Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    metis1-az-cbefa2716b0d78537617021527768fe8İndiki zamanda bir çox televiziya verilişləri kal armuda dönüb tı-xanıb bu xalqın xirtdəyinə–nə uda bilir, nə geri qaytara bilir.
    Özəl kanallar lap şitin-şortun çıxarıblar. Neçə dəfə demək olar, neçə dəfə yazmaq olar: “Balam, bura Azərbaycandır, bu xalq Azərbaycan xalqıdır, onun öz tarixi keçmişi var, öz adət-ənənələri, öz mental dəyərləri var”?! Bura Fransa deyil ki, cinsi azlıqların hərəkətlərinə hüquqi və geniş meydan verilsin? Ya da eyni cinslilərin nigahını qanunla rəsmiləşdirsin! Və yaxud Afrikanın, Cənubi Amerikanın cəngəllikləri deyil ki, hamı lüt gəzsin və hamının gö-zü qarşısında kim nə istəyir, onu eləsin. Hər bir xalqın öz təməl prinsipləri var və bu əndazədən kənara çıxmaq həm eybəcərlik, həm də tərbiyəsizlik yaradır.
    Televiziya verilişlərinin çoxunu tapşırırlar “uşaq-muşağa”. Onlar da adımızı dünyada biabır edən yüz hoqqadan çıxırlar, əxlaqsızlıq təlqin edən hərəkətlərə yol verirlər, ağızlarına nə gəldi danışırlar, nə cür istəsələr, elə də geyinirlər (bəlkə də geyinməsələr ondan yaxşıdır). Ucuz, şit, düşük, bambılı davranışları ilə ikrah hissi oyadırlar. Camaatı güldürmək üçün meymunluq edən, hörmətsiz sözlər işlədən, qışqıran-bağıran bu yaramazlar, həqiqətən də, millətimizin abırlı təbəqəsini təhqir edirlər, onların əsəbləri ilə oynayırlar. İnkişaf etmiş ölkələrə inteqrasiya budurmu? Adını “Şou proqram” qoy, nə pəstaha çıxarırsan çıxar, hə?
    Bəzən “ ağsaqqal”, “ağbirçək” müğənnilərimiz də qoşulurlar bu “uşaq-muşağa”, biabır edirlər özlərini. Hələ onların əttökən geyimlərindən, dingiş hərəkətlərindən danışmıram, çünki bunları hamı görür və eşidir. Sadəcə olaraq deyirəm ki, ayıbdır! Onlar da azərbaycanlı olduğu üçün adam utanır.
    Məgər mövzu qəhətliyidirmi? Tarixi keçmişimiz bir yana qalsın, yalnız Qarabağ hadisələri ilə bağlı illər, on illər boyu çəkib göstərməli o qədər məqamlar var ki! Şəhidlərimizdən, onların ailələrindən, müharibə əlillərindən və veteranlarından, o faciəli günlərin şahidlərindən, milli-mənəvi dəyərlərimizdən, adət-ənənələrimizdən, intellektual səviyyəyə müsbət təsir edən amillərdən, Azərbaycanın inkişaf edən sahə-lərindən və s. və i. a. o qədər maraqlı verilişlər hazırlamaq olar ki, tamaşaçılar yetərincə həzz alar.
    Özəl kanaldır və bazar iqtisadiyyatıdır deyə, bu xalqı bezar etmək, onun hissiyatı ilə oynamaq olmaz, axı!
    Dünyamızın iqtisadi, ekoloji, siyasi təlatümlərin və qanlı müharibələrin caynağında çırpındığı bir vaxtda bizim bəzi televiziya kanallarının yayımladığı xəbərlərə baxın: “Filan ölkədə 90 yaşlı bir kişinin gənc arvadından ekiz oğlu olub”, “Filankəs namussuzluq etdiyinə görə arvadını baltalayıb”, “Filan arvad ərini bıçaqlayıb”, “Cavan gəlin ailəsini qoyub, Ba-kıya bir kişinin yanına qaçıb”, “Filan yerdə azyaşlı qız uşağı hamilə olub”, “Cinsi zorakılıq bir belə artıb, əsas zorlananlar azyaşlı uşaqlardır”, “Ata öz qızını zorlayıb”, “Cinsi azlıqlar “gecə ovu”- na çıxıblar”, “Filan yerdə fahişə-xana aşkar edilib”, “Qayınata öz gəlinini …” və ilaxır. Necə də ikrah hissi doğurur! Belə xəbərlərlə gündəmi zəbt edən televiziya kanalları nə demək istəyir, nəyi təbliğ edir?! Heç utanıb-qızarmırlarmı?!
    Bir ifadə var: “Danış, kim olduğunu deyim”. Onların yaydığı belə xəbərlər də elə öz səviyyələrinə uyğundur.
    Bir veriliş var: “Onun yarısı”. Orda gedən danışıqlardan bircə cümlə: “Mənim necə kişi olduğumu bilmək lstəyirsinizsə, gedin arvadımdan soruşun”. Əlavə izahata ehtiyac qalırmı?
