Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Bu yazı rayonumuzda uzun müddət müxtəlif məsul vəzifələrdə işləmiş, hamının yaxşı tanıdığı, əsl kişilik nümunəsini özündə cəmləyən, özü kimi sözü də bütöv olan, heç kəsdən, heç nədən qorxub çəkinməyən, sözü üzə deyən, 80 il ömür sürən Pənahov Həsən Məhərrəm oğlu barədədir.

    1111111111111111ll

    Həsən Pənahov 1927-ci ildə Qərbi Azərbaycanın Vedi mahalının Çimən kəndində anadan olmuşdur. 7-illik təhsilini doğulduğu kənddə almış, sonralar məlum səbəblərdən bir sıra həmvətənlərimiz kimi mənfur ermənilər tərəfindən 1949-cu ildə deportasiya olunmuşdur. Ailəsi ilk dəfə Yevlax rayonunun Malbinəsi kəndinə gəlmiş, bir qədər burada yaşayandan sonra Tərtərə köçmüşdür. Atası Məhərrəm kişi Vedi mahalında sayılıb-seçilən bəy nəslindəndir. Kərbəlayı İsmayılın böyük qardaşı Pənah bəyin oğludur. Bütün bunlar barədə bizə Həsən müəllimi yaxından tanıyan, uzun müddət onunla birlikdə işləmiş, hazırda Tərtər rayon Böyük Vətən müharibəsi veteranları şurasının səd-ri İman Almuradov və YAP Tərtər Rayon Təşkilatı Aparatının təlimatçısı Zakir Bağırov məlumat verdilər.

    Ümumiyyətlə, Tərtərdə Hə-sən müəllim haqqında kimdən soruşduqsa, ancaq xoş sözlər eşitdik. Hamı onu insanlara daim yaxşılıq edən, yüksək insani keyfiyyətlərə malik olan, əsl el ağsaqqalı kimi tanıdığını söylədi. Ruhuna dualar oxudular, «qəbri nurla dolsun» dedilər.

    Həsən müəllim Azərbaycan Dövlət Universitetini qurtarandan sonra rayonumuzun Mamırlı və İrəvanlı kəndlərində müəllim işləmişdir. Sonradan isə Ali Partiya məktəbində oxumuşdur. Bundan sonra rayon icraiyyə komitəsində əvvəlcə plan komitəsinin sədri, sonra icraiyyə komitəsi sədrinin müavini, N.Nərimanov adına kolxozun sədri, Mirbəşir narçılıq sovxozunun direktoru, rayon məişət xidməti kombinatının direktoru, Mirbəşir pambıq məntəqəsinin müdiri, təqaüdə çıxandan sonra isə rayon ağsaqqallar şurasının sədri işləmişdir.

    Həsən müəllimi mən özüm də yaxşı tanıyırdım. Son zamanlar həmişə deyərdi ki, yaşadığım illərin hamısı mənim üçün mənalı, yaddaqalandır. Ancaq ən önəmlisi 2006-cü ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Tərtərə gəlişi zamanı onunla gö-rüşüm olub.

    Bu yazıya «Ot kökü üstə bitər» sərlövhəsini təsadüfən seçməmişəm. Həsən müəllimin atası Məhərrəm kişi döv-rünün sayılıb-seçilən insan- larından olub. O, hələ Qərbi Azərbaycanda olarkən Abbasqulu bəyin batalyonunda Sovet hakimiyyətinin qurulmasında erməni daşnaqlarına qarşı vuruşmuşdur. Həmin vaxtlar xüsusi igidlik göstərdiyinə görə «Qırmızı Bayraq ordeni» ilə təltif olunan 19 nəfər döyüşçüdən biri olmuşdur. O, 1965-ci ildə dünyasını dəyişmişdir. İman müəllimin dediklərindən:

    –Həsən Pənahov Seydimli kəndində kolxoz sədri işləyirmiş. Pambıqçılıq briqadirlərindən biri dünyasını dəyişir. Həmin adamın 3-ü, 7-si və 40-ı çıxandan sonra Həsən müəllim iclas çağırır. Soruşur ki, o briqadirin yerinə kimi məsləhət bilirsiniz? Müxtəlif fikirlər səslənir. Sonda hamı bir nəfərin adını çəkir. Həmin adamı Həsən müəllim iclasa çağırır. Deyir ki, səni briqadir seçmək istəyirik, nə deyirsən? Həmin adam cavabında: «Yoldaş sədr, briqadir bir az zad olmalıdı, bir az şey olmalıdı». Hə-sən müəllim deyir: «A bala, zad nədi? Şey nədi?» Axırda deyir. «Briqadir it adam olmalıdı». Hamı gülüşür. Onu briqadir qoyurlar. Yaxşı da işləyir. Sonradan elə bu «zad», «şey» məsələsi insanların ağzına düşür, bir müddət deyib gülürlər.

