Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Avq

    “DÜŞMƏNİ QOVUB, TORPAQLARIMIZDAN ÇIXARMALIYIQ”

    Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, ana qucağıdır. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin müqəddəs torpağıdır, qanımızın axdığı yerdir.

    Şəhidlik müqqədəs bir iş üçün canını fəda etməkdir. Din, torpaq, namus, bayraq uğrunda canından keçənləri şəhid adlandırırıq. Şəhidlik dinimizdə ən yüksək dərəcədir. Bu gün rahat yaşadığımız, əkib becərdiyimiz, bərəkətindən bəhrələndiyimiz torpaqlar üçün məhz şəhidlərimizə borcluyuq. Bizim də onlar, vətən qarşısında borcumuz bu torpaqları göz bəbəyi kimi qorumağımızdır.
    Bu ali yüksəkliyə ucalan insanlar ölmürlər. Ölümü ilə ölməzlik qazanan igid oğullarımızdan biri də Surxayzadə Cahangir Hətəm oğludur.
    Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı ildə iyulun 9-da rayonumuzun Qaynaq kəndində dünyaya göz açıb. Surxay ailənin ikinci övladıdır. Özündən böyük Babək adlı bir qardaşı var. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanır. Ailəsi deyir ki, Cahangir çox sevincli idi. Bu, onun gözlərindən oxunurdu. Ayrılarkən belə üzündən gülüş əskik olmadı.
    Anasına: “Ana, heç nədən qorxma, mən Vətənə olan borcumu layiqincə ödəyib geri, evimizə dönəcəm,” – deyərək, yola düşür. Əsgərliyə getməmişdən öncə hər kəslə bir-bir görüşüb sağollaşmışdı. Çox qohumcanlı uşaq idi.
    Əsgəri borcunu yerinə yetirdikdən sonra yenidən hərbiyə qayıdır. Ordumuzda müddətdən artıq hərbi qulluqcu kimi xidmət etməyə başlayır. Bu, onun uşaqlıq arzusu olub. Torpaqlarımızın düşmən tapdağı altında olması hər bir azərbaycanlı kimi Cahangiri də narahat edirdi. Bu işğalla heç zaman barışmırdı. İnanırdı ki, nə vaxtsa torpaqlarımızı düşməndən azad edəcəyik. Elə belə də oldu.
    27 sentyabr 2020-ci ildə başlayan əks-hücum əməliyyatı bizi arzularımıza qovuşdurdu.
    Cahangir kimi bütün ordumuz neçə illərdir bu anı gözləyir, bunun üçün təlimlər keçir, müasir silahlardan istifadəni öyrənirdi. Ordu, xalq arasında qələbəyə inam heç zaman azalmırdı. Cahangir də döyüş yoldaşlarıyla cəbhədə düşəmənə layiqli cavab verirdi. Azərbaycan Ordusu düşmənin başına sözün həqiqi mənasında od ələyirdi. Cahangir komandirlərinin verdiyi tapşırıqları layiqncə yerinə yetirirdi. Yaralı yoldaşlarına kömək edir, mühasirədə olanları xilas edirdi. “Ancaq irəli, düşməni qovub torpaqlarımızdan çıxarmalıyıq,” – deyərək, əsgər yoldaşlarına ruh yüksəkliyi, qələbə inamı gətirirdi. O, kiçik dəstələrlə düşmənin arxasına keçərək lazımi məlumatları komandirlərinə verirdi. Vətənin hər qarış torpağına, daşına o qədər müqəddəs baxırdı ki, bir daşının belə düşməndə qalmasına razı deyildi. Ən çətin dağlıq ərazilərin relyefinə, daşına o qədər bələd idi ki, sanki bu dağlarda böyüyüb boya-başa çatıb.
    Döyüş meydanında ordumuzla bacara bilmirdi düşmən. Cahangir kimi qorxmaz igidlərimiz onları necə vəlvələyə salmışdısa, üz-üzə döyüşməkdən çəkinirdilər. Cahangir isə döyüş yoldaşlarına deyirdi: “Mən şəhid olsam da düşmən bu torpaqlardan rədd olacaqdır”.
    Anasıya söhbətimizdə İltifat ana deyir:
