Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-11Həmyerlimiz, şair, jurnalist, Qızıl Qələm mükafatı laureatı Qədir Tərtərlinin yenicə çapdan çıxmış “Mənim həyat romanım” kitabını son cümləsinədək böyük maraqla oxudum və əsər haqqında fikirlərimi qəzetimizin oxucuları ilə bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, “Mənim həyat romanım” kitabı bir insanın taleyindən bəhs etsə də, burada biz Azərbaycanın ötən əsrin 30-cu illərindən başlayaraq və XXI əsrin əvvəllərinədək olan ictimai-siyasi mənzərəsini, xalqımızın yaşam tərzini, adət-ənənələrini, valideyn-övlad və övlad-valideyn münasibətlərini görürük. Balaca Qədirin doğulduğu Əksi-para kəndi ilə birlikdə böyüdüyünün, dəyişdiyinin, Böyük Vətən müharibəsi illərində keçirdiyi əzab-əziyyətlərin, sıxıntıların şahidi oluruq.
    Kitabdakı bütün səhnələr təbii və səmimidir, xalqın öz dili ilə qələmə alınıb.
    Yaddaşımda xüsusilə iz qoyan səhnələrdən biri yay aylarında kənd camaatının yaylaqlara köç etməsidir. Bu o vaxtlar idi ki, hələ nə maşınlar vardı, nə də müasir rahat şərait. Qədir müəllim yol boyu rastlaşdıqları gözəllikləri, ferma müdiri işləyən atası Hüsü kişinin çobanlara, onların ailə üzvlərinə münasibətini elə canlı təsvir edir ki, oxucu özü də yolçulara qoşulub sərin yaylaqların ətrafında dincəlir, “Həmzə çiməni”ndə uşaqların “Çataldaş”ın altında məktub gizlətdiklərinin şahidi olur, qadınların dağda bitən göylərdən sacda bişirdikləri ləzzətli kətənin ətrini duyur.
    Qədir müəllimin oxuduğu illərlə bağlı xatirələri, ilk müəllimindən tutmuş, universitet müəllimlərinədək hər birini təsvir etməsi həmin illərin təhsili haqqında dolğun təəssürat yaradır. Özü də təkcə təəssürat yaratmır. Bir növ indiki nəslə ibrət dərsi olur. Yəni yaxşı oxumaq üçün gözəl geyinmək, məktəbə valideyninin bahalı maşınında getmək, müasir sinif otaqlarında dərs keçmək mütləq deyil, ən başlıcası, işıqlı ürəyi olan müəllim və onun öyrətdiklərini mənimsəməyə həvəsi olan şagird lazımdır. Qədir müəllimə universitetdə dərs deyən müəllimlərin bir çoxu sonralar mənə də dərs deyiblər–Azərbaycan jurnalistikasının korifeyləri Şirməmməd Hüseynov, Seyfulla Əliyev, həm-çinin vaxtilə onun tələbə yoldaşı olanlardan – Famil Mehdidən, Tofiq Hüseynovdan mən tələbə olarkən universitet auditoriyalarında dərs almışam.
    Onun universitet illərindən başlayan və bütün ömrü boyu davam edən dostluq münasibətləri isə bir növ həyatının “yaşıl işığı”na çevrilmişdir. Dostlarının hamısı gələcəyin adlı-sanlı şeir-sənət fədaisi olmuş, dəyərli əsərlərinə görə oxucuların sevimlisinə çevrilmişlər. Bunlar Şamil Xurşud, Famil Mehdi, Şahmar Əkbərzadə, Əlibala Hacızadə, İbrahim Göyçaylı, Sərdar Mehdiyev, Qaçay Köçərli və baş-qaları olmuşlar.
    Bu kitabda mən həmçinin Tərtər rayon qəzetinin tarixi, eyni zamanda bütövlükdə rayonumuzun tarixi, vaxtilə burada çalışmış və Tərtərin həyatında silinməz iz qoymuş qiymətli ziyalılar haqqında zəngin məlumatlara rast gəldim. Bunlar rayon qəzeti mətbəəsini təşkil edən, vaxtilə mənim də çiyin-çiyinə çalışdığım Mirməhəmməd Hüseynov, onun qızları Minayə və Sürəyya, qəzetin o zamanki redaktoru, rayonun birinci katibləri Nadir Rüstəmov, Rüstəm Səfərəliyev, Zülfiqar Abdullayev və başqalarıdır. Müəllif o dövrdə rayon partiya komitəsinin qəzetə olan münasibətini, qəzet-oxucu əlaqələrini çox gözəl və real faktlarla çatdırır.
    Sonralar Qədir müəllim uzun illər partiya-sovet işində çalışmış, yeni-dən jurnalistika sahəsinə qayıtmış, bir sözlə, həyat yolu həmişə hamar olmasa da, son nəticədə daim halal zəhməti sayəsində istəyinə çata bilmişdir.
    Nəhayət, Qədir müəllimlə yanaşı bu əsərdə bir baş qəhrəman da var ki, o da daim ailəsi üçün çalışan, övladlarına yetimliyi hiss etməyə qoymayan, cəfakeş, məğrur Azərbaycan qadını – müəllifin anasıdır. Anası ilə bağlı hər söz böyük məhəbbətlə yazılıb. O, bu obrazla yalnız öz anasını deyil, ailəsinə sədaqəti ilə bütün dünyada tanınan Azərbaycan qadınını tərənnüm etmişdir. Kitab həmyerlimiz, hamımızın yaxşı tanıdığı gözəl ziyalı, ensiklopedik biliklərə malik nadir şəxsiyyət Rauf Həsənzadə haqqında söhbətlə tamamlanır. Rauf müəllimin xeyirxah əməllərindən, öz zəngin biliyini insanlara təmənnasız çatdırmasından bəhs edən müəllif bu sonluqla sanki bir daha demək istəyir ki, dünyamız xeyirxahlıq üzərində qurulub.
    Xeyirxah insanlar heç zaman unudulmur.

    Svetlana BAĞİROVA

    Müəllif: Redaktor, 15:34

    Teqlər:

İsmarıclar bağlıdır.