Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev

    Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

    QARABAĞIN QIZIL GÜLÜ İSRAİLDƏ

    Bir yəhudinin məktubu haqqında
    2015-09-23-17-32-33391844Bu yaxınlarda mətbuatda İsrailin ölkəmizdəki səfiri Dan Stavın aşağıdakı fikrinə rast gəldim: “Təəssüf ki, bir çox ölkələrdə tolerantlıq anlayışı belə başa düşülür:” Mən dözürəm, ancaq sənə nifrət edirəm”. Azərbaycanda isə tolerantlıq anlayışının mənası bu cürdür: “Mən dözürəm, çünki səni sevirəm.”
    Bu sözlər mənə başqa bir yəhudinin Azərbaycana və azərbaycanlılara həsr etdiyi sevgi dolu məktubunu xatırlatdı. İsrailin Netivot şəhərindən Tərtərə göndərilən bu məktubda deyilir: “Dünyanın heç yerində qızıl güllər Qarabağda olduğu qədər ətirli deyil və dünyanın heç bir guşəsində insanlar Azərbaycandakı kimi digər millətlərə dözümlülük və mehribançılıq göstərmirlər.” Məktubun müəllifi, Böyük Vətən müharibəsi illərində faşizm zülmündən qaçaraq Azərbay-canın Tərtər rayonunda sığınacaq tapmış Semyon Beroviç Poqoster bildirir ki, o, 75 il əvvəl Tərtərdə dərdiyi qızıl güllərin ləçəklərini hələ də qurudulmuş halda ən əziz bir xatirə kimi qoruyub saxlayır. Bu illər ərzində bir neçə dəfə yaşayış yerini dəyişib. Hər dəfə də növbəti ölkəyə köçdüyü zaman evindən götürdüyü ən qiymətli əşya Qarabağın qızıl gülünün ləçəkləri olub.
    Semyon Poqosterin sonrakı fikirlərini oxuduqda məlum olur ki, bu, yalnız təbiətin möcüzəsi olan qızıl güllərə məhəbbət deyil, həmçinin o ağır müharibə illərin-də son tikəsini yəhudilərlə bölən, evlərinin ən isti guşəsində onlara yer verən, dərmanların tapılmadığı bir vaxtda xalq təbabəti yolu ilə hazırlanmış məlhəmlərlə müalicə edən insanlara böyük sevgidir. Məktubda deyilir: “Müharibə başlayanda ailəmiz Ukraynanın Xarkov şəhərində yaşayırdı. Bu şəhərdə yüz minlərlə yəhudi almanlar tərəfindən traktor zavodunun həyətində vəhşicəsinə qətlə yetirilmişdir. Biz yalnız möcüzə nəticəsində bombardman altında qatara minib hec zaman görmədiyimiz, tanımadığımız Qafqaza üz tutduq. Qismət ailəmizi Tərtərə–bu gözəl, günəşli diyara gətirib çıxardı. Azərbaycanlılarda ən çox qiymətləndirdiyimiz xüsusiy-yətlər onların xeyirxahlığı, vicdanlı olmaları, qadınlara və vali-deynlərinə münasibətləridir”.
    Semyon Poqosterin bacısı Tərtərdə azərbaycanlı ilə ailə qurmuş və onun çoxsaylı övladları, nəvə və nəticələri arasında üç dinin–islam, yəhudi və xristian dininin nümayəndələri var. Bu övladlar bütün dünyaya səpələnmişlər–Azərbaycanda, Ukraynada, İsraildə, Belorusiyada yaşayırlar və hamısını bir ümumi cəhət birləşdirir–bu da vaxtilə nənələrinə faşizmin pəncəsindən qurtulmağa kömək edən Azərbaycan xalqına olan məhəbbətdir.
    Azərbaycanda heç zaman antisemitizm əlamətləri olmayıb

