Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    02222CAVANLIQ BİR GÖYƏRÇİN İDİ…

    Ömrümüzün pöhrə çağıydı. Arzularımız təzə tumurcuqlanırdı. Hələ qışın qandonduran sazağını, yayın qorabişirən odunu-alovunu görməmişdik. Həyat bizə nağılıydı. Amma hələ “göydən üç alma düşməmişdi”, Məlikməmməd divin pusqusunda dayanmışdı…
    …O, yerimirdi, sanki qanad açıb uçurdu. Belə vaxtlar göyərçinə bənzəyirdi–saf, təmiz, günahsız bir göyərçinə. Hər onu görəndə gəncliyin insana necə təravət gətirdiyini, Tanrının hər kəsə qıymadığı necə gözəllik bəxş etdiyini duyub, sehirlənirdim. Gözləri Xəzər dənizinin rəngindəydi. Həyat eşqi ilə dolu idi bu qeyri-adi gözlər. Giləsində Göygöl ləpələnirdi. Payız ondan çox uzaqdaydı–bəlkə də 60-70 illik bir məsafədəydi…
    …Dedilər ki, Zahid İsmayılov işə bir gənc qız götürüb. Bu, 1968-ci il idi. Mən onda “Qızıl Bayraq” qəzetinin nəzdində yerli radio verilişlərinin təşkilatçı–müxbiri işləyirdim. Cəmi-cümlətanı 18 yaşım vardı. Redaksiyanın yerləşdiyi indiki binada bir balaca otaq vermişdilər mənə. Verilişlərin mətnlərini burada hazırlayırdım və onları köhnə poçt binasının birinci mərtəbəsindəki “studiya”da Sahibə Kərimpur həftənin üç günü 15 dəqiqə efirə oxuyurdu.
    Bundan əvvəl Aydın Məmmədxanov redaktor idi (Sonra onu Zahid İsmayılov əvəz etdi). Qədir Allahverdiyev məsul katib, rəhmətliklər Zülfüqar Fərəcov redaktorun müavini, Yəhya İbrahimov, Vahid Məmmədov, Abbas Fətəliyev şöbə müdirləri idilər. Həmçinin müxtəlif illərdə burada Oqtay Musayev, Ziyəddin Nəcəfov, rəhmətlik Əmiraslan Qurbanzadə, Təvəkkül Nəcəfov, Hilal Bayramov, Qafar İsayev və başqaları işləyirdilər…
    Mən göyərçinə bənzəyən o qızla elə redaksiyada tanış oldum. Sonralar aramızdakı səmimiyyət qardaş-bacı ünsiyyətinə çevrildi. Bir-birimizə böyük hörmət bəsləyirdik. Indinin özündə də bu hörmət-izzət davam edir.
    Mən 1970-ci ildə Tərtərdən gedəsi oldum və sonralar redaksiyada nə baş verdi, demək olar ki, xəbərim olmadı…
    2005-ci ilin iyul ayında rayona yeni icra başçısı təyin olunmuş Vidadi İsayev 4 nəfər köhnə qəzet işçisini–məni, Qədir Allahverdiyevi, Svet-lana Bağırovanı və Svetlana Əzizovanı öz yanına dəvət etdi. Bildirdi ki, 7 il fəaliyyəti dayanmış rayon qəzeti yenidən nəşrə başlamalıdır.
    Qəzetlə bağlı heç nə qalmamışdı–nə redaksiyanın bi-nası vardı, nə də oturmağa bir yer. Allahın sarı kağızı və qələmi də yox idi. Amma biz 20 günün içərisində, yəni 2005-ci il avqust ayının 20-də rayon qəzetinin “Yeni Tərtər” adı ilə “Mingəçevir Poli-qrafiya” ASC-də birinci sayının çapına nail ola bildik. Və həmin vaxtdan bu günə qədər hər ay üç nömrə hesabı ilə, 1500-2000 nüsxə tirajla çap olunuruq. Bu işdə Tərtərin ilk ali təhsilli qadın jurnalisti, oxucuların sevimlisinə çevrilmiş, artıq respublikada və onun hüdudlarından kənarda peşəkar jurnalist kimi tanınmış Svetlana Bağırovanın böyük və gərgin zəhməti oldu. Buna görə də o, hal-hazırda baş redaktorun müavini vəzifəsində işləyir.
    Bilirsiniz, bütün münasibətlərdə bir çərçivə mövcuddur və etiket qaydaları vardır. Ən yaxın dost belə bu mədəniyyət və mənəviyyat “qanunları”na əməl etməlidir. Svetlana xanım ən həssas, ən kövrək məqamları belə hiss edir, ailədə də, işdə də, cəmiyyətdə də bu normalardan kənara çıxmır.
    Birgə işlədiyimiz bu illər ərzində mən Svetlana Bağırovanın özünə də, qələminə də yaxşı bələd olmuşam. Çünki onun ömrünün göyərçin vaxtlarından indiyə kimi, çox illər həmkar olmuşuq, bir yerdə çalışmışıq.
