Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    f4e41bae3eb7e47675e1629fe682fc92 (1)Apteklərdə eyni dərmanlar müxtəlif qiymətlərə satılır111255

    “Bala Kirpi” “Yeni Tərtər” qəzeti redaksiyasından müxbir Mirzə Nəsiri və fotomüxbir Kənanı götürüb, şəhərin apteklərini gəzməyə çıxdı ki, görsün bu “dərman evləri”ndə nə var, nə yox.
    Bəri başdan qeyd edim ki, Tərtər şəhərində 10 aptek ola, ya olmaya. Di gəl ki, bu apteklərdə satılan eyni adlı, eyni tərkibli dərmanların qiymətləri eyni deyildir. Respublika Tarif Şurası beş gündən bir dərmanların yeni qiymətlərini təsdiq etsə də, aptek sahibləri öz kefləri istəyən kimi camaata sırıyırlar. Elə də mümkün deyil ki, apteklərin hamısını gəzəsən, harada ucuzdur, oradan alasan. Satıcılarda isə insaf yox, mürvət yox. Xəstələr də ki, əlacsız və naçar. Onlar canlarının ağrısından borc da olsa tapıb, həkimlərin buyurduqları dava-dərmanı almalı-dırlar. Bəs aptekçilərin vicdanlarına nə gəlib? Qəribədir ki, vacib olan dərmanların bir çoxu qəhətə çəkilib, tapılmır. Ya piştaxta altından çox baha qiymətə satırlar, ya da güya “Depo”ya zəng edib, sifariş verməlidirlər ki, bu sifarişin də qiyməti gəlir dərmanın onsuz da baha olan qiymətinin üstünə. Satışı apteklərdə qadağan olunan dərmanlar satılır, lakin vacib olan bir çox dərmanlar tapılmıır.

    BU070BU“Bala Kirpi” bu hoqqalardan xəbər tutandan sonra dilxor oldu, “qanı it qanına” döndü. Dedi: – A Mirzə Nəsir, bu biabırçılığa nə vaxt son qoyulacaq? Axı, belə olmaz! – Mirzə Nəsir cavab verdi: – O vaxt son qoyulacaq ki, həm güclü ictimai nəzarət olsun, həm də ciddi cəza tədbirləri görülsün. Yoxsa aztəminatlı xəstələrin, ələlxüsus, pensiyaçıların, əlillərin, tənha və kimsəsizlərin göz yaşları bələnmiş pullarla varlanan bu harınların öhdəsindən gəlmək çətindir.