    – Əvvəllər sözlərini, hərəkətlərini göz yaşlarıyla xatırlayırdım. Antiterror əməliyyatından sonra isə qürurla xatırlayıram. Çünki oğlumun arzusu arzu olaraq qalmadı. Bu gün Vətənimiz bütövləşib. Biz azad, bütöv bir dövlətin vətəndaşıyıq. Və çox sevinirəm ki, bu dövlətin vətəndaşı olaraq mənim də oğlumun payı var bu Zəfərdə. Təbii ki, bir ana olaraq övladım haqqında keçmişdə danışmaq çox çətindir. Şükür edirəm ki, oğlumun qanı yerdə qalmadı. O, qardaşıyla telefonda danışarkən: “Vətən bizə əmanətdir! Torpaqlarımızı azad edib alnıaçıq-üzüağ evimizə dönəcəyəm,” – deyib. Hər dəfə torpaqlarımız azad olduqca sevinə-sevinə zəng edər, az qalıb, qələbəylə geri dönəcəyik deyərdi. Onun sorağı Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan gəlirdi. Döyüş yoldaşları bizimlə görüşdə Cahangirin tez zamanda xidmət etdiyi hərbi hissənin zabit və əsgərlərinin hörmətini qazanmasından, səliqəli-səhmanlı olmasından, hər-binin bütün nizam-intizamına riayət etməsindən danışırlar. Heç kəsin xətrinə dəymədiyini söyləyirlər.
    “Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevincini bəxş edən Cahangir, tək mənim deyil, bütün Azərbaycan xalqının övladıdır,” – deyir ana.–Bu cür oğulların sayəsində artıq rahat yaşayırıq. Şükürlər olsun ki, neçə illər davam edən bu müharibəyə son qoyuldu. Allah Ali Baş Komandan İlham Əliyevi, Ordumuzu qorusun. Bizim xalqa Qələbə çox yaraşır.
    Babək qardaşı haqqında belə söyləyir:
    – Cahangir məndən balaca olub. Hər zaman hərbiyə maraq göstərirdi. O, küçədə uşaqları başına yığaraq hərbi haqqında danışır, sıra düzülüşü edir, uşaq tapançaları ilə oynayırdılar. Heç zaman bayrağımız əlindən düşməzdi. Biz çox mehriban qardaş olmuşuq. Bu gün onun haqqında danışmaq mənə çox çətindir. Cahangirin son döyüş yolu Daşaltıdan keçəndən sonra Şuşanın girəcəyi olub. Zəng edərkən “Lap az qalıb, ana! Tezliklə bütün torpaqlarımızda bayrağımız dalğalanacaq,” – demişdi. Biz hər birimiz qələbə sevinci ilə yaşayırıq. Bircə şeyə çox təsirlənirəm ki, qardaşım bizim müqəddəs Qələbəmizi görə bilmədi. Noyabrın 9-da onun şəhid xəbəri gəldi. Qələbəyə 2-3 saat qalmış düşmənlə əlbəyaxa döyüşdə şəhid olmuşdu. Noyabrın 10-da bütün rayon ictimaiyyəti, kənd camaatı, döyüş yoldaşları onu sonuncu mənzilə yolla salmağa gəlmişdilər. Mənim iki övladım var. Döyüşlərin qızğın çağı idi. Düşmən rayonlarımızı atəşə tuturdu. Həmin vaxt mənim övladım dünyaya gəldi. Cahangir zəng etdi: “Qorxmayın, biz onların cavabını döyüş meydanında layiqincə veririk. Əgər istəsəniz, uşağın adını Fatimə qoyarsınız. Bu, onun bizdən istədiyi sonuncu arzusu oldu. Oğlumun adını isə Cahangir qoyduq. Ümid edirəm ki, o da əmisi kimi qorxmaz, cəsur, igid, torpağına, millətinə layiqli bir övlad olacaq.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cahangir Surxayzadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Rəhimov Elbrus Musa oğlu

    1970-ci il avqust ayının 23-də Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidinin Dəmirçilər kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1989-1991-ci illərdə Murmansk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Tərtər rayon Avtobazasında sürücü işləmişdir. 1993-cü ilin sonunda könüllü olaraq 130 saylı hərbi hissəyə daxil olmuşdur. Xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il iyun ayının 16-da “İrəmə” adlanan sahədə həlak olmuşdur. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilmişdir.
    Subay idi. Atası rəhmətə gedib, anası Dəmirçilər kəndində yaşayır.

     

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.