Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    MULTİKULTURALİZM HAQQINDA FİKİRLƏRİM, YAXUD MAKSİM QORKİNİN “DANKO HAQQINDA ƏFSANƏ”Sİ

    428317_447778Rus mütəfəkkir yazıçısı Maksim Qorkinin romantik bir hekayəsi var: “Danko haqqında əfsanə”. Əsərdə göstərilir ki, öz yurdunda sağlam və firavan yaşayan xoşbəxt bir tayfa vardı. Bir gün daha güclü bir tayfa onlara hücum çəkdi, onları günəş işığı belə görməyən zülmət bir yerə qovdu, doğma yurd-yuvalarından didərgin saldı. Torpağından didərgin düşənlər isə xoşbəxt ola bilməzlər. Sarı bülbül haqqında deyimdə olduğu kimi: Sarı bülbülə şah sarayında qızıldan qəfəs düzəltmişdilər. Lakin o oxumur, elə hey göz yaşı tökür, ahu-zar edirdi. Şah bülbülü qəfəsdən buraxdırdı və onu izləməyi əmr etdi. Bülbül uçub gedib boz bir biyabanda qaratikan koluna qondu. “Oxqay, vətənə gəldim, imana gəldim”, – dedi və cəh-cəh vurmağa başladı.
    Yaxud bizim məşhur xalq bayatısında deyildiyi kimi:
    Əzizim, vətən yaxşı,
    Geyməyə kətan yaxşı.
    Gəzməyə qərib ölkə,
    Ölməyə vətən yaxşı.
    Mən, keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşam. Kəndimiz ermənilərin əhatə-sində yerləşirdi. Biz, azərbaycanlılar, rayonda azlıq təşkil edirdik, rayon rəhbərliyində yalnız partiya və komsomol komitələrinin ikinci katibləri ilə təmsil olunurduq.
    1992-ci ilin fevralında uzunmüddətli blokadadan sonra kəndimiz işğal olundu. Biz didərgin düşdük…
    Elə bil Qorkinin hekayəsini yaşayırdıq. Dünən bir tayfanın digərinə etdiyini bu gün bir millət digərinə etdi. Bəs bəşərin evolyusiyası, sivilizasiyasının inkişafı və tərəqqisi harda qaldı… Bu “tərəqqiyəmi” nail oldu bəşəriyyət XX əsrin son onilliyində və nəhayət, XXI əsrdə, hansı ki müsəlman dünyası od-alov içərisindədir (dünən bizə yaşam, firavanlıq gətirən od bu gün atəş şəklində başımıza yağır. İnciməzmi bizdən Prometey?!). Müsəlman ölkələri viranəyə çevrilir, dinc əhali qırılır, mədəni Avropa isə qaçqın dalğasına belə dözmür, sərhədlərini bağlayır, haray salaraq multikulturalizmin Avropada iflasa uğradığını bəyan edir.
    Bir didərgin olaraq hər gecə yuxularımda kəndimizi görürəm. Səhər isə mənim üçün özümüdərklə başlayır: Mən haradayam? Niyə buradayam?
    Cavab isə özünü çox gözlətmir: Sən didərginsən, öz yurdunda-yuvanda deyilsən.
    Hər günü belə başlamaq elə də asan və ürəkaçan deyil.
    Çox düşünürəm bu barədə: niyə bəşər “insan insana dost, yoldaş və qardaşdır” prinsipindən çıxış edərək; hər cür kin – küdurətə, nifrətə, müharibələrə, bütövlükdə insan adına yaraşmayan bütün antipatiyalara son qoyaraq, yalnız ehtiyaca, xəstəliklərə, təbii fəlakətlərə qarşı mübarizə apararaq, dünya xalqlarının dinc, firavan, xoş-bəxt yaşayacaqları, formaca milli, məzmunca humanist olan bir sivilizasiya formalaşdırmağa çalışmır.
    Bütün səmavi dinlərin kökləri eynidir və bu dinlər insanları düzlüyə, haqqa, ədalətə, insafa, qarşılıqlı hörmət və məhəbbətə çağırır, nəinki qarşıdurmalara.
    Bu baxımdan öz xalqımla fəxr edirəm. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların, dinlərin, məzhəblərin nümayəndələri əmin-arxayınlıqla yaşayıblar və yaşayırlar. Ana Torpaq bizim hamımızın anamızdırsa, hamımıza öz qoynunda səxavətlə yer verirsə, onda biz niyə bir Ananın övladları kimi çıxış etməyək? Və tolerantlıq, multikulturalizm mənim xalqımda olduğu kimi niyə başqa xalqların da yaşam prinsipinə və tərzinə çevrilməsin? Niyə dünya dinlərinin BMT formatında və statusunda beynəlxalq bir təşkilatı olmasın? Hər sahədə olduğu kimi dini sferada da beynəlxalq birlik və əməkdaşlıq çox zəruridir və bu, bəşəriyyətə əvəzsiz faydalar gətirərdi.
    Azərbaycanda multikulturalizm bu gün dövlət siyasəti səviyyəsinə yüksəldilib və respublikamız bu sahədə dünya dövlətlərinə nümunə göstərir. Respublikamızda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi reallığın təzahür formasıdır.
    Bu yaxınlarda ABŞ konqresində Azərbaycana dair dinləmələr keçirildi. Dinləmələrdə Azərbaycanın multikulturalizm sahəsində ənənələri, uğur və nailiyyətləri, bu sahədə məqsədyönlü fəaliyyəti təqdir edildi. Bu, dünya miqyaslı bir uğurdur. Dünya dövlətləri multikulturalizmin Azərbaycan modelini defakto qəbul etsələr, görün bəşəriyyət necə dəhşətli bəlalardan qurtular, necə böyük nailiyyətlərə imza atar.
    Bəşəriyyət millətsevərliyə “hə”, millətçiliyə “yox” deməlidir.
    Hər millət öz üstünlüyünü yalnız Nobel mükafatı fəlsəfəsini kriteriya götürərək göstərməlidir.
    Hər bir fərdin timsalında antipatiya öz yerini mütləq şəkildə empatiyaya verməlidir.
    Dünya çiçəklənmiş mədəniyyətlər sərgisi, ali sivilizasiyalar məkanı olmalıdır.
    İnsanların Böyük bədii ədəbiyyata Böyük dönüşü baş verməlidir.
    “Sülhə (konsensusa, multikulturalizmə, humanizmə)” gəlin, ey insanlar,
    Yoxsa Dünya məhv olar!”

    Zabil Zeynalov,
    Umudlu kənd tam orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 11:02

    Teqlər:

İsmarıclar bağlıdır.