Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    soyud-1334Uşaqlıq yaddaşımın müqəddəs səhifələrini vərəqləyirəm hərdən. Düşürəm uşaqlıq adlı bir heyrət dünyasına. Yorulmuş, görmək istəmədiklərini görməkdən usanmış gözlərim qarşısında əzəli və saf təbiətin ana qucağında, meşəli dağlarla əhatələnmiş gözəl bir vadidə ilahi bir kənd canlanır. Başı üzərində ağsaçlı Murovun qoşa zirvəsi ucalır. İlkinliyini hifz edə bilmiş ucsuz-bucaqsız meşələri bir təbiət sərgisi, təbiət muzeyidir; qucağında itərsən, əriyərsən, təbiətləşib təbiətin bir zərrəsi olmaq bəxtəvərliyinə qovuşarsan. Quşların nəğməsi çayların nəğməsinə, bulaqların zümzüməsinə qarışır. Mayası günəş işığı və hərarətindən yoğrulmuş ağ gündüzləri əzəmətli bir həyat himnidir. Nənələrin şirin nağılına bənzər gecələrinin tamaşasına ay çıxır, laylasını Tərtər, Ağçay, Arxana çalır. Zümrüd çəmənlərində bir dünyanın minbir çiçəyi boy verir, həyata, yaranışa, gözəlliyə, Ulu Yaradana minnətdarlıqla dolu təbəssümlər göndərir, ətirli nəfəsi ilə bir behişt ab-ha-vası yaradır. Nazlı sular sonası, Göy-gölün əkiz bacısı Sərsənggöl ayna tutur təbiətin ürəyində yuvalanmış, obalanmış bu kəndin mübarək hüsnünə.
    Bu, mənim ana yurdum, doğma kəndim Umudludur…
    Uşaqlıq xatirələrimin çox dadlı, çox işıqlı bir hissəsi bu kəndin Novruz bayramları ilə bağlıdır. Gəlişi baharın gəlişi ilə üst-üstə düşən bu möhtəşəm bayramın yolunu insanlar xoş bir intizarla gözləyərdilər. Qapı-baca, çal-çəpər nizama salınar, evlər əhənglənib ağardılar, səliqəyə salınar, qız-gəlinlərin əl işləri – al-əlvan tikmələr evin divarlarını bəzərdi.
    Bayramın yolunu hamıdan çox biz uşaqlar gözləyərdik. Novruzun gəlişinə hələ bir ay qalmış yumurta döyüşdürməyə başlardıq. Bəri başdan torbaları tikdirib hazırlayardıq (bizdə papaq atılmırdı, torba salınırdı). Hər çərşənbə tonqalı üçün iki-üç gün qabaq meşəyə gedib quru çırpı, partıldaq (bu adlı içi god şəkilli bir bitki vardı, yananda partlayış səsi çıxarırdı) tədarük edərdik.
    Bir üzü Novruz, bir üzü Bahar olan bu əziz bayramın vüsalına İnsan da, Torpaq da bütün varlığıyla can atar, ürəkləri bir döyünərdi.
    İlk çərşənbəylə şar atmaq mərasimi başlanardı (çərşənbədən bir gün əvvəl parçanı şar şəklində büküb məftillə sarıyır, ona məftildən dəstək düzəldir, sutka ərzində neftdə saxlayardıq. Beləliklə odlu şar alınır və havaya atılanda sönmürdü). Kənd tonqalların və şarların işığına qərq olardı. Hər çərşənbədən sonra (ab, atəş, xak, bad) bizi dadlı bayram süfrəsi gözləyərdi.
    Bu arada Novruzgülü (buna Qarçi-çəyi də deyilir) axtarmağa çıxardıq. O, adətən tarlalarda şum yerində bi-tərdi. Onu tapar, sevinə-sevinə evə qaçardıq.
    Çərşənbələrin şahı ilaxır çərşənbə idi (bu çərşənbədə köhnə il təhvil olurdu). O, xüsusi coşqu və təntənəylə qeyd edilirdi. Tonqal və şarlara atəşfəşanlıq əlavə olunurdu. Arxa-sınca isə bizim sevilmli torba sallamaq əyləncəmiz başlanardı. İlaxır çərşənbəyə artıq yumurtalar boyanmış olurdu (təbii boyalarla, mütləq qırmızı rənglə). Torbaya qoyulacaq bayram payları qapıya yaxın bir yerdə qoyulardı. Torba sallayan torbanı atır, lazımi sözləri oxuyur (əlimi bı-çaq kəsibdir, dəstə bıçaq kəsibdir), sonunu ev sakinlərinin birinə, yaxud onun yaxınına ünvanlayır (filankəsin toyunda, sındıra-sındıra süzəydim), payını alıb gedirdi.
