Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Avq

    DSC_2576Hər şeyi mühit yetişdirir. Bu mühit nə cürdürsə, şüurumuz da ona uyğun formalaşır. Çox şey ətrafımızda baş verən hadisələrə uyğun nizamlanır. Tərbiyəmiz də, əməllərimiz də bu amildən çox asılıdır.
    Elə yolunu azmış jurnalistləri də yaşadığımız mühit yetişdirir.
    Sovet rejimində bir az ayrı cürüydü. Həmin dönəmdə jurnalistlərə çox böyük hörmət-izzət göstərilirdi. Çünki əksərən düz yazırdılar, ələlxüsus da tənqidi yazıları və bunlara da yüksək mərtəbələrdə ciddi reaksiya verilirdi. Nəinki “Pravda” qəzetində, respublikamızda nəşr olunan “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri” qəzetlərində, o cümlədən adi rayon qəzetində adi bir tənqidi yazı dərc olunanda “aləm qarışırdı bir-birinə”, hətta Mərkəzi Komitənin, raykomun bürolarında bu yazılar müzakirə olunurdu. Idarə müdirləri “Kirpi” jurnalının əməkdaşlarından “cin misdən qorxan kimi qorxurdular”. Düzdür, o vaxt da jurnalistlərə rüşvət verirdilər, amma çəkinə-çəkinə, rayonun rəhbərliyi ilə razılaşandan sonra. Jurnalistlər də özlərini “naza çəkər”, “arpa ilə ikili tutar”, xeyli minnətdən sonra rüşvəti onların ciblərinə, yaxud partfellərinə güya gizlicə qoyardılar, onlar isə özlərini görməməzliyə vurardılar.
    Azərbaycanda müstəqillik bərpa olunandan sonra ölkə rəhbərliyinə gələn naşı, səriştəsiz və əfəl adamların idarəetmə təcrübələri olmadığına görə ölkədə bir xaos, bir özbaşınalıq, bir cəzasızlıq mühiti yarandı. Kim nə istədi, onu elədi. Şəxsi silahlı dəstələr adamların başına yüz oyun açırdılar. əslində millət yiyəsiz qalmışdı.
    Bax, belə vaxtlarda “sahibsiz”, “reketçi”, “dilənçi” jurnalistlər də meydana gəldilər. “İt yiyəsini tanımırdı”. Hərə bir qəzet açıb , hərə bir jurnal nəşr eləməyə başladı. Yaza bilən, yaza bilməyən də, kimin ağlına nə gəldi, yazdı. Şər, şəmətə, böhtan, şantaj “ayaq tutdu, yeridi”. Sanki hamının bir məqsədi vardı–nəyin hesabına olur-olsun, taki adamlardan pul qoparsınlar. Tumanı dizdən yuxarı, dar şalvarlı, gözləri eynəkli xanımları irəli burax-dılar. Hərəsinin əlində bir qəzetin və ya jurnalın vəsiqəsi (eləsi vardı ki, 2-3 vəsiqə gəzdirirdi) Azərbaycanın bütün rayonlarına yayıldılar, baş-ladılar təşkilatları gəzib “dilənməyə”, “o qapı sənin, bu qapı mənim”. Pul vermək istəməyən idarə müdirinə hədə-qorxu gəldilər, bəzilərinə xahiş etdilər, hətta yalvardılar, əndamlarını nümayiş etdirə-etdirə hər şeyə razı oldular, taki onlara pul verilsin. Hər yerdə də “eyni dalğa, eyni koordinat: “Bakı-dan gəlmişik, filan qəzetdənik, bizi yola salın”. Hətta icra hakimiyyətlərinə, prokurorluqlara, polis şöbələrinə ayaq açdılar. Bunların içərisində elə-ləri vardı ki, öz tərcümeyi-hallarını yaza bilmirdilər, soyadlarını, adlarını, atalarının adlarını yazanda səhvə yol verirdilər. Yeri gəlmişkən deyim ki, Tərtərdə də belə üzdəniraq “jurnalistlər” peyda olmuşdular. Ömründə bir məqalə yazmayan savadsız adamların ciblərindən və çantalarından “Redaktor”, “Şöbə müdiri”, “Əməkdaş” vəsiqələri çıxırdı.
