Orta məktəbi müvəffəqiyyətlə bitirən 7 tərtərli gənc Qarabağ Universitetinin tələbəsi oldu
Bugünkü gənclər Qarabağı böyüklərin sözündən-söhbətindən tanıdılar və qəlbən sevdilər. 44 günlük Vətən müharibəsində qanlarıyla, canlarıyla bu sevgini sübut etdilər. Şəhid oldular, yaralandılar, ancaq düşməni şəhərlərimizdən, kəndlərimizdən qovdular və hər yerdə böyük qürurla, fəxrlə Azərbaycan bayrağını dalğalandırdılar. Şəhidlərimizin, igid oğulların qanı tökülən o torpaqlar hər birimiz üçün müqəddəsdir. Böyük Qayıdış başlayıb. Kimi Qarabağı ziyarət etməyə gedir, kimi qurub-abadlaşdırmağa, kimi isə təhsil ardınca. Qarabağ Universitetini seçən 7 nəfər tərtərli gənc kimi.
Emil Əhmədli, şəhər 6 saylı tam orta məktəbin məzunu
Emil 44 günlük Vətən müharibəsi veteranı Elşən Əhmədovun övladıdır. Bir oğul kimi atasının və hər bir Azərbaycan əsgərinin, zabitinin keçdiyi şərəfli döyüş yolu ilə fəxr etdiyini söyləyir.
Deyir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ torpaqlarını düşməndən tamamilə azad etdi, milyonların arzusunu həqiqətə çevirdi. O torpaqları abadlaşdırmaq, ermənilərin xaraba qoyduqları şəhər və kəndləri cənnətə döndərmək bugünkü gənclərin vəzifəsidir. Bundan ötrü oxumaq, savadlı kadr kimi yetişmək lazımdır.
Emil buraxılış imtahanlarından 274,4, ümumilkdə isə 595,9 bal toplayaraq Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə maliyyə ixtisası üzrə daxil olub. O, orta məktəbi qırmızı attestatla bitirib. Arzu edir ki, Universitetdə təhsil aldığı birinci il ingilis dilini yaxşı öyrənib, sonra təhsilini bu dildə davam etdirsin.
Emil deyir:
– Xarici dili öyrənməyimiz bizə dünyaya çıxışı təmin edəcək. İndiki dövrdə bu, çox vacibdir. Vətənimizə daha çox xeyir vermək üçün, biz dünya təcrübəsini öyrənməliyik.
–Atası Elşənin də fikirlərini öyrəndik. O dedi:
–Ailəmizdə üç övlad böyüyür. Aysel Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir. Emil bu il bizi çox sevindirdi. Qarabağ Universitetinin ilk tələbələrindən oldu. Kiçiyimiz isə hələ məktəblidir. Ailəmizdə tərbiyənin əsasını vətənpərvərlik təşkil edir. Yəni böyüyən övlad Vətəninə, xalqına bağlı olmalıdır ki, layiqli vətəndaş olsun. Mənə elə gəlir ki biz buna nail olmuşuq. Birazdan hamılıqla Qarabağa gedəcəyik. Döyüşdüyüm yerləri övladlarıma göstərəcəyəm, döyüş yoldaşlarımdan danışacağam. Şəhidlərimizə Allah rəhmət eləsin. Məhz onların qəhrəmanlığı sayəsində biz bu xoşbəxt günləri yaşaya bilirik. Allah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə cansağlığı versin. Məhz onun “dəmir yumruğ”u, xalqın bu “dəmir yumruq” ətrafında birləşməsi sayəsində indi ölkəmizdə əmin-amanlıqdır.
Emil onun uğurunda zəhməti olan hər kəsə öz təşəkkürünü bildirdi. Dedi ki, müəllimlərini çox sevir, xüsusilə ibtidai sinifdə ona dərs deyən Sevda müəllimi heç zaman unutmayacaq. Yiyələndiyi bütün biliklər onun qurduğu möhkəm bünövrə üzərində dayanır.
– Valideynlərimə də çox minnətdaram, – deyir Emil. Onlar mənə hər zaman inanıblar. Uğur qazanmaq üçün mənəvi dəstək vacibdir.
Emil haqqında söhbət açarkən inanırıq ki, onun gələcək nailiyyətləri barədə də oxucularımıza maraqlı məlumatlar verəcəyik.
Leyla Məmmədova, Cəmilli kənd tam orta məktəbinin məzunu
620 balla Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olan Leyla Məmmədova həyatında ilk müsahibəsini bizim “Yeni Tərtər” qəzetinə verdi. O dedi:
–30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi və Azərbaycanımızın bütövləşməsi xalqımızın həyatında yeni dövrün başlanğıcı oldu. Böyük Zəfərimiz eyni zamanda biz gənclərin də həyatını dəyişdirdi. Axı, qalib xalqın övladı olmaq olduqca qürurvericidir. Bu hadisədən sonra özümüzə də, qarşımıza qoyduğumuz hədəflərə də yeni gözlə baxmağa başladıq.