    Azərbaycan Dövlət Univer-sitetinin jurnalistika fakültəsinin rus bölməsini bitirərkən yazdığı “Diplom işi” də Tərtər rayon qəzeti ilə bağlı olmuş və yüksək qiymətləndirilmişdi. Bundan da bilinir ki, Svetlana Bağırova anadan olduğu rayona və onun qəzetinə canıynan-qanıynan bağlı insandır. Buna görə də onun “Əmək kitabçası”nda yalnız bir iş yeri qeyd olunub–rayon qəzetinin redaksiyası.
    Svetlana xanım çox işgüzar bir jurnalistdir. Ona tapşırılan hər bir iş vaxtında və məsuliyyətlə yerinə yetirilir. Indiyədək rayon qəzetində və kənar mətbuat orqanlarında yüzlərlə sanballı yazıları dərc olunub.
    Ömrünün bu çağında da, qayğılarının həddindən çox olmasına baxmayaraq, gənclik eşqi ilə yazıb-yaradır, yorulmaq bilmir. Bu isə çox yaxşıdır!
    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən respublika üzrə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin və digər müsabiqələrin dəfələrlə qalibi olub, həmişə də Diplom, “Fəxri Fərman” və pulla mükafatlandırılıb, qiymətli hədiyyələr alıb. KİVDF tərəfindən ilk dəfə nəşr olunan “Sözün zirvəsində” kitabında çap olunan ən yaxşı yazılardan biri də Svetlana xanımındır.
    O, öz aktual və orijinal yazılarına görə bu günlərdə “Qızıl Qələm” media mükafatına da layiq görülüb. Seçil-miş yazılarından ayrıca kitab nəşr etdirməyə hazırlaşır.
    Svetlana xanım redaksiyada və yaxınları arasında bir “səmimiyyət körpüsü” rolunu da oynayır. O, həmişə kimin işdə və həyatda günahı olsa, onun tərəfini saxlayır və bununla da həmin adamları sanki tənbeh edir, səhvini anlatdırır.
    Svetlana xanım həm də etibarlı və gözəl həyat yoldaşı, çox qayğıkeş, səmimi ana və nənədir. Onun 3 övladı və 5 nəvəsi var.
    …Bir vaxt Göygölün ləpələndiyi gözlərində indi qayğılar ləpələnir, amma bu gözlərin rəngi yenə Xəzər dənizinin rəngindədir.
    Ötən illər hamımızın simasında öz izlərini buraxıb. Üzümüzdəki qırışlar zamanın və yaşadığımız həyatın naxış-larıdır sanki.
    Deyirlər: “Hər dövrün öz gözəlliyi var”. Əlbət belədir. Lakin mən gəncliyin gözəlliyindən savayı gözəllik tanı-mıram.
    Svetlana xanımla bu dünyanın gedişindən söhbət edirik bəzən. Deyir:
    –Mən o vaxt dünyaya tamamilə başqa gözlə baxırdım. Şəhər 1 saylı orta məktəbinin rus bölməsini bitirmişdim. Xarkov şəhərində universitetə imtahan verib, Tərtərə gəlmişdim. Mən oranın mühitinə alışmışdım. Burada isə bir çox məsələlər ayrı cür idi. Adap-tasiya olunmaq lazım gəlirdi və mən bunu bacardım. Elə o vaxt redaksiyada işə düzəldim. Sonra Bakıda imtahan verib, Dövlət Üniversitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olundum. O vaxt-bu vaxt taleyimi bu sevimli peşəyə bağladım. Indi peşiman deyiləm.
    –Ahıllıqla necə, barışırsanmı?
    –Ayrı yol qalıbmı? Amma həyatımdan razıyam.
    Haşiyə: Bir qocanın beli tamam əyilmişdi, əsasınıa söykənərək bir təhər yol gedirdi. Cavanlar ona sataşmaq istədilər:
    –Baba, nə itirmisən belə yerdə axtarırsan?
    –Cavanlığımı, bala. Indicə əlimdən yerə düşdü.
    Lakin Svetlana xanımın o şux yerişi, düz qaməti, həyat enerjisi hələ yerindədir, eynən cavanlığındakı kimi.
    Onun bu həyatda bircə nisgilli arzusu qalıb–bütün övladlarından nəvə-nəticə görmək. Bu arzunun içində, çox kövrək intizar da var.
    Mən də bir doğma kimi Svetlana xanımın bu arzusunun yerinə yetməsi üçün nigaranam və Uca Allaha duaçıyam.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 11:17

    Teqlər:

İsmarıclar bağlıdır.