    Iki tərtərli qadın tanıyıram. Yazı-pozu bacarmayan xanımlardılar. Indinin özündə də bir də görürsən libaslarını dəyişib, son dəblə geyindilər, üz tutdular qonşu və kənar rayonlara. “Biz jurnalistik, filan yerdən gəlmişik, bizi yola salın”. (Tərtərlilər bu iki sırtıq və mənəviyyatsız qadının hər ikisini yaxşı tanıyırlar)
    Mətbuatın üzərindən senzura götürüləndən sonra Azərbaycanda belə jurnalistlərin sayı da milçək kimi çoxaldı. Idarə rəhbərləri qaldı bu “maçalka”ların, sifəti padoşların əlində. Elə olurdu ki, bir idarəyə bir gündə 3-4 belə “jurnalist” gəlirdi.
    Ölkəmizdə söz və mətbuat azadlığından istifadə edən yaramazların hərəsi bir “informasiya vasitəsi” yaradaraq, müqaviləsiz-filansız işə götür-dükləri təsadüfi adamlara yazı yazmaq əvəzinə, pul yığıb, özünü də, “təsisçini” də saxlamağı tapşırırdılar. Belə-belə “reket jurnalistikası” deyilən yeni bir anlayış meydana gəldi və çirkab suyu kimi hər tərəfi üfunətə qərq etdi. Elə odu ki, uzun illər halal jurnalistlik fəaliyyəti ilə məşğul olan və öz peşəsinə ürəkdən bağlanan adamlar onları görüb xəcalət çəkməyə başladılar. Xəcalət çəkənlərdən biri də mən idim.
    Azərbaycan Mətbuat Şurası yaranandan sonra o, “reket jurnalistlər”lə mübarizə üçün özünün “Qara siyahı”sını tərtib etdi və bu cür mətbuat vasitələrinin adını həmin siyahıya saldı. İndi də o siyahı davam edir. (Son dəfə həmin siyahıya baxanda 100-ə yaxın qəzet və jurnalın adını gördüm). Bunun təsiri oldu, lakin məsələni kökündən həll etmədi. Indi də belə dilənçi və şərəfsiz adamlara rast gəlirik ki, onlar Azərbaycanın şanlı yol keçmiş jurnalistikasına ləkə salırlar. Onlarla mübarizə aparmaq tək Mətbuat Şurasının, hüquq-mühafizə orqanlarının işi deyil, hamımızın işidir. Elə iyrənc “jurnalist”ləri və onların təmsil etdikləri utancverici media vasitələrini ifşa və rüsvay edib, aləmə tanıtdırmalıyıq.
    Bir aforizm eşitmişəm: “O xalq xoşbəxt xalqdır ki, hər kəs öz bacardığı işlə məşğul olur”. Bizdə isə bəzən bu, tərsinə baş verir. Məsələn, yaxşı çoban ola bilən bir adam birdən şairlik sevdasına düşür. Bir gündə 15-20 “şeir” yazıb, sonra nəyinisə satıb, xeyli pul verir və “kitab” nəşr elətdirir. Indiyə qədər ağıllı və abırlı hesab etdiyimiz bu adamın ayıblarını faş edən bu “kitabı” görəndən sonra ondan zəhlən gedir və ağlına şübhə eləməyə başlayırsan.
    Və yaxud bir bacarıqlı kənd təsərrüfatı mütəxəssisi qəfildən “yazıçılıq” etməyə başlayır. 5-10 günə 500-600 səhifəlik bir “əsər” yaradır. Nə yazır? Nə özü bilir, nə də başqaları.
    Yolunu azmış jurnalistlər də belədir. Məqsədlərində yalnız haram qazanc əldə etmək kimi iyrənc niyyət tutub, bu cəmiy-yətdə yoluxucu virus kimi yayılan belələri gedib bir xeyirli işlə məşğul olsa, daha faydalı deyilmi? Həm özü dolanar,həm də ailəsinə halal çörək qazanar. Atalar deyib: “Adam ac olar, kişi olar”

    .                                                                                                                                                                              Tofiq Yusif

    Müəllif: Redaktor, 14:41

    Teqlər:

İsmarıclar bağlıdır.