Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    ŞƏHİD ANASIновый-111111

    Qəzetimizin 5 mart 2010-cu il tarixli nömrəsində dərc olunmuş bir məqaləni təkrarən oxucuların nəzərinə çatdırırıq.

    O, bir ömürdə bir neçə ömür yaşayır. Gah tələbə olub ali məktəb auditoriyalarında əyləşir, gah əsgər olub əlində silah sıldırım qayalara dırmaşır, gah da qurub yaradır, elmi axtarışlar aparır. Bəzən o, yayın qızmar günəşi altında soyuqdan titrəyir, bəzən də şaxtalı havada od tutub alışıb yanır. Bəs, kimdir o? O müqəddəs varlıq anadır, qəlbi ilə, xəyalları ilə hər an övladı ilə bərabər olan ana!1993-cü il martın 22-si xalqımızın igid oğlu, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun ölməzliyə qovuşduğu gündür.

    Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anası, Qəhrəman ana, “Əmək veteranı” medalı ilə təltif olunmuş Mahı Orucova ilə görüşə çoxdan hazırlaşırdım. Təsadüf elə gətirdi ki, bu görüş fevralın 26-da baş tutdu. Mahı ana televizorun qarşısında əyləşmişdi. Onun baxışları sözsüz danışırdı. Gözlərindən düşmənə dərin nifrət, misilsiz kədər, eyni zamanda bir məğrurluq, əyilməzlik oxunurdu.