    Yəhudilərin Azərbaycanda məskunlaşması tarixi 2000 ildən çox bir dövrü əhatə edir. Bizim e.ə. 587-ci ildə Birinci Məbədin dağıdılmasından sonra yəhudilər Cənubi Azərbaycanın ərazisində (indi bu ərazilər İranın tərkibinə daxildir) məskunlaşmışlar.
    Azərbaycanla İsrail arasında diplomatik münasibətlər 1992-ci ildə–ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra qurulmasına baxmayaraq, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşayan yəhudilər kütləvi surətdə İsrailə, Amerikaya köçürdülər. Məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, həyata keçirdiyi müdrik siyasət nəticəsində, bu proses dayandı. Gəncə Yəhudi İcmasının sədri İzabella Əliyeva deyir ki, harada yaşamalarından asılı olmayaraq, yəhudilər Ulu Öndər Heydər Əliyevin xatirəsini həmişə ehtiram və məhəbbətlə yad edirlər.
    Hazırda yəhudilərə qarşı tole-rantlıq həm Azərbaycanın dövlət siyasətinin nəticəsidir, həm də xalqımızın təbii qonaqpərvərliyindən irəli gələn münasibətdir.
    Avstraliyalı siyasi icmalçı Castin Emlerin Amerikanın For-ward jurnalında dərc etdirdiyi “Azərbaycanın çox qəribə tarixi və yəhudilərlə birgəyaşayışı” məqaləsində göstərilir ki, Qərbi Avropada antisemitizm əlamət-ləri getdikcə artdığı bir dövrdə bir gözəl istisna var–bu da yəhudilərlə azərbaycanlıların Azərbaycanda birgəyaşayışıdır. Emler qeyd edir ki, Qərbi Avropadan və ərəb ölkələrindən fərqli olaraq, Azərbaycanda otuz minlik yəhudi icmasına qarşı heç bir antisemitizm hərəkəti baş verməyib.
    Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda müasir tələblərə cavab verən sinaqoqa tikilərək dağ yəhudilərinin ixtiyarına veril-mişdir. Yəhudi icmasının nümayəndəsi Yevda Abramov artıq üçüncü müddət üçün Milli Məclisə deputat seçilmişdir.
    Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Azərbaycanda multikulturalizm ənənələrinin və konfessiyalararası münasibətlərin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 16 noyabr 2015-ci il tarixli Sərən-camı ilə dağ yəhudiləri dini icmasının sədri Milix İlxananoviç Yevdayev “Azərbaycan Respub-likası Prezidentinin Fəxri diplomu” ilə təltif olunmuşdur. Hazır-da Azərbaycanda yeddi sinaqoqa, iki yəhudi orta məktəbi, üç uşaq bağçası və “İşiva” kolleci fəaliyyət göstərir.
    Üç il bundan əvvəl İsrailin Tirat–Karmel şəhərində Azər-baycan Demokratik Respublikası (ADR) yaradılmasının 95-ci il-dönümü qeyd edilmişdir.
    Tədbiri “İsrail–Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil etmişdir. Burada “AZİZ” idarə heyətinin üzvü Arye Qut çox maraqlı fikirlər səsləndirib. Ekspert qeyd edib ki, 23 ay mövcud olmuş ADR-in hər bir tarixi səhifəsi bütün azərbaycanlılar və hazırda Azərbaycandan köçüb İsraildə yaşayanlar üçün çox əzizdir. O xatırladıb ki, ADR-in ilk hökumətində səhiyyə naziri yəhudi Yevsey Gindesin olması Azərbaycan xalqının tolerantlığının və yəhudi xalqına olan sevgisinin daha bir göstəricisidir.
    Həmin tədbirdə Tirat-Karmel şəhərinin meri Arye Tal demişdir: “Mən diaspora nümayəndələrinin çıxışlarından və filmin təqdimatından sonra Azərbaycan dövləti haqqında aldığım məlumatdan şoka düşdüm. Mən hec vaxt təsəvvür edə bilməzdim ki, Azərbaycan bu qədər müasir, gözəl və qonaqpərvər bir ölkədir”. Arye Talın fikrincə, İsrail Azərbaycanın mühüm geostrateji tərəfdaşıdır. “Mən hər bir Azərbaycan şəhərinə Tiral-Karmel şəhəri ilə real dostluğu təklif edirəm, bu, mənim Azərbaycana olan ehtiramımdır”.
    Azərbaycan və yəhudi xalarının həyatında ümumi kədərli səhifələr də çox olub və bu qara səhifələrin dünya ictimaiyyətinə çatdırılmasında azərbaycanlılarla yanaşı yəhudilər də geniş təbliğat işi aparırlar. Belə ki, Amerikanın Yewich Journal nəşrində Azər-baycanın dağ yəhudiləri icma-sının sədri Milix Yevdayevin Qanlı Yanvar hadisələrinə həsr olunmuş məqaləsində göstərilir ki, o müdhiş gecədə öldürülənlər arasında müxtəlif millətlərin və dinlərin nümayəndələri vardı. 16 yaşlı Vera Bessantinanın ölümü Azər-baycan Yəhudi İcmasında dərin kədər hissi ilə qarşılanmışdır. O gecə daha bir neçə Azərbaycan yəhudisi qətlə yetirilmişdir, o cümlədən Yan Meyeroviç, yaralıları xilas edən təcili yardım maşınının həkimi Aleksandr Marxevka və başqaları.
    Xolokost qurbanlarının anım günündə hər iki xalqın nümayən-dələri eyni zamanda XX əsrin ən dəhşətli façiəsi olan Xocalı soyqırımı qurbanlarını yada salırlar.
