Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    (Əvvəli ötən sayımızda)
    Əgər 1991-ci il sentyabrın 17-dən 24-ə qədər ov tüfəngi ilə döyüşülərək hər gün, hər saat, hər an dağlardan kömək gələcəyi gözlənilirdisə, 29 il sonra, 2020-ci ildə bu kömək gəldi və 32 il sonra, 2023-cü ilin sentyabrında isə erməni quldurları “Dəmir Yumruğ”un yeni zərbəsinə tab gətirə bilmədilər. Hər tərəfdən, o cümlədən dağlardan gələn kömək kəndlərimizi azad etdi.
    Kəndin yaylaqları: Yelliyal yurdu, Zərnişan bulağı yurdu, Seyidlər yurdu, Çöplügöl yurdu, Babakişilərin yurdu, Dükanlar yurdu, Qaraqaya yurdu, Göyxır yurd, Daşağıl yurdu, Seyidölən yurd, Yəhər yurd, Suçıxan yurd.
    Kəndin bulaqları: Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı və Çömçə bulaq.
    Kəndin məhşur yerləri: Ərikli, Ərikliocagi-Pir, Pirpəyə, Uzundərə, Çayyeri, Soltanbəyin yurdu, Ədilbəyin yurdu, Mehtibəyin yurdu, Əliuçan, Qoşdaş, Soltanbəyin Çinarlari (1200 yaş), Nəbidərəsi, Temirin yurdu, Qaradaş, Qumqazılan, Alıyevli qışlağı, Burunctapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulugüney, Gillər, Şişqaya, Kolavatın döşü, Almədətli, Ciqrayeri (Ciqrayeri – Tütün əkilən yer), Sılıflı, Gərəkçay, Ağdaban çayı, Torağaçay, Dəyirmanın yanı, Gölpəyə, Güllübağ, Təkarmud, Sarıuçuq, Yalyeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəligöl, Qozlupəyə, Ocağınyanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağbulaq, Zərifli, Qarabulaq, Siçanli yurdu, Kurqan, Qaraqaya dağı, Atyolu, Zəlligöl, Zəligöl.[Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.]
    Kəndin binələri və qışlaqları: Zəli göl binəsi, Qırmızı ferma binəsi. Kəndin ərazisindən axan çay Gərək çayı adlanır.
    İşğaldan qabaqki dövrdə kəndin ümumi əhalisinin sayı 1600 nəfərə yaxın idi. Sovet vaxtı kəndin əhalisi heyvandarlıq və əkinçiliklə məşğul idi, kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.
    Kəndin tarixi ilə daha yaxından tanış olmaq məqsədi ilə etnoqrafik araşdırmalara da tarixi rakurs etmək ümumi işin xeyrinə olar deyə düşünürük.
    3-cü Qərvənd (Umudlu) bəylərindən olan Əziz bəyin övladları haqqında faktları verməyimiz düşünürəm ki, yerinə düşər. Ağdərə rayonunda “Umudlu” kənd adının Umud bəyin adı ilə bağlı olduğu olduqca maraqlı bir tarixdir.
    Tarixçi alim, dosent Qorxmaz Mustafayevin tədqiqatlarına əsasən “1849-cu ildə 3-cü Qərvənd (Gərravənd) kəndində iki bəy ailəsi qeydə alınıb: 1) Tanrıqulu bəy (Umud bəyin oğludur, bu ailənin şəcərəsi haqqında yazmışam); 2) Əziz bəy.
    İndi də Umudlu bəylərindən biri olan Əziz bəy haqqında:
    -1849-cu ildə keçmiş Kolanı mahalının 3-cü Qərvənd (Gərravənd) kəndinin bəylərindən biri də Əziz bəy idi. Əziz bəyin 59 yaşı olduğu qeyd olunub. Əziz bəyin böyük oğlu Nəsib bəy 26 yaşında ölüb, Nəsib bəyin 4 yaşlı oğlunun adı Aslan bəy olub. Əziz bəyin digər oğlanları: 1) Usub bəy-20 yaş, 2) Bəybala bəy-15 yaş, 3)Şahmalı bəy-13 yaş, 4) Abbasqulu bəyin isə 9 yaşı olub.
    Əziz bəyin övladlarından Bəybala bəyin, Abbasqulu bəyin və Nəsib bəyin oğlu Aslan bəyin də varisləri var, onlar haqqında sonra.
    Əziz bəyin övladlarından Şahmalı bəy haqqında:
    1875-ci ildə Şahmalı bəy Əziz bəy oğlunun 5 oğlu var idi. 1) Əbdürrəhman bəy 2) Zaman bəy 3) Baxşəli bəy 4) Məhərrəm bəy 5) Əli bəy.
    Əbdürrəhman (Abdurəhman) bəy haqqında.
    1875-ci ildə Əbdürrəhman bəy Şahmalı bəy oğlunun Mustafa bəy adlı körpə oğlu olduğu qeydə alınıb. Abdürrəhman bəyin 1875-ci ildən sonra doğulan oğlanlarından biri də Musa bəy olub. Sovet hökumətinin qurulmasından sonra Musa bəy Bərdədə məskunlaşıb, ancaq öz kəndi, el-obası ilə daimi əlaqə saxlayıb. Musa bəyin övladları Bərdə, Tərtər şəhərində, Ağdərə rayonunun Umudlu, İmarət-Qərvənd kəndlərində və Kəlbəcər rayonunda yaşayıblar.