    Mahı ananı görəndə xəyalıma gələn ilk fikir bu oldu ki, bizim məhz Xocalı soyqırımı günündə görüşməyimiz təsadüf yox, həyatın qanunauyğunluğudur və İlahinin bu nizamını, bu yazısını heç kim poza bilməz.
    Mahı ananın dediklərindən: Vəzir Arxangelskdə yaşayırdı. Ailəsi, oğlu, yaxşı işi-gücü vardı. Amma Xocalı soyqırımından sonra artıq rahat ola bilmədi, qayıdıb Azərbaycana gəldi.
    Başqa cür ola da bilməzdi, çünki mən 10 övladımın hamısına laylalarımla bərabər ermənilərin başımıza açdıq-ları müsibətlərdən danışmışam. Onun Azərbaycana gəlməsi, ölüm-dirim savaşına atılması mütləq idi. Çünki Vəzir ermənilərdən heyfimizi almağa məqam gözləyirdi.
    …Mahı Orucova 1920-ci ildə Qərbi Azərbaycanda doğulub. Onun dədə-babası usta Mehdi Dərələyəz mahalında beşaçılan, qılınc düzəldən kimi məhşur idi.
    Ermənilər görürlər ki, onun dəmirdən hazırladığı qılınclar poladdan da möh-kəmdir. Onlar başlayırlar öz aralarında danışmağa: “Ara, bu bizə qənim olacaq, başını əkmək lazımdır”. Rəhmətlik usta Mehdi güc-bəla ilə canını qurtarır. Sonra ermənilər Mahı ananın Ənnağ adlı əmisini, 1918-ci ildə isə Əli əmisini öldürürlər. 1937-ci ildə gəlib əmisi Yusifi aparırlar. Yolda Yusif silahı milislərin əlindən alıb onları atır. Bunun üstündə rəhmətliyi tikə-tikə doğrayırlar. 1949-cu ildə Mahı Orucovanın ailəsi hər şeyi atıb Azərbaycana, Tərtərin Xoruzlu kəndinə pənah gətirir.
    Bax, Mahı ananın laylaları bu hadisələrdən yoğrulmuşdur. O özü isə babası Mehdinin düzəltdiyi qılıncların polad möhkəmliyini mənimsəmişdi. Belə olmasaydı, 90 illik ömür yolunda qarşısına çıxan saysız-hesabsız çətinliklərə tab gətirə bilməzdi.
    –Bir obadan başqa elə, tamam fərqli şəraitə düşəndə çoxları özlərini itirirlər. Mənim isə buna haqqım yox idi. 5 oğul, 5 qız anasıydım. Bununla bərabər kolxozda var qüvvəmlə işləyirdim. Adım rayonun “Şərəf löhfəsi”ndən düşmürdü. Gah deputat seçilirdim, gah da yüksək təltiflər alırdım.
    Tanıyanlar Mahı ananın əməksevərliyi ilə yanaşı onun bir xüsusiyyətini də həmişə yüksək qiymətləndirirlər. O, sözün düzünü deməkdən çəkinmir, hər işdə, hər an haqqın tərəfini saxlayır.
    Yenidən söhbətimiz Vəzirin döyüş yolu haqqındadır:
    …Birinci dəfə 1992-ci ilin sentyabr ayının birində yaralandı. Dekabırın 25-dək Bakıda qospitalda müalicə olundu. Bu müddətdə qardaşı Əliyar cəbhəyə getdi.
    Vəzir isə qospitaldan çıxan kimi yenidən Arxangelskə qayıtdı. Nə gizlədim, anayam, ürəyimdə istəyirdim ki, Vəzir orada qalsın, onsuz da Əliyara görə nə gecəm, nə gündüzüm vardı, ermənilərə qan uddururdu.
    Amma Vəzir qayıtdı, özü də tək yox, 7 yaşlı oğlu Camalla birlikdə. Tərtər qan içində boğulurdu. O isə öz balasını, öz canciyərini də özü ilə odun içinə gətirmişdi. 1993-cü il martın 20-də Vəzir oğlunun ad gününü -7 yaşını qeyd elədi və birbaşa cəbhəyə getdi. Sonuncu döyüşdən əvvəlki gecəni yoldaşları ilə birlikdə Papravənd kəndinin yaxınlığında avtobusda yatmışdılar. Gecə silah gətirmişdilər.
    Səhər Vəzir yuxusunu danışdı. Dedi ki, yuxuda görmüşəm ki, hamımız əsir düşmüşük, mən sizi qurtardım, amma özüm əsirlikdən çıxa bilmədim. Onda ən yaxın dostu Himayət dilləndi: “Gəlsənə sən qalasan, uşaqlara komandirliyi özüm edim?” Vəzir etiraz elədi: “Yuxulara fikir vermək vaxtı deyil, döyüşmək, ermənilərə qan uddurmaq vaxtıdır”. Bu döyüşdə Vəziri snayperlə vurdular.
    Nə yaxşı ki, o zaman cəbhəyə yolu düşən jurnalistlər, o cümlədən leninqradlı Nevrozov onun canlı döyüşündən bəzi məqamları videolentlərin yaddaşına köçürüb.
    Vəzirdən sonra Əliyar üç dəfə yaralandı, amma döyüşdən geri dönmədi, bu yaralardan 2006-cı ildə o da dün-yasını dəyişdi.
    Bütün söhbətimiz zamanı Mahı ananın üzü bircə dəfə güldü, sanki daxilindən işıqlandı. O da nəvəsi Camalın adını çəkəndə. Dedi ki, Camal ali təhsilini başa vurub. İndi hərbi xidmətdədir. Atasının və əmisinin döyüş yoldaşları daim onunla maraqlanır, qayğı göstərirlər. Rayon rəhbərliyi də onları unutmur. Rayonumuzda şəhid ailələri və müharibə veteranları üçün ilk bina istifadəyə veriləndə mənzilin birinin açarları Camala təqdim edilmişdir.
    “Yuxularında Vəziri görür-sənmi?” –deyə Mahı anadan soruşdum. Dedi ki, nə Vəziri, nə də Əliyarı görürəm. Amma onlar həmişə mənimlədir, artıq xəyalla gerçəklik arasında səddin nə zaman qurtardığını unutmuşam. Vəzir Bakıda “Şəhidlər xiyabanı”nda uyuyur, ora tez-tez gedə bilmirəm. Amma təsəllim budur ki, xalqımız onu unutmur, daim xatirəsini yad edir. Tərtərdə də Vəziri uşaqdan-böyüyə hamı tanıyır və sevir. O da, Əliyar da, bu torpaq uğrunda ölən bütün şəhidlər də bir ananın yox, bir xalqın övladlarıdır.
    Milli Qəhrəmanın anası Mahı Orucovanın 11 nəvəsi böyüyür. Beləcə bir həyat yaşayır Mahı Orucova. Gerçəkliklə xəyallar, kədərlə sevinc arasında çırpına-çırpına.

     

     

    Müəllif: Redaktor, 11:59

    Teqlər:

İsmarıclar bağlıdır.