Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    ÜRƏKLƏRƏ MƏLHƏM MEYVƏ ŞİRƏSİ

    IMG-20160801-WA0015-12016-cı il, aprelin 2-si. Tərtər rayonunun Qapanlı kəndi. Gecədən başlanan erməni təxribatı sakinlər arasında təşviş yaradıb. Dinc əhalidən ölənlər var. 7 nəfər hərbçi yaralanıb. Atışma isə davam edir. Evlərdə qalmaq təhlükəlidir. Bəs bu qadın kimdir? O, həyət darvazasından çıxaraq, titrək əllərində zorla saxladığı o ağır yeşiyi hara aparır? Qadın yolun kənarına çatıb dayanır. Yükünü yerə qoyur və… il uzunu həyətinin məhsulundan hazırladığı meyvə şirələrini çıxararaq, dö-yüşdən qayıdan hərbçilərə uzadır:
    –İçin, balalarım! Sizə qurban olum. Yaxşıca verdiniz o nankorların cavabını!
    Seysulan istiqamətində gedən ağır vuruşmada yaralananları döyüş meydanından təxriyə edən snayperçi Nazim Cəfərzadə bu səhnəni görüb deyir:
    –Çox sağ ol, ana! Narahat olma! Tezliklə biz onların cavabını elə verəciyik ki, bir də bu torpaqlara yaxın düşə bilməyəcəklər.
    Sərin meyvə şirələri yaralı döyüşçülərə məlhəm kimi təsir edir. Sanki bu məlhəmi tanımadıqları bir qadının yox, elə öz analarının əlindən alıb içirlər. Nazim özü yaralı olsa da, bütün ağrılarını unudur. Üzündəki ifadə dəyişir…
    Bu hadisəni Nazim Cəfərzadə redaksiyamızın qonağı olarkən bizə danışdı. Onu da əlavə etdi ki, bu gün Azərbaycan Ordusu çox güclüdür, amma onu daha qüdrətli edən xalqın mənəvi dəstəyidir, bizim birliyimizdir.

    AVROPA İKİNCİSİ
    Nazim Cəfərzadə 23 fevral 1981-ci ildə Masallıda anadan olub. 1999-cu ildə hərbi xidmətə çağırılıb. Xidmətini kəşfiyyat bölümündə davam etdirib. Hərbi xidmətini başa vurduqdan sonra, 2002-ci ilin fevral ayında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin gizir hazırlığı kursuna qəbul olunub. Həmin ilin avqust ayında kursu bitirərək könüllü olaraq xüsusi təyinatlı kəşfiyyat qüvvələrinə daxil olub. Ən çox sevdiyi ixtisas snayperçi olduğuna görə, 2003-cü ildə Türkiyə Respublikasının Sparta şəhərində 7 ay müddətində komando kursu keçib və bu kursu başa vurduqdan sonra Ankara şəhərində Avropa ölkələri arasında keçirilən “Snayper özəl hərəkatı” kursunu Avropa ikincisi olaraq bitirib.

    APREL HADİSƏLƏRİNDƏ FƏRQLƏNƏN SNAYPERÇİ
    Ölkəmizə qayıtdıqdan sonra Nazim bir snayperçi kimi lazımi bütün biliklərə mükəmməl yiyələnmişdi. Bu biliklərlə də xidmətini davam etdirir. Harada ona daha çox ehtiyac duyulursa, o istiqamətə göndərilir. Aprel hadisələri zamanı isə bacarıqlı snayperçi düşmən təxribatının qarşısının alınmasında xüsusi fərqlənib.

    XOŞBƏXTLİK
    Nazim ailəlidir, bir oğlu və bir qızı var. O deyir ki, hərbçi, xüsusilə də kəşfiyyatçı ilə ailə quran qadın böyük ürək sahibi olmalıdır. Çünki o, daim gözləməli və ailə başçısının evə sağ-salamat dönməsi üçün dua etməlidir. Ancaq bəzi indiki ailələrdən fərqli olaraq bu ailədə həm də yüksək mənəvi mühit olur ki, bu da kəşfiyyatçı peşəsində çalışanlardan ötrü müasir silahlardan da önəmlidir.
    –Ananla tez-tez görüşə bilirsənmi? –deyə Nazimdən soruşuram.
    –Yox, ildə bir dəfə ailəmlə birlikdə doğma Masallıda istirahət edirik. Onda anam da, biz də xoşbəxt oluruq. Anama öz işim haqqında çox danışmıram. Bilməsə yaxşıdır. Hərdən yaralarımı görüb kövrəlir. Ancaq bilir ki, Vətəni qoruyuram. Ona görə də mənimlə fəxr edir. İstəyirəm oğlum da atası kimi Vətənə xidmət etsin, mən də onunla öyünüm.
    –Nazim deyir:
    Aprel hadisələri zamanı tərtərlilərin fədakarlığına heyran oldum. Qəhrəman camaatdır. İndi hamımızın bircə yolu var –bu da Qələbəyə aparan yoldur. Aprel hadisələri bizi bu yola çıxardı, gücümüzü dünyaya göstərdi. İnşallah, gələcək qələbələr də bizim olacaq!

    Svetlana Bilalqızı

    Müəllif: Redaktor, 11:56

    Teqlər:

İsmarıclar bağlıdır.