Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    QAYĞI VARSA, YAŞAMAĞA DƏYƏR

    dsc_7800Xanoğlan kişi həyatında birinci dəfəydi ki, təyyarəyə minirdi. Qızı Könül əl çəkməmişdi. Demişdi ki, Astanaya gəlib bizim həyatımızla tanış ol, bu şəhərin görməli yerlərinə bax. Axı, bütün ömrün boyu başın işdən açılmayıb ki, görəsən dünyada nə var, nə yox. İndi əsl istirahət etmək vaxtıdır.
    Xanoğlan kişi ürəyində qızı ilə razılaşırdı. Düşündü ki, Könül düz deyir. İllər uzunu müxtəlif sahələrdə bənna, rəngsaz, suvaqçı işləyəndə o, bax, belə günləri, övladlarının xoş güzəranını gözləri qarşısına gətirib, yorulmaq bilmirdi. Bağında ən nadir meyvələri əkib, barını gözləyən bağban kimi, uşaqlarının bəhrəsini görmək istəyirdi. Təyyarə Astana şəhərinin hava limanına çatmışdı. Hələ enməmişdən şəhərin gur işıqlarını görən ata ürəyində çox sevindi. Bax, bu işıqların arasında onun övladının da isti, xoşbəxt yuvasının işığı var.
    Hava limanında onu bütün ailə qarşılayırdı: kürəkəni İlqar, qızı və üç nəvəsi–Rəşad, Arzu, Ruslan.
    İlqar Rzayevin ailəsi Qazaxıstanda Azərbaycanı ləyaqətlə təmsil edən ailələrdəndir. İlqar müəllim özü vergi müfəttişidir, Rəşad Malaziyada ali məktəb bitirib və yaşadığı ölkənin Prezident Administrasiyasında çalışır. Arzu hüquqşünasdır. Sonbeşik Ruslan da bu ixtisası seçib. Hazırda universitetin hüquq fakültəsində təhsil alır.
    Ailə üzvləri Qazaxıstanda Azərbaycan diasporu ilə sıx əlaqə saxlayırlar. Astanada qonaq olan azərbaycanlıları, xüsusən də mədəniyyətimizi təmsil edənləri evlərinə aparır, onları xalqımıza məxsus qonaqpərvərliklə qarşılayırlar. Aşıq Ədalət, Yusif Nəğməkar və başqaları dəfələrlə bu ocağın qonağı olublar.
    Ata üçün övladının yaxşı gününü görməkdən böyük xoşbəxtlik nə ola bilər? Hava limanından qızının evinə gələnədək yolboyu Xanoğlan kişi bu barədə düşünür, xəyalən keçmişə qayıdır, uşaqlarını necə əziyyətlə böyütdüyünü xatırlayırdı.
    O özü Ermənistanın Basarkeçər rayonunun Çaxırlı kəndində anadan olub. 1949-cu ildə ailə Ermənistandan deportasiya edilib və Yevlax rayonunda məskunlaşıb. Düz 20 il burada yaşayıblar. 1969-cu ildə Tərtərdə yeni qəsəbənin tikilməsi haqqında qəzetdəki elanı oxuduqdan sonra bu rayona köçüb. Kiçik bir məhlə alıb. Elə o vaxtdan da Tərtərdə həm müxtəlif tikinti təşkilatlarında, həm də şəxsi evlərin inşasında işləyib.
    Həmişə işdən evə yorğun qayıdanda, övladlarının onu necə səbirsizliklə gözlədiyini görür, gün ərzində keçirdiyi əzab-əziyyətlər yadından çıxırdı. Hətta hərdən yoldaşı Zemfira xanımla uşaqlara görə mübahisə də edirdi. Deyirdi ki, biz çox əziyyətlər görmüşük, onları buyurma, qoy sərbəst böyüsünlər. Əvəzində isə daim Zemfira xanımın müdrik cavabını eşidirdi:
    ––Düz demirsən. Mənim üçün də uşaqlar əzizdirlər. Amma indidən biz onları zəhmətə alışdırmasaq, gələcək həyatlarında çətinlikləri çox olar. Qoy bu çətinlikləri bəri başdan görüb dözümlü, zəhmətkeş olsunlar.
    Bu xəyallar içində ata gəlib qızının evinə çatdı. Burda o, qərib ölkədə olduğunu unutdu. Qızının açdığı süfrəyə, onun hərəkətlərinə baxdıqca, ürəyində həyat yoldaşı Zemfiranın nə qədər haqlı olduğunu başa düşürdü. Bəli, ailənin təməlində kişi dayansa da, onun möhkəmliyi, övladların xoşbəxtliyi əsasən ana ilə bağlıdır.
    Haqqında söhbət açdığım Xanoğlan Əhmədovla mən bu yaxınlarda keçirilən referendum zamanı 2 nömrəli seçki məntəqəsində tanış oldum. O, səsverməyə birincilər sırasında gəlmişdi. Mən də həmin məntəqədə müşahidəçi kimi iştirak etdiyim üçün, bu nurani insandan kiçik bir müsahibə götürdüm. O dedi:
    –Yaşım 75-i haqlayıb. Daim zəhmətkeş olduğumdan, ailəmi pis dolandırmamışam. İndiki dövranımızdan, dövlətimizdən çox razıyam. Yoldaşım da, mən də təqaüd alırıq. Üstəlik bağımızda hər cür meyvə yetişdirir, tərəvəz əkirik. Çalışırıq ki, ata ocağına üz tutan övladlar, nəvələr paysız qayıtmasınlar.
    Ömrün ahıl çağında insana nə lazım olur? Qayğı. Həm dövlətin, həm də yaxınlarının. Bu qayğı varsa, yaşamağa dəyər.
    Xanoğlan kişinin fikri ilə tamamilə razıyam. Həm də qeyd etmək istəyirəm ki, bu ailənin oğul övladı da hazırda Astanada yaşayır, ikinci qızı isə Tərtərdədir, ailəlidir, iki övladı var. Ata və ana ən çox qayğını da elə bu qızdan görürlər.
    Onu da deyim ki, Xanoğlan Əhmədovun ailəsi Tərtərdə Bəsti Bağırova küçəsində yaşayır.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 15:40

    Teqlər:

İsmarıclar bağlıdır.