Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,456
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Noy
     

    “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
                                              Heydər Əliyev, Ümummilli Lider

     

    Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
                                                                       İlham Əliyev,
                 Azərbaycan Respublikasının Prezidenti

    TƏRTƏRLİLƏR ZƏFƏR GÜNÜNÜ QÜRUR HİSSİ İLƏ QEYD EDİRLƏR

    Müasir tariximizin ən şərəfli bayramlarından olan 8 noyabr– Zəfər Gününü bu il ikiqat qürur hissi ilə qeyd edirik. Bayramlarımızın sırasına daha biri – milli sərvətimiz olan Dövlət Suverenliyi Günü əlavə olunub.
    Artıq biz xalq olaraq işğal tariximizin kədərini deyil, düşmən tapdağından azad edilmiş və Azərbaycan bayrağı dalğalanan şəhər günlərinin təntənəsini yaşayırıq. Təqvimlərimizdəki qara tarixlər qırmızı rəngə boyanıb. Elə həyatımız özü də bu istiqamətdə dəyişib.
    Uzun illər– iki əsr ərzində millətimizə qarşı edilən zülmlərə, haqsızlığa, ədalətsizliklərə, iztirablara son qoyulub. Bu azadlıq yolunda canlarından keçən şəhidlərimizin ruhları da indi şaddır. Əbədiyyətə qovuşan o ruhlar bütöv, suveren vətənin səmasından Qarabağ və Şərqi Zəngəzur torpağının yüksəlişini seyr edir, onların qanı ilə yoğrulmuş bu yerlərin necə sürətlə dəyişməsini, doğma yurd yerlərinə qayıdan insanların sevincini görüb rahatlıq tapır.
    Bu gün Azərbaycan başdan-başa bayram libasını geyinib. Hər yerdə qürurumuz, namusumuz olan Azərbaycan bay-rağı dalğalanır. O bayraq ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu doğma Şuşamızda, Xankəndidə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qarabağın və Şərqi Zəngəzurun düşməndən azad edilmiş hər bir şəhərində dalğalandırdı.
    44 günlük Vətən müharibə-sində Ali Baş Komandanın hər bir kəndin, şəhərin azad edilməsi haqqında verdiyi məlumatları həyatımızda eşitdiyimiz ən gözəl sözlər kimi qəbul edirdik. Azərbaycan xalqı bütün tarixi boyu heç zaman belə birlik və güc nümayiş etdirməmişdi. Milyonların ürəyi Prezidentimizlə, Ordumuzla bir döyünürdü. Bir gözümüz ağlayır, bir gözümüz sevinirdi. Bir tərəfdən şəhidlərimizi qarşılayır, dəfn edir, bir tərəfdən isə bu qəhrəman oğulların sayəsində azadlığına qovuşan torpaqlarımızın sevincini yaşayırdıq.
    44 günlük Vətən müharibəsi və bundan sonrakı lokal antiterror əməliyyatı Tərtərin və tərtərlilərin də həyatını tamamilə dəyişdi. 30 illik gərginliyə, erməni terroruna, dinc insanlara qarşı törədilən cinayətlərə birdəfəlik son qoyuldu. Biz düşmənlə üzbəüz mərdliklə dayandıq, mübarizə apardıq və qalib olduq!
    Müharibə dövründə Tərtər ən çox düşmən hücumuna məruz qalan rayonlardan biri idi.
    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə düşən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.”
    2020-ci il, sentyabrın 27-də səhər saat 6.10-da düşmənin atdığı artilleriya mərmisi Tərtər rayonunun Qapanlı kəndinin sakini Yaqut Məmmədovanın evinə düşmüş və bundan sonra cavab atəşi açılmışdır.
    Bu həmin Qapanlı kəndidir ki, onun sakinləri 30 ildən artıq bir müddətdə ermənilərin məs-kunlaşdıqları Seysulan kəndi ilə qonşuluqda yaşamış və nankor qonşular tərəfindən, demək olar ki, hər gün atəşə tutulmuşdur. İnsanlar öz evlərində, heyvan otararkən, əkin əkərkən ermənilərin atdıqları güllələrə tuş gəlir, yaralanır, şəhid olurdular. Ancaq evlərini qoyub getmirdilər. Qapanlıda hər evdə güllə, mərmi izləri var, hər ailənin ya şəhidi var, ya qazisi, yaralısı.
    Kənd sakini Müşgünaz nənə deyir ki, düşmən tərəfindən atılmış mərminin qəlpəsi onu və nəvəsi Zəhranı toy mağarında yaraladı. Şənlik faciəyə çevrildi. Qapanlı camaatı neçə-neçə belə faciə yaşadı. Uşaqlar, qocalar, onlarla günahsız insan bir zamanlar onların süfrəsinin kənarında oturan namərdlər tərəfindən qətlə yetirildi.
    Müşgünaz nənə deyir:
