Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    İKİ DƏFƏ YARALANDI, AYAQ ÜSTÜNDƏ DURMAĞI BACARDI

    Süleymanlı Hüseyn Nadir oğlu 22 iyun 2004-cü ildə rayonumuzun Qaynaq kəndində doğulub. Peşəyə böyük marağı olduğu üçün orta təhsilini başa vuran kimi məktəbdən ayrılıb. Avtodiaqnostikanı öyrənib. Bir müddət Tərtərdə, sonra Bərdədə işləyib.
    Vətən borcunu yerinə yetirmək vaxtı çatanda sevinə-sevinə hərbi xidmətə yollanıb. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı olan gənci xüsusi təyinatlı komando briqadasına qəbul ediblər. Hərbi xidmət müddətinin hər günü Hüseyn üçün səmərəli keçib. Snayperçi, pulemyotçu, sanitar, hava hücumundan müdafiə kurslarını bitirib. Çoxlu sertifikat, təşəkkürnamə alıb.
    Hərbi xidmət müddətini başa vurmaq vaxtı yaxınlaşırdı. Evlərinə dönməyə 3 ay qalırdı. O, Gəncədə, Qusarda, Qubadlıda, Laçında, Xocavənddə xidmət etmişdi. Hər yerdə də komandirlər ondan razılıq edir, bu qoçaq oğlanın gösəl gələcəyi olacağını söyləyirdilər.
    Həmin günlər haqqında Hüseyn belə danışır:
    –Senytabrın 19-da antiterror əməliyyatının başlanması bizim üçün gözlənilməz olmadı. Biz bu məqamın yaxınlaşdığını hiss edirdik. Hər birimizin arzusu düşməndən şəhidlərimizin intiqamını alıb, işğal altında qalan torpaqlarımızı geri qaytarmaq idi.
    Hüseyn Süleymanlı sentyabrın 19-da səhər saat 11-də Xocavəndin Qırmızı Bazar kəndi istiqamətindən döyüşlərə qatılıb. Döyüş yüksəkliklərdə aparılır, düşmən artilleriyası bir an belə susmurdu. Lakin elə ilk saatlardan üstünlüyü ələ alan Azərbaycan Ordusu böyük ruh yüksəkliyi ilə irəliləməyə başladı. Döyüşün 2-ci saatında Hüseyn ayağından yaralanır. Yoldaşları yaxınlıqda olmadığı üçün, o, özü yarasını bağlayıb döyüşü davam etdirir.
    Artıq ermənilər qarşıdakı 3 yüksəkliyin üçündən də çəkilirdilər. Hamı hiss edirdi ki, bu, düşmənin son saatlarıdır. Tezliklə əsgərlərimiz qarşıya qoyulmuş vəzifəni yerinə yetirəcəklər. Qələbənin yaxınlaşmasından doğan əhval-ruhiyyə elə yüksək idi ki, hər kəs bu anları daha da tezləşdirməyə çalışırdı. Ayağındakı ağrılara baxmayaraq, Hüseyn də dayanmır, əlindəki silahla düşmənin başına od ələyirdi. Elə bu zaman qarşıdan erməni snayperçisinin açdığı atəş nəticəsində o, budundan ağır yaralanır.
    Onu çıxarmağa gələn Heydər Rəhimov da yaralanır və yoldaşına kömək edə bilmir. Bundan sonra tağım komandiri, baş leytenant Kərəm Həsənov düşmənin gözü qarşısında yaralının neytral zonadan çıxarılmasına nail olur. Cəmi bir saat bundan sonra isə qəhrəman komandir şəhidlik zirvəsinə ucalır.
    Hüseyn deyir:
    – Kərəm Həsənov igid komandir, böyük qardaş, gözəl insan idi. Onun komandir olduğu tağımda xidmət etdiyim üçün qürur duyuram. Azərbaycan hərbçisinin bütün gözəl keyfiyyətləri bu insanda cəmləşmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
    Yaralanandan sonra Hüseyn 6 aydan artıq müxtəlif hospitallarda müalicə olunub. Əvvəlcə vəziyyətini görən heç kəs onun ayağının xilas edilməsinin mümkünlüyünə inanmayıb. Lakin Allahın möcüzəsi və həkimlərimizin peşəkarlığı gəncimizə kömək olub. İndi o, öz ayaqları üstündədir, ağrılı olsa da, yeriyir.
    Hüseyn çətin günlərində ona dayaq olan insanlara öz təşəkkürünü bildirdi. Dedi ki, rayon rəhbərliyi də onu unutmur, vaxtaşırı evlərinə gəlib yoxlayır, problemlərinin həllində kömək edirlər.
    Bu igid döyüşçünü, onu tərbiyə edən ailəni Azərbaycan Ordusu Günü münasibətilə təbrik edir, Hüseynə sağlamlığına qovuşmasını arzulayırıq.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.