    İlaxır çərşənbədə hamı öz evində olmalıydı (qonaq getmək olmazdı). Bu ailə üzvlərinin sağ-salamat olması ar-zusundan doğurdu.
    İlaxır çərşənbədə qulaq falına çıxardılar, cavan qızlar suda iynə falı açardılar. Həmin gecə ancaq xoş söz-lər söylənərdi. Bayram süfrəsində mütləq yeddi löyün (cür) nemət olmalıydı.
    Anam bayram yumurtaları boyayanda əllərinə baxardım (barmaqla boya-nardı yumurta). Rəngin, naxışın əl-vanlığı heyrətdə qoyardı məni. Mənə yumurta veriləndə sevincimin həddi-hüdudu olmazdı. İndi həmin hissləri keçirmək üçün nələr etməzdim.
    Bizim kəndin bayram tonqalları haqqında danışardı yaşlılarımız. Vax-tilə bizim kənd çox böyük olub. İn-diki kəndin yerləşdiyi vadinin ətra-fında amfiteatr şəklində meşəli dağ-lar ucalır. Bu yüksəkliklərdə vaxtilə 12 yaşayış binəsi olub (bu binə yerlə-ri indiyədək öz adıyla qalıb: Məm-mədin binəsi, Cəfərin binəsi, Almalı, Qozlu kənd yeri, Gülyahat (bəlkə də Gülhəyat), Şairzənin (Şair Rzanın) binəsi, Sarışın, Qalanın şişi, Payızlıq, Sarıtorpaqlı, Qoşatala, Baldırğanlı dərə).
    Novruz tonqalları qalananda bu am-fiteatr odlu bir qövsə dönərmiş. İnsanların yaddaşından silinməyən bu möhtəşəm mənzərə nəsildən-nəsilə ötürülərək bu gün də el arasında xoş bir rəvayət kimi yaşayır.
    İlaxır çərşənbədən sonra bayram girənədək (bizdə bayram dəyişməz olaraq martın 22-də girir 24-də bitirdi (3 gün). İlaxır çərşənbəylə bayram üst-üstə düşəndə (22 mart) il xoşbəxt il hesab olunurdu) cavanlar, o cümlədən uşaqlar müxtəlif əyləncə və oyunlar təşkil edərdilər. At çapar, güllə atardılar. Qalib gələnlərin xələtləri istəkliləri tərəfindən xəlvəti çatdırılardı. Ən kütləvi oyun dirədöymə idi. Onun tamaşasına çox adam yığışardı.
    Haşiyə: Sarışından kəndə iki yol enir, hər ikisi sərt enişlidir. Ağsaqqallar danışırdı ki, keçmişdə bayram şənliklərində bu enişlərin birində (Arabaqaçanda) yolun sağına və soluna beş bayram yumurtası düzülür, atı üzü aşağı (bu çox çətindir) çaparaq bu yumurtaları beşatılanla vurmaq şərti qoyularmış. Bu mərcin öhdəsindən həmişə cavanmərd Yunis bəy gələrmiş.
    Yadımdadır, aralıq günlərində (ila-xır çərşənbədən martın 22-dək) me-şəyə gedər, ardıc ağacının şümal bu-daqlarından kəsib gətirib kəndin mə-dəni mərkəzi sayılan məktəbin fasa-dını bəzəyərdik. Ardıc möhkəmlik, uzunömürlülük timsalı sayılırdı, onun tüstüsü şərqovucu və şəfaverici hesab edilirdi.
    İlk çərşənbədə cökə çubuğu kəsilib şüşə qabda suya qoyulur, bayrama-dək o göyərib yarpaq açırdı (səməni timsallı).
    Göy guruldamamış heç bir pencərə əl vurulmazdı.
    Bayram günlərində bütün kənd əhli bir-biri ilə bayramlaşardı (o vaxt kənd 50-60 evdən ibarət idi). Silsilə qonaqlıqlar üç gün sərasər davam edərdi.
    Sözardı
    Yuxularımdan çıxmayan o kəndlə məni indi 24 illik bir zaman kəsiyi, 50 kilometrlik bir məsafə ayırır: “göz görür, ün yetir, əl yetişməyir”. Bitmək bilmir bu tantal əzabı. Həsrət baxışlarımız bir-birimizə dikili qalıb: o, küskün, mən xəcalət.
    Varmı, olacaqmı yer üzündə əda-lət.
    Bizi bəndə ayırdı, Allah qovuşdursun!
    Qarşıdan Bahar müjdəli Novruz bayramı gəlir.
    Bayramın mübarək, xalqım!
    Bayramın mübarək, kəndim!

    Zabil Süleymanoğlu

    Müəllif: Redaktor, 10:56

    Teqlər:

İsmarıclar bağlıdır.