Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    Изображение 053Dövrünün müasir tipli uşaq bağçası–körpələr evi idi bu bina. Tikildiyi zamanda yaraşıqlı görkəmi, müasir avadanlığı, mehriban tərbiyəçiləri və gələcəyin gül balalarından ibarət sakinləri vardı bu bağçanın. Bu gün də var. Amma necə və kimlər? İndinin sakinləri gül-çiçəkli, buz bulaqlı dağlarını, illərnən tikib-qurduqları ev-eşiklərini, var-dövlətlərini qoyub gəlmiş, Ağdam, Ağdərə, Kəlbəcər rayonlarından qaçqın-köçkün düşmüş vətən övladlarımızdır.
    Təzada bax! Dünənki sakinlər boy atıb böyüdükcə sabahın xoşbəxtliyinə doğru gedirdi. Bu günkü sakinlər isə yaşa dolduqca həsrətlərinə qovuşmaq ümidi ilə günlərini sayırlar. Düşən qaranlıq gecələr, açılan günəşli sabahlar bu sakinlərin ümidlərinə yeni ümidlər calayır. 20 ildən çoxdur ki, bu insanlar bax beləcə ümidlər içərisində günlərini bir-birinə calayırlar. Hətta bəzisi ömürlərini vətən, yurd niskili ilə başa çatdırdılar, “Ağdam”, “Kəlbəcər”, “Ağdərə” deyə-deyə dünyalarını dəyişdilər.
    Hamının hörmətini qazanmış Gəray kişi Ağdamdakı həyat-bacasının bir ovuc torpağını, bir dilim ətirli meyvəsini, Qaçay kişi ilə Firəngiz arvad Kəlbəcərin buz bulaqlarından bir qurtum su, dərdlərə dəva olan gül-çiçək ətri qoxuyan bir udum təmiz, saf hava istədilər, arzuladılar. Çox təəssüf ki, ömür onlara möhlət vermədi. Niskilləri özləri ilə bərabər bir dərdə, aşılmaz dağa çevrilərək əbədiyyətə qovuşdular.
    Günlər xatırlandıqca daha niskilli xatirələr yada düşür. Xəyanətkar ermənilərin hiyləsindən ailəsini qaçırdaraq bu bağçanın kiçik bir otağına sığınan Kəlbəcərli Əvəz müəllim çatar-çatmaz yeniyetmə oğlunu itirdi burada. Erməninin atdığı “Qrad” raketinin qəlpələri ata-ananın onsuz da dərdli ürəyinə oğul dərdi də əlavə etdi.
    Burada qaçqın-köçkünə çevrilərək ailələri ilə birlikdə məskunlaşmış azyaşlılar Qaraxan, Arif, Maarif və bir çoxları burada yaşa dolaraq ailə, uşaq sahibi oldular. Çadırlar quruldu, toylar çalındı, gəlin gətirildi bu bağçanın sökülüb tökülmüş divarları arasına, yeni oğul, qızlar dünyaya gəldi, körpə qığıltısı eşidildi bu qərib otaqlarda. Nənələr–Tahirə, Nəcibə, Sehran nəvələrinə sehirli nağıllar danışırdılar:
    – Biri varıydı, biri yoxuydu keçmiş zamanlarda baba-nənənizin yaşayış yeri Ağdam, Ağdərə, Kəlbəcər deyilən yerlər varıydı… Yox, indi də var. Amma erməni deyilən düşmənlərimiz o yerləri zəbt edib, bizləri oralara getməyə qoymurlar, yollarımızı kəsiblər. Allah qoysa əsgərlərimizin köməkliyi ilə hamımız birlikdə o yerlərə gedəcəyik… Sərin bulaqların başında qoçlar kəsib bayram edəcəyik…
    Hər günün nağılı hər kəsin dilində bir cür dəyişərək söylənilir. Sonu isə nağıllaşan yerləri gerçəkləşdirməkdir. Məzmunları ayrı olsa da mənaları eynidir. Bağçanın sökülüb dağılmış otaqlarının künclərindən qurtararaq yurdlarına, el-obalarına qovuşmaqdır ümidləri.
    Keçmiş bağçanın indiki sakinləri bu ilin aprelindəki hadisələrdən yaman ümidləndilər. Heç gedəsi deyilik, – dedilər. Burdan uzaq düşə bilmərik. Axşam-səhər küləklər Ağdamın, Ağdərənin, Kəlbəcərin qoxusunu bizlərə gətirir. Ümidləri, inamları yaşatdı onları burada.
    Keçmiş bağçanın bugünkü sakinləri dövlət başçısı İlham Əliyevin siyasətinə arxalanaraq işğal olunmuş doğma torpaqlara qayıdacaqlarına ümid edərək yaşayırlar burada. Bəlkə də o yerlərə tələsənləri də var, bu sakinlərin. Ərşə çəkilən yuxular əlindən bir saatlıq huşa gedənlər bəlkə də vətən həsrəti ilə yuxuya gedirlər, ayılanda isə oyandıqlarına peşiman olurlar ki. kaş oyanmayaydım. Evimizi, həyətimizi, bağçamızı doyunca görə biləydim, o bulağın suyundan doyunca içə biləydim. Kaş ki, o yerlərə gerçəkdən qayıda, çata biləydim…

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:13

    Teqlər:

İsmarıclar bağlıdır.