Uşaqlıqdan xarici dillərə böyük marağım olub. Düşünürdüm ki, Azərbaycan Dillər Universitetində təhsil alacağam. Ancaq eşidəndə ki, Xankəndi şəhərində Qarabağ Universiteti açılıb, fikrimi dəyişdim. Axı, gözümzü açandan valideynlərimizin Qarabağ həsrətilə yaşadığını görmüşdük. İndi Qarabağ torpağında oxumaq, yaşamaq imkanı varsa, bu, arzularımızın, yuxularımızın gerçəkləşməsidir.
İngilis dilini yaxşı bilsəm də, daha da mükəmməl öyrənməyə çalışacağam. Hüquq elmlərini mənimsəyəcəyəm. Bunların hamısı ölkəmiz üçün gərəklidir.
Bu gün Azərbaycan dünyada günəş kimi parlayır. Ancaq bizi istəməyənlər, ağı qara kimi gös-tərmək istəyənlər var. Onlara öz savadımızla, vətənpərvərliyimizlə cavab verməliyik.
Qarabağa, Qarabağ Universitetinə böyük ümidlərlə gedirəm. Şəhidlərimizin, şəhid analrının qarşısında baş əyirəm. Arzu edirəm ki, o torpaqlarda partlayış səsi eşidilməsin, oranı ziyarət edən məşhurlarımızın səsi səmaya ucalsın, hər yana gənclərimizin, körpələrin gülüş səsləri yayılsın.
Nərmin Səfərli, şəhər 5 saylı tam orta məktəbinin məzunu
“Yeni Tərtər”in qonağı olan Nərmin Səfərlinin söhbətlərindən:
–Qarabağımız işğaldan azad ediləndən mən babamı tanıya bilmirəm. Elə xoşbəxt, elə sevinclidir ki! Hələ eşidəndə ki, Xankəndidə Qarabağ Universiteti açılır, ilk sözləri bu oldu: “Nərmin, yaxşı hazırlaş, yüksək bal topla və həmin universitetin tələbəsi ol!”. Bunun ardınca Qarabağ Universitetinin rektoru hörmətli Şahin Bayramov Tərtərdə, bizim məktəbdə məzunlarla görüş keçirdi. Həmin görüşə mən babamla getdim. Şahin müəllim universitetdə tələbələrə yaradılacaq şəraitdən danışdıqca, babamın sevinci də artırdı. Sonra bizə də söz verdilər. Mən rayon rəhbərinin, universitet müəllimlərinin, öz müəllimlərimin və yoldaşlarımın qarşısında söz verdim ki, imtahanlardan yüksək bal toplayıb Qarabağ Universitetini seçəcəyəm. Belə də oldu. 513 balla Qarabağ Universitetinin Azərbaycan Dili və Ədəbiyyatı müəllimliyi fakültəsinə daxil oldum. Mənim bu uğurumda əziyyəti olan bütün müəllimlərə ürəkdən təşəkkür edir və qürur duyuram ki, onların da, valideynlərimin də etimadını doğrultdum.
Bu gün mən Qarabağa təhsil ardınca gedirəm. Gələcəkdə isə savadlı mütəxəssis kimi burada yaşayan, böyüyən gənc nəslin təlim-tərbiyəsinə öz töhfəmi vermək fikrindəyəm. 30 il düşmən tapdağı altında inləyən torpaqlar yolumuzu gözləyir. Buranın səmasında şəhid ruhları var. Biz onlara layiq olmalıyıq. İnanıram ki, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik.
Bilirəm ki, universitetdə bizim üçün hər cür şərait yaradılır. Buna görə dövlət başçısına, sevimli Mehriban xanıma, Qarabağ Universitetinin bütün kollektivinə ailəmiz adından təşəkkür edirəm.
Rəna Qarazadə, Mamırlı kənd tam orta məktəbinin məzunu
Rəna 463 balla Qarabağ Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə daxil olub. Onun qardaşı Murad isə ötən il 610 balla İqtisad Universitetinin tələbəsi oldu. Murad məktəb illərində həm respublika olimpiadasının, həm də bir sıra beynəlxalq olimpiadaların qalibi kimi böyük uğurlar qazanıb.
Mamırlı kənd tam orta məktəbinin direktoru Əli Əzimov deyir:
–Murad da, Rəna da məktəbimizin fəxridirlər. Biləndə ki, Rəna Qarabağ Universitetinə da-xil olub, qürur duyduq. Ona görə ki, məktəbimizin məzunu bu təhsil ocağının həm ilk tələbələrindən, həm də ilk məzunlarından olacaq. Bu yolda ona uğurlar arzulayırıq.