    Musa bəy Abdurəhman bəy oğlunun Ağdərə, Kəlbəcər ərazisində yaşayan varisləri də köçkünlük-qaçqınlıqla əlaqədar hal-hazırda əsasən Tərtər, Bərdə, Goranboy rayonlarında və Bakı şəhərində yaşayırlar.
    Ağdərə rayonunun İmarət-Qərvənd kəndi.
    Qərvənd (Gərravənd) bəylərindən yazmışkən sonralar İmarət-Qərvənd adlandırılan Birinci Qər-vənd (yaxud Birinci Gərravənd) qeyd edilir ki, 1850-ci ildə keçmiş Kolanı mahalının 1-ci Qərvənd kəndinin bəylərindən biri Allahveys bəyin nəvəsi Həşim bəy Teymurxan bəy oğlu idi. Allahveys bəyin Teymurxan (Temirxan) bəy və Qəhrəman bəy adlı oğ-lanları məlumdur. Allahveys bəy 1822-ci ildə Meh-diqulu xanla birlikdə qaçaraq, Qacar xanədanlığı (İrəvan xanlığına) sığınmışdı. İmarət-Qərvənddə (Kərəmli) Allah veys bəyin yurdu “Allaves” kimi tanınırdı.
    Həşim bəyə çar hökuməti “praporşik” rütbəsi vermişdi. Həşim bəyin babasının şərəfinə adlandırdığı oğlu Allahveys bəy 18 yaşında, Teymur bəy adlı oğlu 14 yaşında, Rüstəm bəy adlı oğlu 12 yaşında, əmisinin şərəfinə adını qoyduğu Qəhrəman bəy 9 yaşında vəfat ediblər. 1850-ci ildə praporşik Həşim bəyin kiçik oğlanları Hüseyn bəyin 6, Məhəmməd bəyin isə 3 yaşı var idi, Mustafa bəy, Həsən bəy sonradan doğulublar.
    İkinci bəy ailəsi isə Ağa bəy İman bəy oğlu idi. Üçüncü bəy ailəsi Abbas bəy Şahbaz bəy oğlu. Dördüncü bəy ailəsi Salman bəy İsaxan bəy oğluna məxsus olub. Həşim bəyin oğlu Hüseyn bəyin Aslan bəy, Mehdi bəy, Hidayət bəy, Əbülfət bəy adlı oğlanları olub.
    Mustafa bəyin oğlanları Bahadur bəy, Həşim bəy. Həsən bəyin oğlanları Əsəd bəy, Həmid bəy olub.
    1920-30-cu illər yuxarıda adı çəkilən bəylərin varislərindən, yaşlıların da xatırladığı Firudin bəy Murov yaylağında Daşağıl tərəflərdə atışmada vəfat edib və yaylaqda, ya Kərəmli qəbiristanlığında, ya da Seyidlər qəbiristanlığında dəfn olunub.
    Ədil bəy də ehtimal ki, Kəlbəcər üsyanından (1929-1930) sonra, (bəlkə də başqa bir döyüş olub, dəqiq ilini xatırlamırlar) ağır yaralı halda kəndə-İmarət Qərvəndə qayıtmağa çalışıb, ancaq Yanşaq-Bağırlı ətraflarında yarası ağır olduğundan vəfat edib.
    Digər bəylərin varisləri 1950-ci illərə qədər xatırlanır, Nüsrət bəy, Mehdi bəy, Bahadur bəy və s., onların əkin yerləri və bağları.
    İmarət Qərvənd toponimi XX əsr dahi yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan “Qanlı illər” adlı əsərində də öz əksini tapmışdır. Sözügedən hissəni mənbənin 63-cü səhifəsində qeyd olunduğu kimi diqqətinizə çatdırırıq: “3-cü sahə isə Dağbasar köylərindən ibarət olub əksəriyyətdə varlı və sərvət sahibi olan ermənilərin əlində idi. Bu sahədə islam köyləri fəqət Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət Qərvənd, Xaçın çayı boyunca Şaxavənd, Köynəpay, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi sair dağlıq köylərdən ibarətdir ki, Kolanılılar adlandırılmışdır” [Məmməd Səid Ordubadi. Qanlı illər. Bakı, 2007, 184 s.].
    Kolanı bəyləri yoxa çıxdıqca dünənki nökərləri olan ermənilər onların torpaqlarını mənimsədilər. İndi Çapar kəndinin yerləşdiyi yer adı çəkilən sonuncu bəylərin yurdudur.
    İmarət Qərvənd kəndinin hər iki Qarabağ müharibəsi nəticəsində 18 şəhidi var. Allah şəhidlərimizə rəhmət etsin!
    Beləliklə İmarət Qərvənd adlı dilbər güşəmiz də artıq yeni və yerli sakinlərini 32 illik həsrətdən sonra səbirsizliklə gözləyir. Ümidvaram ki, orada gedəcək abadlıq işlərini və yeni tarixini qeydə alınan tarixi tədqiqatlarla birgə gələcək nəsillərə ötürəcəyik. Dəyərli məlumatlara görə tarixçi alimimiz, dosent Qorxmaz Mustafayevə dərin minnətdarlığımızı bildiririk.

    Türkan Qasımova,
    BDU-nun dissertantı

     

    Müəllif: Redaktor, 08:44

İsmarıclar bağlıdır.