Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    dsc_5902dsc_5907Qardaş, bu Tərtərin elə sürücüləri var ki, onlara “zırrama” deməkdən özümü saxlaya bilmirəm. “Zırrama” sözü də ki, çox ağır sözdür və bu sözə dözmək zor işdir. “Zırrama”, yəni “hır”nan “zır”ı qanmayan, “haho”, “hiş” bilməyən bir zaddır. Məsələn, bir komediyada deyildiyi kimi: “Özünə baxma, bu donuz ki, var, çox qanmaz heyvandır” və yaxud farslar belə ifadə işlədirlər: “Necəsən qanmayım, dədən yansın?!”. Bax, zırrama da bu qəbildəndir. Elə bil anadan olandan üzü bəri nə evdə, nə uşaq bağçasında, nə də məktəbdə tərbiyə verməyiblər. Abır bilmirlər, həya bilmirlər, ayıb bilmirlər, mədəniyyətləri də ki, yekə bir “SIFIR”dır. Adam gərək böyük-kiçik yeri bilə, ağsaqqal-ağbirçək tanıya. Yaxın keçmişinizə nəzər salın, görün onda nə təhər idi? Yol böyüyün olardı, su kiçiyin. Ağsaqqal-ağbirçək gələndə cavanlar ayağa durar, ehtiram göstərərdilər. Onların bir sözü iki olmazdı. Kiminsə ağzı nəydi özündən yaşca böyük adamın sözünün qabağına söz desin!
    Bəs indi necədir? Uzaq olsun! Elə uşaq-muşaq peyda olub ki, böyüklərə “nəsihət”, “öyüd” verir, onlara “ədəb-ərkan qaydaları” “öyrədir”, “ağıllı ol!”–deyir. Amma özünün adi tərbiyəsi yoxdur. Di gəl döz!
    Tərtər sürücülərinin əksəriyyəti də bu səviyyədədir, yəni zırramadır. Onların nəinki sürücülük mədəniyyəti, ümumiyyətlə, heç mədəniyyətləri yoxdur. Ağzında “zırrama” deyirsən, heç zırramanın da mədəniyyəti olar?! Xüsusilə də bir dana satıb, “yamağından cin ürkən” cındır bir maşın alan və onunla xaltura edən sürücülər!… Yoxlasan, bəlkə heç çoxunun sürücülük vəsiqəsi də yoxdur.
    Əsəblərinizi yerindən oynatmaq istəyirsinizsə, çıxın Tərtər şəhərinin Heydər Əliyev prospekti ilə Elman Hüseynov küçəsinin kəsişdiyi yerə. Əvvəlcə “dördyol”, indi isə “üçyol” olan bu məkanda işıqfor da quraşdırılıb. Kimdir işıqfora və ya yol hərəkəti qaydalarına məhəl qoyan?! Maşın ola, zırrama ola… Kimin ağlı nə kəsir, necə kəsir, elə də eliyir. Döngənin lap üstündə, işıqforun altında və yanyörəsində, hər üç yolun hər iki tərəfində qayda pozuntusu ilə o qədər maşın saxlayırlar ki, nə yollar görünür, nə döngə görünür, nə gələn, nə gedən maşınlar. İllahım da, necə gəldi saxlayır, sərnişin gözləyir, elementar yol hərəkəti qaydalarına əməl etmirlər. Düz işıqforun altını dayanacaq edən, burada xeyli dayanaraq sərnişin yığan, digər maşınların gəliş-gedişinə tam mane olan və hər an qəza təhlükəsi yaradan bu maşınların sürücüləri “ya şallaq yeməyiblər, ya da say bilmirlər”.
    Əhvalat. Padşah əsəbləşib, bir nəfərə yüz şallaq vurulmasını əmr edir. Bu zərbələrə tab gətirməyəcəyini bildiyindən kişi deyir:
    –Padşah sağ olsun, siz ya şallaq yeməmisiniz, ya da say bilmirsiniz. Yüz şallağa da insan dözər?!