Rəna isə dedi ki, Xankəndi şəhərini hələ görməyib. Səbirsizliklə dərs ilinin başlamasını gözləyir.
Aynurə Mirzəlizadə, Əskipara kənd tam orta məktəbinin məzunu
Aynurə orta məktəbi qırmızı attestatla bitirib. II qrup üzrə imtahan verərək ümumilikdə 445 bal toplayıb. Qarabağ Universitetinin İqtisadiyyat fakültəsində təhsil alacaq.
Aynurə deyir:
– Qarabağ Universitetinin rektoru hörmətli Şahin Bayramov rayonumuzda orta məktəbi bitirmiş gənclərlə görüş keçirəndə, mən də həmin tədbirdə iştirak edirdim. Elə o görüşdə də Xankəndidə oxuyacağıma qərar verdim.
Aynurə bildirdi ki, artıq bir dəfə Xankəndi şəhərini ziyarət edib. Qarabağ torpaqlarında olub, o müqəddəs yerləri öz gözlərilə görmək onu həm həyəcanlandırıb, həm də qürurlandırıb.
Aynurə deyir:
–Xankəndi gözəl şəhərdir. Əminəm ki, təhsil illərimiz çox maraqlı və eyni zamanda səmərəli keçəcək. Biz elmin sirlərinə yiyələnərək, Azərbaycan gəncliyinin nəyə qadir olduğunu dünyaya sübut edəcəyik.
Aynurə Qarabağ Universitetinin ilk tələbələrindən və ilk məzunlarından biri olacaq. Bu, tarixin ona və tələbə yoldaşlarına verdiyi gözəl şansdır.
–Bu imkanı, şəraiti bizlərə yaradan Prezidentimizə, dövləti-mizə minnətdaram, – deyir Aynurə. İnşallah, ümidləri doğruldacağıq.
Nahidə Əbilova, Bəyimsarov kənd tam orta məktəbinin məzunu
Nahidə Əbilovanın atası Qərbi Azərbaycanın Vedi rayonunda dünyaya gəlib. Uşaqikən ailəsi zorla ev-eşiklərindən qovulub. Ata Əjdər Əbilov deyir:
–Ailəmiz deportasiyaya məruz qalanda mən 1-ci sinifdə oxuyurdum. Dolu ev-eşiyimizi qoyub Tərtər rayonunun Bəyimsarov kəndinə köçdük. İllər keçsə də, öz kəndimizi, evimizi unuda bilmirəm. Qarabağın işğaldan azad edilməsi ilə qəlbimizdə yaşayan ümidlər artdı. Əminəm ki, gün gələcək, biz də öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Övladımızın Qarabağ Universitetinə qəbul olması ailəmizin böyük sevincinə səbəb olub.
Nahidə özü isə bu barədə belə deyir:
–Düşmən tapdağından azad edilmiş Qarabağda təhsil almaq həm böyük şərəf, həm də məsuliyyətdir. İbtidai sinif müəllimliyi üzrə təhsil alacağam. Mənə yazıb-oxumağı öyrədən, əlimdən tutub elmin yollarına çıxaran Rübabə müəllimin də seçimimə təsiri olub. Eyni zamanda bütün məktəb müəllimlərimə, valideynlərimə təşəkkürümü bildirirəm. Nahidə onu da söylədi ki, Böyük Qayıdış proqramının həyata keçirilməsi ilə bağlı Qarabağda və Şərqi Zəngəzurda savadlı gənc kadrlara ehtiyac var. İllər quş qanadlı olur. Gün gələcək, o da universiteti bitirib bu müqəddəs torpaqlarda uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaq.
Fəridə Şükürova, şəhər 5 saylı tam orta məktəbinin məzunu
Fəridə deyir:
–Nənəm Qarabağlıdır, erməni işğalına qədər Ağdam rayonunda yaşayıblar. Mən Qarabağ haqqında nənəmin şirin və eyni zamanda kədərli söhbətləri ilə böyümüşəm. Özümü xoşbəxt hesab edirəm ki, indi Qarabağ Universitetində, Turizm işinin təşkili fakültəsində təhsil alacağam.
O yerlərə ayaq basacağım günü səbirsizliklə gözləyirəm. Bilirəm ki, Universitetdə bizim təhsil almağımız və rahat yaşamağımız üçün hər cür şərait yaradılıb. Buna görə möhtərəm Prezidentimiz İlham Əliyevə, gənclərə böyük qayğı və həssaslıqla yanaşan Mehriban xanım Əliyevaya ailəmiz adından təşəkkürümü bildirirəm.
İxtisasım ürəyimcədir. Qarşıma məqsəd qoymu-şam ki, ilk növbədə ingilis dilini sərbəst öyrənim. Tələbəlik həyatının hər gününü səmərəli keçirməyə çalışacağam.
* * *
Qarabağ Universitetinə daxil olan bütün gəncləri ürəkdən təbrik edirik!