    Ümumiyyətlə, telekanallar ailədaxili məsələləri, söz-söhbətləri ekranlara gətirmək üçün sanki yarışa giriblər. Ələlxüsus da özünü müğənni hesab edən qadınların ailə-məişət tərzləri tez-tez nümayiş olunur. “Açırlar sandığı, tökürlər pambığı”. Sonradan öyrənirsən ki, bu ailələrin özünə bir tərbiyə verən lazımdır. Ekranın taleyi “uşaq-muşağa” tapşırılanda bundan ayrı nə gözləmək olar ki?! Onlara desən də xeyri olmayacaq ki, a bala, bu ailə televiziyası deyil ki, sən istədiyini edəsən? Bəlkə dədənin televiziyasıdır?! Axı, bu verilişlərə Azərbaycan xalqı ilə bərabər bütün dünya baxır! Niyə millətin adını bədnam eləyirsən?!
    Televiziya ilə bağlı çox yazmışıq, çox danışmışıq. Hətta Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyev də mətbuatda bu barədə çox geniş və kəskin çıxış edib. Bunlar, az da olsa, öz təsirini göstərib, lakin bəzi kanallarda elə “köhnə hamam, köhnə tasdır”. Məncə, daha təsirli tədbirlər görmək lazımdır. Söz azadlığıdır deyə, hər hətərən-pətərən və hədyan danışanı xalqın tribunasına yaxın buraxmaq olmaz!
    Təzəlikcə bir hoqqabazlıq da dəbə minib və vərdiş halını almaqdadır. Adı-sanı, musiqi təhsili olmayan toyxana müğənnilərini və onlara züy tutan “mans”ları kollektiv şəklində çıxarırlar ekrana. Aparıcı da olur toyxana tamadası. Başlayırlar bu onu, o bunu təriflə ki, tərifləyəcəksən. “Üzü üzlər görmüş” tamada çox bayağı və bəlağətli sözləri ilə oxuyandan tutmuş nağaraçalana qədər elə bəzək vurur ki, fikirləşirsən: “Bunlar əlbət musiqi şedevrləridir”. İfaya gələndə isə… ətin tökülür. Bir var istedadları axtarıb xalqın içindən tapasan, bir də var pulun, ya nəyinsə xətrinə kimisə reklam edəsən. Reklam edəsən ona görə ki, camaat onu tanıyıb, daha çox toya aparsın və onlar daha çox pul qazansınlar. Görün bəzi televiziya kanalları nə günə qalıb?!
    Əvvəllər hərə özü üçün bir veriliş yaratmışdı. Aygün Kazımova, Nisə Qasımova, Kamran Həsənli, Mətanət, Fərda, nə bilim, daha kimlər! Onların apardıqları verilişlər isə yüngül və bambılı hərəkətlərlə dolu idi. Elə indi də ona oxşar hallar baş verir. Azər Axşam kimiləri sanki televiziyanı gözdən salmağa çalışır. Gah dombalaq aşır, gah hindular kimi qışqırır, gah hoppanıb-düşür. Verilişin ortasında camaatdan soruşur: “Mən hansı xananın üstündə dayanım ki, yaşıl işıq yansın?”. Deyən də yoxdur ki, “Ə, qağa mən nə bilim sən hansı xananın üstündə dayanasan? Falabaxan-zad deyiləm ki!”
    Türkiyənin televiziya kanallarından bir çox şeyləri oğurlayaraq, onları yamsılamaq da bir dəbdir bizdə. Bir də görürsən bir “kolxozun adamı”nı yığıb doldurdular bir zala və tez-tez məcbur edirlər ki, alqışlayın bizi. Halbuki alqış-lamalı heç nə yoxdur, əksinə, fitə basılmalı verilişdir ki, bunu da zalda oturanların bəziləri edir.
    Bir məqamı da açıqlamaq istəyirdim: televiziyada “aşıq bolluğu” yaradıblar. Kim istəyir əlinə bir saz alıb, düşür meydana. Səsi var, yox, saz çala bilir, ya bilmir, nə dəxli var ki? Təki televiziyada onu göstərsinlər. Və çox qəribədir ki, əksəriyyəti də saz havası deyil, oyun havası, bəstəkar mahnısı ifa edir. “Yanıq Kərəmi”ni də oyun havasına döndəriblər. Utanmaq yox, qızarmaq yox, xəcalət çəkmək yox!
    Bizim televiziyanın dərdi birdimi, ikidimi danışasan? Bu dərdləri sağaltmaq isə elə də müşkül məsələ deyil. Bir balaca “qulaq-burması” lazımdır. Bunu isə əsas Radio və Televiziya Yayım Şurası etməlidir. Bəs Şura nə vaxt bizim canımızı bu “uşaq-muşağın” biabırçılıqlarından xilas edəcək? Nə bilək.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 10:27

    Teqlər:

İsmarıclar bağlıdır.