    İsrailli ekspert Arye Qut yazır ki, “Xolokost mənim xal-qımın faciəsidir, bu faciə uzun müddət bağlı mövzu olmuşdur. Məhz buna görə də Azərbaycanın Xocalı şəhərindəki qanlı qenosid aktı mənim şəxsi ağrım, şəxsi faciəmdir. Elə çoğrafi adlar var ki, onlar xəritədə təkcə bir nöqtə deyildir. Bunlar amansızlığın və qeyri-insani münasibətlərin sim-voluna çevrilmiş kənd və şəhərlərin adlarıdır–Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi. Ötən əsrin 90-cı illərində bu siyahıya daha bir ad–Azərbaycan şəhəri Xocalının adı əlavə edilmişdir.”
    Fikrini davam etdirən Arye Qut sual verir ki, XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin faşistlərindən nə ilə fərqlənirlər? Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəldilmiş cinayətdir.
    Qədim zamanlardan Azərbaycan ərazisində yaşayan yəhudilər burada heç zaman özlərini yad hiss etməyiblər. Bu xalqların kədəri də, sevinci də bir olub. Ona görə də müasir dünyamızda, antisemitizm və ksenofobiyanın hökm sürdüyü bir zamanda, Azərbaycanın dünyaya nümayiş etdirdiyi multikulturalizm modeli Yer kürəsinin müxtəlif güşələrində yaşayan yəhudilər tərəfindən alqışlanır və böyük rəğbətlə qarşılanır.
    Xabad–Or–Avner” təhsil mərkəzi
    Beynəlxalq məsələlər üzrə ekspert Arye Qut deyib: “Mənə müsəlman, yaxud xristian dövləti olan ikinci bir ölkə göstərin ki, orada Prezident və onun xanı-mının himayəsi ilə iki sinaqoqa və Cənubi Qafqazda ən böyük təhsil mərkəzi tikilsin. Düşünürəm ki, sadəcə, tapmayacaqsınız”.
    Bu mərkəz Heydər Əliyev Fondu və Beynəlxalq “Or– Avner” Fondu tərəfindən “Tolerantlığın ünvanı Azərbaycandır” layıhəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün tikilmişdir. 2007-ci ildə başlanan tikinti 2010-cu ildə istifadəyə verilmişdir. Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və MBD Dövlətləri Yəhudi İcması Federasiyasının və Beynəlxalq “Or–Avner” Fon-dunun Prezidenti Zev Zevdayev iştirak etmişlər.
    Mərkəzdə uşaqlara həm yəhudi, həm də Azərbaycan mədəniyyətinin əsasları öyrədilir. Təqdirəlayiq haldır ki, burada yəhudi bayramları ilə yanaşı, Azərbaycan xalqının milli bayramları yüksək səviyyədə qeyd olunur, Şagirdlərə xalqımızın tarixindəki əlamətdar günlər barədə ətraflı məlumat verilir və mərkəzdə keçirilən çoxsaylı tədbirlərdə bütün bunlar əksini tapır. “Xabad–Or–Avner”də tez-tez xarici qonaqlar olurlar və yəhudi məktəblilərinin Qanlı Yanvara, Xocalı faciəsinə, şəhidlərimizə həsr olunmuş çıxışları, həmcinin onların iştirakı ilə Azərbaycanın müasir həyatını əks etdirən səhnəciklər əcnəbilərdə Azərbaycanın tarixi və bu günü haqqında geniş təəssürat yaradır.
    Mərkəzdə uşaqlara rus, Azərbaycan, ingilis dilləri və ivrit öyrədilir.
    Bakının Xətai rayonunda tikilmiş üçmərtəbəli kompleks bütün müasir tələblərə cavab verir.
    Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
    Ölkə rəhbəri tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu, Prezident İlham Əliyevin dediyi kimi, Azərbycanın dövlət siyasəti, xalqın həyat tərzidir.
    Folklorumuzda, bir sıra digər qədim mənbələrdə xalqımızın tolerantlığına dair kifayət qədər faktlar vardır.
    Bu, keçmişdə də belə idi, indi də belədir. Dövlətimizlə yanaşı Heydər Əliyev Fondu da ölkəmizdə, eləcə də dünya miqyasında mültikultural dəyərlərin, tolerantlığın təbliği və inkişaf etdirilməsi məqsədi ilə böyük işlər həyata keçirir.
    Ölkə başçısının sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan multikulturalizminin beynəlxalq miqyasda yayılmasına öz töhfəsini verir. Hazırda “Azərbaycan multikulturalizmi ” fənni 11 xarici ölkənin universitetlərində tədris olunur. Beləliklə də bu ölkələrdə gənclər Azərbaycan haqqında düzgün və dolğun məlumat əldə edirlər.
    Bu il Bakıda mötəbər beynəlxalq tədbir–Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti-nin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir. “Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir.” Məhz görülən işlərə əsaslanaraq ölkə başçısı bildirib: “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır.”
                                                                                   Svetlana Bağırova
    (Azərbaycan Respublikası-nın Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun kecirdiyi müsabiqəyə təqdim etmək üçün.)

    Müəllif: Redaktor, 13:55

    Teqlər:

İsmarıclar bağlıdır.