelin 6-da bütün ölkə boyu, hər kəsin böyük sevinclə qar-şıladığı Müstəqil Azərbaycan Respublikasının 10 milyonuncu sakini də məhz Baş Güney kəndindən olan Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində dünyaya göz açıb”.
    Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güney kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Baş Güney kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib .
    Oxşar toponim olan Orta Güney kəndi yeni bir yaranmış kənddir ki, ora da yalnız 30 evdən ibarət azərbaycanlıların məskunlaşdığı bir ərazini əhatə etmişdir.
    Dəyərli məlumatlarını “Qarabağın Ağdərəsi” monoqrafiyasının ərsəyə gəlməsi üçün təqdim edən tədqiqatçı və Baş Güneypəyə kəndinin sakini Daşqın Güneyliyə təşəkkür edirik.

    Türkan Qasımova,
    BDU-nun dissertantı

    Müəllif: Redaktor, 09:50

İsmarıclar bağlıdır.