    Həsən müəllimlə bağlı bir xatirəni də qəzetimizin redaktoru Tofiq Yusif danışdı:

    –Yaxşı yadımdadı. 1980-ci illər idi. O zaman mən Xalq Nəzarəti Komitəsində işləyirdim. Həsən müəllim isə rayon məişət xidməti kombinatının direktoru idi. O vaxtı indiki saat qülləsinin  yaxınlığında pambıq yığımı ilə əlaqədar qərargah yaradılmışdı. Hər sə-hər raykom katibləri, hü- quq-mühafizə orqanlarının rəhbərləri, idarə müdirləri qərargaha toplaşardı. Onda birinci katib Cavanşir Məmmədov idi. O göstəriş verdi ki, Həsən müəllimi çağırın gəlsin. Çox çəkmədi ki, Həsən müəllim gəldi. Katib dedi ki, Həsən müəllim, sizin nazirlə danışmışam, hazır köşklər göndərəcəklər, gətirib şəhərdə yer- ləşdirin. Bərbərxana, dərzi və digər xidmətlər üçün istifadə edərsiniz. Qoy camaat üzünü-başını qırxdırsın, paltar tikdirsin.

    Belə deyəndə, prokuror katibə xoş gəlmək üçün dilləndi: «Əşi Tərtərdə kişi var gəlib üz-başını qırxdıra?». Bu söz Həsən müəllimə pis təsir elədi. Ona cavab verib, ötkəmliklə dedi ki, düz deyirsən kişi yoxdu, olsaydı sizin kimilərini çoxdan döyüb qovmuşdular burdan. Həsən müəllimin qırımını görən nə katib dilləndi, nə də prokuror.

    Bax, Həsən müəllim belə sözü üzə deyən, haqsızlığa dözməyən, qorxmaz  bir insan idi.

    YAP Tərtər Rayon Təşkilatı  Aparatının təlimatçısı, Həsən Pənahovun yaxın qohumu Zakir Bağırovla söhbətimizdən:

    –Həsən müəllim nə qədər işdə ciddi, tələbkar idisə, bir o qədər də mehriban, yaxın tanışları, dostları ilə zarafatı xoşlayan insan idi.  Dostlarından hər hansı biri az-az görünəndə zarafatla deyirdi:  «Niyə görünmürsən? Nə ipiqırıqlıq eləyirsən ayə?» Həmin adam nəsə deyəndə Həsən müəllim yanındakına işarə edib zarafatla deyərdi. «Bunun tayı nə naxırda var, nə də axurda». Bu zarafatdan hamı gülərdi.

    Hər bir insan həyatda gözlənilməz faciələrdən sığortalanmayıb. Belə bir faciə onun da başına 1981-ci ildə gəldi. Həyat yoldaşı, qardaşı Hüseyn, onun həyat yoldaşı avtomobil qəzasına düşüb, həlak oldular. Bu, Həsən müəllimə dəhşətli zərbə vurdu. 3 il sonra yenidən ailə həyatı qurdu. Hazırda onun 2 qızı, 2 oğlu var. Böyük oğlu Tariyel Bakıda iş adamıdı, kiçik oğlu Emin Tərtər Bələdiyyəsində sədr  müavini işləyir. Qızları ailəlidir. Bakı şəhərində yaşayırlar.

    Haqqında sizə danışdığım Həsən müəllimin insani keyfiyyətlərindən, qoçaqlığından, qorxmazlığından, bir sözlə, əsl Azərbaycan kişisinə xas olan xüsusiyyətlərindən söz açmaq bir qəzet məqaləsinə sığışmaz. Ona görə də onun haqqında sizlərə az da olsa məlumat verə bildimsə, ona da şükür.

    Allah Həsən müəllimə, onun ocağından dünyasını dəyişən insanlara rəhmət eləsin, qəbirləri nurla dolsun.

    Əvəz Nəsirov

     

    Müəllif: Redaktor, 16:35

    Teqlər:

İsmarıclar bağlıdır.