    20 qəpikdən ötrü az qala adam tapdalayan, digər maşınların üzərinə şığıyan, dayandıqları hər yerdə tıxac yaradan, insanların əsəblərini məhvərindən çıxaran bu özbaşınalara “axı, belə olmaz!” –deyən bir nəfər yoxdur. Deyən olsa belə “payını”elə alar ki, bir də o kəlməni dilinə gətirməz. Ələlxüsus bazarın qarşı tərəfində zırrama sürücüləri olan maşınlar elə vəziyyət, elə pərən-pozğunluq yaradırlar ki!… Buradan keçən digər sürücülər də, piyadalar da zinhara gəliblər. Zırramalara söz də deyəndə “qana düşürsən”, günahkar olursan, dediyinə peşman eliyirlər səni. Cavan gədələr üstünə nə təhər qışqırırsa, məəttəl qalırsan.
    Mənim başıma da belə bir iş gəlib. Bazarın qarşı tərəfində, onsuz da pərakəndə dayanan maşınların hər iki tərəfdən yolu zorla keçilən qədər daraltdığı yerdə bir xalturaçı zırrama maşınını saxlayıb, əlini qulağının dibinə qoyaraq siqaret fısıldadırdı. Arxadan və qarşıdan gələn maşınlar keçə bilmədikləri üçün uzun bir tıxac yaratmışdılar. Xeyli gözlədik. Bu gədənin heç nə vecinə deyildi. Sanki yaxşı bir iş görmüş kimi, yolun tən ortasında saxladığı “utillik” maşının sükanı arxasında təkəş-təkəş oturub, yerindən tərpənmək bilmir, hamıya hörmətsizlik edirdi. (Ədəbsizdən ayrı nə gözləmək olardı ki?!). Axırda dözməyib maşından düşdüm, həmin zırramanın yanına gəldim və dedim:
    –A bala, ayıb deyil bu qədər insanın əsəbləriynən oynayırsan?! Niyə maşınını kənara çəkmirsən?
    –Əşi ey, ağzını təmiz saxla! Ayıb özünə olsun! Keçə bilmirsənsə, qayıt ayrı yolnan get! Buna bax bir!
    Qəribədir ki, bu hadisə bizdən cəmi 3-4 addım aralıda dayanmış dövlət yol polisi əməkdaşının gözləri qarşısında baş verirdi. Polis olan bəndə o zırrama sürücüyə bir söz dedimi? Əlbəttə, yox. Çünki, babalı deyənlərin boynuna, danışırlar ki, belə taksi sürücüləri hər gün müəyyən məbləğ yığıb, yol polisinin “bığının altından keçirlər”. Yoxsa, belə zırramalıq olmaz, axı!
    Ümumiyyətlə, açığını deyək, Tərtərdə sürücülərin yaratdığı çoxlu sayda qayda pozuntularına yol polisi sanki göz yumur və dözür. Niyə?
    3-4 ilin söhbətidir “Üçyol” dediyim həmin ərazidə işıqforu keçib yolun sağ tərəfində dayanmış maşınların cərgəsində mən də maşınımı saxladım. (Bu ərazidə maşın saxlamaq qadağan idi). Tələsik işim olduğu üçün qadağanı digər sürücülər kimi mən də pozdum. Heç 4-5 dəqiqə keçməmiş xəbər gəldi ki, yol polisi əməkdaşları mənim maşınımın nömrə nişanını açıb aparıblar. Tez ora gəldim. Əvvəlcə əsəbləşdim: “Nə üçün bu qədər maşının içərisində yalnız mənim maşınımın nömrə nişanını açırlar?!”. Bu hərəkəti bəzi yazılarımın əvəzi kimi yozdum. Sonra düşündüm ki, qaydanı pozmasaydım, onlar da bunu etməzdilər.”
    Amma… Qaydalar hamıya şamil olunmalıdır. Cəzasızlıq mühitində qanunsuzluq baş alıb gedər.
    Zırrama sürücülərin öhdəsindən gəlmək üçün onlarla dostluq etmək yox, qanunların sərt dili ilə danışmaq lazımdır.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 11:22

    Teqlər:

İsmarıclar bağlıdır.