Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    GÜNƏŞ QƏLBLİ İNSAN

    xalide-mBir əlində çanta, o birində jurnal tutmuş qadın dəhlizlə asta-asta addımlayır. Gözləri yerə zillənmiş bu qadın sanki addımlarını sayırdı, ya da izah edəcəyi fənni təkrarlayırdı. Xəyallar içində sinif otağının qapısına necə çatdığından xəbəri olmadı. Elə bil qapı öz-özünə açıldı və onu xəyaldan ayırdı. Sinif otağına daxil olaraq ayaq üstə dayanmış uşaqlara salam verdi və əlindəki çanta ilə jurnalı masanın üzərinə qoydu. Əyləşin,–deyərək hamını nəzərdən keçirdi. Elə bil bu nəzərlərlə ayırd etdi ki, şagirdlərin dərsə hazırlığı hansı vəziyyətdədir. So-ruşacağı dərs barədə sorğu-suala başladı.
    Şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyevanı hər dəfə sinif otağına daxil olarkən beləcə görmək olar.O , 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına pedaqoji universitet) filologiya fakültəsini bitirdikdən sonra ilk işə başladığı gündən indiyə kimi beləcə davam edir. Bir ömrə bə-rabər 40 il!
    Bu illər Xalidə müəllimə nələr verdi, onun yaddaşında hansı izlər buraxdı? Elə bu sualla ona müraciət etdim.
    Gülümsünərək selofan paketə yığılmış diplomları, sertifikatları, Fəxri Fərman və təşəkkürnamələri çıxarıb göstərdi: “Hələ yarısı da evdə qalıb, bəzilərini gətirdim”,–dedi.
    Bir ömrün 40 ilini özündə əks etdirən bu əlvan rəngli kağızlar sanki xəfifcə pıçıldayırdı. 1990-cı ildə ali kateqoriyalı “Metodist müəllim” adı, 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayının nümayəndəsi, 2000-ci ildə “İlin müəllimi” adı, 2001-ci ildə respublika müəllimlərinin pedaqoji mühazirələrinin iştirakçısı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3-cü dərəcəli diplomu, 2002-ci ildə “Azərbaycanın tanınmış maarifçisi” fəxri adı, Qadınlar Üçün İnkişaf Fondunun (UNİFEM) “Qadınlar münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” mövzusunda keçirilən treninqi müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat, 2003-cü ildə Azərbaycan müəllimlərinin XII qurultayının, həmin il Azərbaycan Qadınlarının qurultayının nümayəndəsi, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının “Öyrədənlərin öyrədəni” adını təsdiq edən sertifikat. 2005-ci ildə YAP Tərtər Rayon Təşkilatının Fəxri Fərmanı, dəfələrlə Tərtər rayon İcra Hakimiyyəti və Tərtər Rayon Təhsil şöbəsi tərəfindən verilmiş “Fəxri Fərman”lar, müxtəlif müsabiqələrdə müvafiq yerlərin qalibi diplomları və daha nələr… nələr… Hədər getməyən illər…
    Şüası ilə ən zərif çiçəkləri, otları, ağacları cana gətirdiyi, bitirdiyi günəş kimi, müəllim əməyi də minlərlə oğulu, qızı öz elmi, zəkası ilə bəhrələndirib, bilikli, savadlı bir şəxs kimi həyata, ictimaiyyətə bəxş edir. Bu gün Xalidə müəllimin yetirmələri ölkəmizin ictimai-siyasi həyatında öz layiqli yerlərini tutublar. O şagirdləri sevə-sevə xatırlayan müəllim böyük iftixar hissi ilə söz açır:
    –Bizim ana dilimiz müqəddəs və saf dildir. Mən də şagirdlərimə doğma dilimizi, onun incəliklərini öyrədirəm, Mən şagirdlərimi övladlarımdan ayırmadan dərsimi tədris edirəm və düşünürəm ki, hər birinin qəlbində mənim öz yerim var. Müəllim üçün bundan böyük şöhrət yoxdur. Məni axtaranda, uğurlarından danışanda çəkdiyim zəhmətin bəhrəsini qazanmış oluram. Elə əlinə jurnal alıb sinif otaqlarına tələsən hər bir müəllimə şagird məhəbbəti, sevgisi arzulayıram. Gənc müəllimlərə humanist olmalarını, şagirdlər arasında nizam-intizamı qorumağı tövsiyə edirəm. Çünki bunlar müəllim üçün ən vacib şərtlərdir.
    Xalidə Quliyeva ürəklərdə, yaddaşlarda qalan müəllim olmaqla yanaşı həm də qayğıkeş anadır, nəvələri üçün sevimli nənədir. Onun 3 övladı, 8 nəvəsi var. Qızı Gülçin anası ilə çiyin-çiyinə işləyir. O, şəhər 6 saylı məktəbdə biologiya müəllimidir.
    Xalidə müəllimin bir ana kimi arzusu ölkəmizin üzərindən qara buludun götürülməsidir, elimizin-obamızın bütün təxribatlardan, çəkişmələrdən uzaq olmasıdır. Günəş qəlbli bu insandan xoş təəssüratla ayrıldım.

    Elfuzə Camalqızı 

    Müəllif: Redaktor, 15:33

    Teqlər:

İsmarıclar bağlıdır.