Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    01Mənsim Allahverdiyevgilin ailəsi atası 1937-ci ildə sürgün edildikdən sonra Qubadlı rayonundan köçməli olur. Naçar qaldıqları bir zamanda naümid yollar onları bir neçə yeri dəyişdikdən sonra 1943-cü ildə Tərtər rayonuna gətirib çıxarır. Xeyirxah insanların qayğısı və köməkliyi ilə Sarov kəndində yerləşirlər. Günlər keçib illərlə əvəz olunur. Ailə kənd camaatı ilə qaynayıb-qarışır, xoşbəxt günlərin sayı artır. Oğul-qızın həyata gəlişi özləri ilə bərabər ailəyə bəxtəvərlik gətirir. Yurd həsrətinin yarası yavaş-yavaş qaysaqlamağa başlayır…
    Mənsim kişinin evində beş övlad dünyaya gəlmişdir. Dörd oğlan, bir qız. Suqra xala övladları böyüdükcə boylarına baxıb fərəhlənirdi. Ailəni gözləyən bədbəxtlikdən nə atanın, nə də ananın xəbəri yoxuydu. Bilmirdilər ki, qəfləti hadisələr onların xoşbəxt həyatına ağır zərbələr vuracaq, bəxtəvər yaşanan günləri kədərə,niskilə bürüyəcək, bir-birinin ardınca iki övladının həyatına son qoyacaq…
    Ailənin yeganə qızı Lalə tibb institutunun 4-cü kursunda təhsil alırdı. 1993-cü il avqust ayının 14-ü idi. Özünə geyim-kecim almağa Gəncə şəhərinə getmişdi. Bazarda alış-veriş edərkən o zamankı qardaş qırğınının tüğyan etdiyi bir vaxtda atılmış güllənin qurbanına çevrildi. Ailənin qara günləri də o vaxtdan başladı. Kaş belə olmayaydı!…
    Şahlar Allahverdiyev ailədə üçüncü oğlanıydı. 1964-cü il iyul ayının 19-da anadan olmuşdu. İlk təhsilini də elə yaşadığı Sarov kəndində almışdı. Hərbi xidmətini Sovet Ordusu sıralarında keçmişdi, özü də xaricdə–Almaniyada. Mina təmizləyən olmuşdu. Hərbidən qayıtdıqdan sonra doğma kəndlərində qalaraq orada kolxoz işlərində çalışmışdı. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alırdı.
    Ölkəmizdə Qarabağ uğrunda ölüm-qalım savaşı başlamışdı. Əli silah tutan, ürəyində təpəri olanlar Vətənin müdafiəsinə qalxırdılar. 28 yaşlı gənc Şahlar da ürəyi təpərlilər sırasındaydı. 1992-ci ilin may ayında könüllü olaraq Tərtər Özünümüdafiə Batalyonuna daxil olmuşdu. Hərbi hissədə mühəndis istehkam xidmətinə zabit kimi qəbul olunmuşdu. Batalyonun tərkibindəki ən qoçaq oğlanlardanıydı. Xidmət etdiyi zaman demək olar ki, Ağdərə və ətraf kəndlərin–Marquşavan, Vəng, Drombon, Çıldıran, Umudlu, Mehmana uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərmişdi. Şahların igidliyi heç kəsin diqqətindən yayınmırdı. Elə ona görə də 1992-ci ilin dekabr ayında Müdafiə Nazirinin əmri ilə 190 sayılı hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi təyin olundu. Hərbi xidmətdə olduğu zamanlarda yüzlərlə minanı zərərsizləşdirdi.
    Şahların qəlbində düşmənə qarşı kin-küdurət varıydı. Həm torpaqlarımızın gündən-günə ermənilər tərəfindən işğal olunması, həm də yeganə bacısı Lalənin ölümü onu çox sarsıdırdı. Sanki bu gülərüzlü oğlanın qəlbində bir fırtına qopurdu, bir nifrət vulkanı çağlayırdı. Döyüş meydanına atılarkən yalnız qisas almaq istəyirdi, gözlərinə heç nə görünmürdü. Döyüşlərdən uğurla qayıdanda ürəyində bir sevinc qığılcımı yaranırdı. Evə gələn zaman valideynlərinin könlünü alaraq vətəninin, o cümlədən şəhid olmuş igidlərimizin qisasını alacağını söyləyirdi,
    Təəssüf ki, 1994-cü ilin aprelin 13-də Ağdam istiqamətində gedən döyüş Şahların sonuncu döyüşü oldu. O, Güllücə kəndi uğrunda gedən savaş zamanı şəhid oldu. 1994-cü il aprelin 14-də böyüyüb boya-başa çatdığı Sarov kəndində torpağa tapşırıldı. Özü ilə bərabər ermənilərə olan nifrətini, qisas almaq arzusunu, bir də ürəyindəki nişanlısına olan sevgisini qəbrə apardı. Arzuları puç olmuş övlad dərdinə ananın ürəyi necə dözsün, atanın qaməti necə düz qalsın?!
    Yaxşı ki xalqımız qədirbilən xalqdır. Dövlətimiz vətən uğrunda şəhid olan oğullarının qəhrəmanılığını unutmur, onu layiqincə qiymətləndirir. Şahların da igidliyi unudulmadı. Ölümündən sonra təhsil aldığı Azərbaycan Kənd Təsərrü-fatı İnstitutunun qarşısında büstü qoyuldu, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Bu ilin iyul ayında isə böyü-düyü kəndin–Sarov kənd xəstəxanasının həyətində büstü qoyularaq, bu səhiyyə ocağına onun adı verildi. Şahların igidliyinə verilən qiymət yaşlaşmış atanın ürəyinə bir təsəlli olur, sərinlik çiləyir. Düşünür ki, oğlunu uğrunda şəhid olduğu vətənin vətəndaşları unutmur, onun şəhid adını uca tutaraq qiymətləndirirlər. Bu o deməkdir ki, “Şəhidlər ölməz, Vətən bölünməz”! Vətənin oğlu da, qızı da elə bu vətənin torpağıdır, daşıdır, heç zaman qurumayan, coşub-çağlayan, bal kimi bulağıdır, zaman-zaman çağlayacaq.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:33

    Teqlər:

İsmarıclar bağlıdır.