Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    Unutmağa haqqımız yoxdur

    atam-ferruxSon vaxtlar qəzetimizin səhifələrində rayonumuzun sosial və iqtisadi inkişafında mühüm rolu olan həmyerlilərimiz haqqında dərc edilən yazılar bir oxucu kimi məni ürəkdən sevindirir. Rayonumuzun tarixini yaradan görkəmli adamlarımızın unudulmaması indiki mürəkkəb şəraitdə vacibdən vacibdir. Ona görə də mən bu yazını yazmağı özümə borc bildim.
    Sizə Tərtər mahalında ilk tibb ocağı yaradan Axundov Fərrux haqqında danışmaq istəyirəm.
    Axundov Fərrux Mirzəhəsən oğlu 1880-ci ildə Şuşada həkim ailəsində anadan olmuşdur. İlk savadı atasından öyrənən Fərrux, Şuşada onlara qonaq olan Azad ağanın təkidi ilə onun kiçik oğlu Rəşid ağa Cavanşirlə təhsil almaq üçün Peterburqa gedir. Peterburqda tibbi təhsil alaraq rus dilini də gözəl mənimsəyir. Rəşid ağa Cavanşirlə möhkəm dostluğunun nəticəsində Fərrux bəy Tərtər mahalına qayıdır. Tərtərdə ilk birsinifli rus məktəbini tərtərli faytonçu Əhmədin evində təşkil edir. Onun köməyi ilə F. Axundov Tərtərdə ilk tibb məntəqəsini də təşkil edir. Tərtərli Rəhim bəy, Əjdər Quliyev, Həmzə Əliyev, Musa Abdullayev Fərrux bəyin ilk şagirdlərindən olmuşlar. İnqilabdan əvvəl və sonra Fərrux bəy Tərtər rayonunun kəndlərində Evoğlu, Borsunlu, Azadqaraqoyunlu kənd tibb məntəqələrini yaradır. Onun Tərtərbasar qəzasında xalqın maariflənməsi və tibb elminin inkişafı, tibbi xidmətin genişlənməsi sahəsində böyük xidmətləri olmuşdur.
    1920-ci ildən sonra Fərrux bəy Axundov öz taleyini birdəfəlik Azadqaraqoyunlu kəndi ilə bağlayır. Onun həyat yoldaşı Maya xanım Axundova kəndin inkişafında, analara ilk tibbi yardım göstərilməsində Fərrux bəyə yaxından köməklik göstərir. On uşaq anası olan Maya xanım bütün çətinliklərə mətanətlə sinə gərmiş, Vətənə layiqli övladlar böyütmüşdür. Biologiya elmləri doktoru Qasım Axundov, tibb elmləri doktoru Kazım Axundov, filologiya elmləri doktoru Nazim Axundov, texnika elmləri doktoru Səlim Axundov, texnika elmləri doktoru Rasim Axundov, kənd təsərrüfatı elmləri namizədi Əzim Axundov və 4 ali ixtisas təhsilli qızları məhz Axundovlar ailəsinin övladlarıdır. Azadqaraqoyunlu kəndində Fərrux bəyin təlim-tərbiyəsinin təsiri ilə onlarca belə ailələr yetişmişdir.
    Fərrux bəyin davamçıları olan alim oğulları ona layiqli övladlardır. Bizim də onları unutmağa haqqımız yoxdur.

    Nübar Mədətova,
    Azadqaraqoyunlu kəndi
    (“Qızıl bayraq”, 20 may 1990-cı il)

    Müəllif: Redaktor, 10:55

    Teqlər:

İsmarıclar bağlıdır.