    Yenə bazar məsələsi “Bala Kirpi” bundan əvvəl bazarın ətrafındakı bazardan gileylənmişdi. Demişdi ki, rayon mərkəzində olan bazarın qarşı tərəfində elə bir bazar açılıb ki, yol tapıb yerimək olmur. Bir tərəfdən də xaltura edən köhnə maşınlar tən yolun ortasında saxlayır, zəhlətökən tıxac yaradır, camaatın narazılığına əhəmiy-yət vermirlər. Bu “ 1 manatlıq maşınlar” hamını bezar edib. “Bala Kirpi” bu dəfə fotomüxbir Kənana dedi:
    – Kənan, bəlkə bir bazarın qabağına baş çəkək? Keçən dəfə oradakı biabırçılığın fotoşəklini çəkib qəzetə də vermişdin. Görək bir təsiri olub, ya yox?
    – Üçü də yollandı bazarın qarşı tərəfinə. Gördülər ki, pahooo, ötən dəfəkinə şükür, indi lap hərki – hərkinəlikdir. Qarpız – yemişin mövsümü olduğundan bu məhsullarla dolu maşınları elə yoldaca saxlayıb, böyük bir gün çətirini də həm qarpız – yemişin, həm də öz başının üstündə qaldırıb, şıdırğı alver edirlər. Ümumiyyətlə, bazarın qabağında “it yiyəsini tanımır”.
    – Oradan maşınla keçəsi olsan, əvvəlcədən 1 kilo bal və 1 kilo da yağ ye, sonra maşınını oradan sür.
    Tərtər bazarının qarşı tərəfində yenə zir-zibilin, toz-torpağın içində hər şey – ərzaqdan tutmuş mer-meyvəyə qədər, ətdən tutmuş çörəyə qədər hər şey satılır. İnfeksiya yuvası olmuş bu məkan bəlkə də şəhərin ən çox antisanitariya vəziyyətində olan bir alverxanasıdır.
    “Bala Kirpi” soruşdu:
    – Mirzə Nəsir, buna nə deyirsən? Bu “dəlixana” nın bir çarəsi varmı?
    – Hə, var. Əgər belə natəmizliyə və özbaşınalığa cavabdeh olan adamlar öz haramxorluqlarından əl çəksələr, çarə olar. Atalar məsəlidir: “Əl-əli yuyar, əl də üzü”.
    Suyun qədrini bilməyənlər və ya “Oturduqları budağı kəsənlər”
    Tərtər şəhərinin içərisindən vaxtı ilə suyu göz yaşı kimi dumduru olan saysız-hesabsız arxlar axırdı. Elə arx vardı ki, dəyirman işlədərdi. Bu arxlar bir tərəfdən şəhərin gözəlliyi idi, digər tərəfdən ekoloji təmizik yaradırdı. Belə sağlam mühitdə sağlam da insanlar yaşayırdı. Tərtər çayından baş alan bu arxların suyu bal kimi olurdu…
    Sonralar həm ermənilər, həm də “sapı özümüzdən olan baltalar” təbiətin tərtərlilərə bəxş etdiyi bu xoşbəxtliyi bədbəxtliyə çevirdilər. Sərsəng Su Anbarını işğal edən ermənilər suyun qarşısını kəsdilər, özümüzdən olanlar isə bu arxları torpaqla doldurub, öz həyətyanı sahələrinə qatdılar. Dünya malından gözləri doymayan insanlar! Indiyə isə 3-4 sızqa arx qalıb ki, onları da “öz oturduqları budaqları kəsənlər” zir-zibillə elə doldurublar ki, həm üfunətdən adamın başı çatlayır, həm də suyun qabağı kəsilir. Di gəl başa sal ki, ay müsəlman, özün-özünə niyə düşmənçilik edirsən?
    Bunlar bir yana. Indiyə kimi Tərtər şəhərinin əhalisini içməli su ilə artezian quyuları təmin edib. Indi şəhərdə yeni su, kanalizasiya xətti çəkilir və bu iş cari ilin sonunadək qurtarmalıdır. Ondan sonra əhali gecə-gündüz, yəni fasiləsiz içməli su ilə tam təmin olunacaqdır.
    Təbiətin insanlara bəxş etdiyi hər şeyin qədri bilinməlidir. Handa da qala həyat üçün vacib olan faktorlar–su, çörək, hava kimi.
    Bəzilərində elə bil şüur tam formalaşmayıb–çox şeydə israfçılıq edirlər. ələlxüsus da havayı olan nemətlərin istifadəsində. Halbuki israfçılıq Allahın da xoşuna gəlməyən əməldir.
    Tərtər şəhəri günbəgün abadlaşır və gözəlləşir. Əhalinin tələbatı get-gedə daha dolğun ödənilir, yeni layihələr həyata keçirilir. Və hər şeyin təməlində insan amili durur. Lakin bəziləri bunları layiqincə dəyərləndirmir. Təbiətə qənim kəsilir, yaşıl ağaclar doğranır, çaylar, göllər qurudulur, bir sözlə, ekoloji tarazlıq bilə-bilə pozulur.
    Suyun israfçılığına yol vermək də bu qəbildəndir. Halbuki indi dünyada şirin su qıtlığı qlobal şəkildə yaranmaqdadır və bu fəlakətə qarşı Yer kürəsində bütün dövlətlər mübarizəyə qalxıb.
    “Bala Kirpi” öz həmkarları ilə Tərtərin bir çox yerlərinə baş çəkdi. Hər yerdə də suyun israfçılığına rast gəldi. Şəxsi həyətlərdə də, küçələrdə də açıq kranlardan su havayı axmağındadır. Bir çox şəxsi həyətlərə çəkilmiş plastik su boruları yararsız hala düşdüyündən içməli su yolları basır, küçələri bərbad hala salır. Kəndlərdə subartezian quyuları boş-boşuna işlədilir və beləliklə suyun ciddi israfına yol verilir. Çünki müftədir. Əgər havayı axan bu suların pulu kiminsə cibinə ziyan vursa, əlbəttə, qədrini bilər.
    Təkcə artezianların işlətdiyi elektrik enerjisinin dəyərini hesablasan, “adamın gözləri kəlləsinə çıxar”.
    “Bala Kirpi” yenə Mirzə Nəsirə tərəf döndü:
    –A Mirzə, bəs bunlara nə deyirsən?
    Mirzə cavab verdi:
    –Şüurumuz formalaşanda bunların hamısı qaydasına düşəcək.
    –Bəs şüurumuz nə vaxt formalaşacaq?
    –Deyəsən, rus deməli: “votivotdadır”.

    Qələmə aldı: Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:44

    Teqlər:

İsmarıclar bağlıdır.