    –Sentyabrın 27-də səhər saatlarında bizim kənd sakininin evnin atəşə tutulması və bundan sonra cavab atəşi açılmasının özü də ona işarədir ki, həyatda heç nə cavabsız qalmır. Möhtərəm Prezidentimizin komandanlığı ilə “dəmir yumruq” onların başını əzdi və hər bir şəhidin, yaralının qisası layiqincə alındı. Buna görə Prezidentimizə, Ordumuza sonsuz təşəkkürlərimizi bildiririk. Bizim üçün ən böyük xoşbəxtlik səhərlər atəş səsi eşitmədən öz evimizdə yuxudan oyanmaq, qorxusuz uşaqları məktəbə göndərmək, iş-gücümüzlə məşğul olmaqdır. Belə günlərin həsrətini çox çəkmişdik.
    Bu Zəfəri, xoş günləri bizə bəxş edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.
    Bundan sonrakı günlər də tərtərlilər üçün olduqca ağır oldu. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun verdiyi məlumata görə, 44 gün davam edən müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, qadağan olunmuş 21 “Smerç” raketi atılmışdı. Nəticədə Tərtərdə 83 çoxmərtəbəli yaşayış binasına, 5344 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 12 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib. Eləcə də 95 nəqliyyat vasitəsi, 18 kənd təsərrüfatı texnikası sıradan çıxarılıb, 161 baş iri və 393 baş xırdabuynuzlu heyvan tələf olub. 100 hektarlarla əkin sahəsinə ziyan dəyib.
    44 günlük Vətən müharibəsində tərtərlilər mərdlik və şücaət göstərərək, torpaqlarımızın azadlığı uğrunda canlarını, sağlamlıqlarını qurban veriblər. Onlardan 46 nəfəri şəhidlik zirvəsinə ucalıb, 48 nəfər Vətən müharibəsi əlili, 1554 nəfər isə bu müharibənin iştirakçısıdır. 6 nəfər tərtərli gənc lokal antiterror əməliyyatı nəticəsində torpaq uğrunda döyüşlərdə şəhid olublar. 16 nəfər mülki vətəndaşımız erməni vandalizminin qurbanı olub.
    16 nəfər dinc sakinin ayrı-ayrı vaxtlarda qətlə yetirilməsi yalnız ölkə mediasında deyil, xarici jurnalistlər tərəfindən də geniş işıqlandırıldı. Oktyabrın 15-də Tərtərdə baş verən hadisə – şəhər qəbiristanlığındakı dəfn zamanı burada sakinlərin bilərəkdən qəddarcasına qətlə yetirilməsi insanlığa sığmayan daha bir erməni cinayətinin təzahürü oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 4 dinc sakinin ölümü, qalanlarının yaralanması ilə bağlı hadisəyə öz münasibətini bildirdi, şəhidlərin ailələrinə başsağlığı verdi, dünya ictimaiyyətini erməni vandalizmini pisləməyə çağırdı. Düşmən tərəfindən törədilən terror nəticəsində 4 ailənin çırağı söndü.
    Mamırlı kəndinin sakini Pərviz Orucov, onun qayınatası İsgəndər Əmirov, gözəl insan, tərtərlilərin sevimlisi Vasif Rüstəmov və Şakir Zamanov həmin gün şəhidlik zirvəsinə ucaldılar.
    Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Anar Vaqif oğlu Əliyev ölümündən sonra Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsi Qəhrəmanı adına layiq görülüb.
    Azər Abdullazadə isə Vətən Müharibəsi Qəhrəmanı kimi şərəfli adı daşıyan ən gənc qazilərimizdən biridir.
    44 gün ərzində yağı düşmən Tərtərə çox yaralar vurdu. Dövlət rəsmilərinin dediyi kimi, “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı olub”.
    Müharibə başa çatan kimi rayon sakinləri Prezident İlham Əliyevin qayğısı və dövlətimizin dəstəyilə rayonumuza, o cümlədən ayrı-ayrı vətəndaşlara dəyən ziyanın aradan qaldırılmasına başladılar. Dağılmış evlər yenidən tikildi, bərpa olundu, küçələr abadlaşdırıldı, yaşıllığın sayı daha da artırıldı.
    İndi rayonumuza gələn qonaqlar mərkəzi meydanda ermənilər tərəfindən atılan qadağan olunmuş raketlərin mərmilərini, müharibə günlərinin fotoşəkillərini və Tərtərin hazırkı simasını görəndə, heyranlıqlarını gizlədə bilmirlər.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı və tapşırıqları və rayon rəhbəri Müstəqim Məmmədovun başçılığı ilə Qəhrəman Tərtər adına layiq inkişaf edir və gözəlləşir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə şəhərimizin prospekt və küçələrində, kəndlərimizdə, magistral və kənd yollarının kənarlarında əkilən minlərlə yeni ağac tərtərlilərin ekologiyamızın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına verdiyi sanballı töhfədir.
    Müharibə dövründə olduğu kimi, dinc quruculuq işlərində, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında tərtərlilər yenə də öndədirlər.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:53

İsmarıclar bağlıdır.