Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Ülviyyə Mehdili Sarıcalı kənd tam orta məktəbinin riyaziyyat müəllimidir. O, müəllimlərin sertifikasiya imtahanından rayon üzrə ən yüksək–59 bal toplayıb.
    Ülviyyə müəllim deyir:
    –Yenidən peşə seçsəydim, yenə də müəllim olardım.
    Sertifikasiya imtahanı haqqında isə fikri belədir:
    –Öz fənnimə aid suallarda heç bir çətinlik çəkmədim. Kurikulumla bağlı məsələlər də maraqlı idi. Ümumiyyətlə, imtahan saatlarının necə keçdiyini hiss etmədim. Həyəcanlı da deyildim. Çünki biliyimə arxayın idim.
    Ülviyyə Mehdili rayonumuzun Sarov kəndində müəllimlər ailəsində dünyaya gəlib. Atası Əbil Mehdiyev idman müəllimidir, anası Səxavət xanım Sarov kənd tam orta məktəbinin psixoloqudur. Ailənin üç övladı da valideynlərinin yolunu seçib. Hər üçü müəllimdir.
    Ülviyyə 2015-ci ildə 554 balla Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinə daxil olub. Burada təhsil müddəti 5 il idi. Həmin müddətdə Ülviyyə Mehdili “Gələcəyin müəllimi” təqaüdünü alıb.
    Universiteti bitirən kimi müəllimlərin işə qəbulu ilə bağlı imtahan verib və 47 bal toplayıb. Sarıcalı kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunub.
    Bu il onun ilk dəfə dərs dediyi uşaqlar məzun olublar. Bu barədə belə deyir:
    –“Son zəng” günündə çox sevincliydim. Ona görə ki, bu gözəl tədbiri ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin müəllimləri və şagirdləri kimi qeyd edirdik. İkincisi, ilk dəfə dərs dediyim uşaqlar artıq müstəqil həyata qədəm qoyurdular. Onların hər birinin böyüməsində, biliklərə yiyələnməsində mənim də payımın olması qürurverici hissdir. Əvvəlki buraxılışlarda olduğu kimi, builki məzunlarımız da kollektivimizin ümidlərini doğruldublar.
    Sarıcalı kənd tam orta məktəbində işlədiyi üçün Ülviyyə müəllim özünü şanslı hesab edir. Çünki məktəbin gözəl pedaqoji kollektivi var. Direktor Vəsilə Mehdiyeva isə onların hər biri üçün rəhbər olmaqla yanaşı, böyük bacı və hər zaman arxalana biləcəkləri insandır.
    O, rəhbərlik etdiyi sinif haqqında da həvəslə danışdı. Bildirdi ki, sinifdəki 15 uşağın hər birini öz övladı kimi sevir.
    Sonda bu yazını Ülviyyə Mehdilinin öz sözlərilə bitirmək istəyirəm: “Müəllimlik şərəfli, məsuliyyətli işdir. Müəllim hər zaman xalqın gələcəyini düşünüb vətənpərvər, savadlı, humanist dünyagörüşünə malik gənclər yetişdirməyə çalışmalıdır.”

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:38

İsmarıclar bağlıdır.