Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy

    “ÖZ BƏXTİNƏ HƏR KƏS BİR ÜLKƏR SEÇİR”

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-001Onun adı Ülkərdir. Cəmi 12 yaşı var. Amma artıq əsl ulduz kimi parlayıb. İstedadı ilə təkcə rayonumuzda deyil, respublikamızda tanınıb.
    Ülkər adının mənası ilə maraqlanıram. Bir rəvayət yadıma düşür. Deyilənə görə, Ülkər ulduzu vaxtı ilə gözəl bir qız imiş. Bir dəfə qışın oğlan çağında onlara məxsus mal-qaranın otu qutarır. Qışın bu vaxtında otu hardan tapmaq olar. Əyər belə getsə mal, qoyun tamam acından öləcəkmiş. Ülkərin atası gedib ağaya hal-qəziyyəni danışır. Bu qoca zalım ağa isə şərt kəsir ki, mən istədiyin qədər ot verərəm, ancaq sən gərək öz qızını mənə verəsən. Kişi çox yalvarır, ağa az eşidir, dediyindən dönmür. Axır naəlac qalıb razılaşır, gəlib vəziyyəti qızına danışır. Qız bütün günü göz yaşı tökür, öz halını düşünüb ağlayır.
    Ülkər gecə kədərli-kədərli göyə baxıb əhvalını danışır, kömək istəyir. Göydə ayın lap nazik olduğunu görür, gəlib atasını yuxudan oyadıb deyir:
    Ay göydə sallandı, ay dədə,
    Daha yaza nə qaldı, ay dədə,
    Vermə məni qənim əlinə. Kişi tez eşiyə çıxır. Gözlərinə inanmır. Hər yan dizə qədər boy vermiş göy otla dolu idi.
    Bundan bərk sevinir. Ancaq evə girib qızını görmür. Çünki onun gözəl qızı ulduz olub göyə çıxmışdı. O vaxtdan deyirlər, göydəki ən parlaq ulduz Ülkər ulduzudu. Atası yuxudan durana qədər göylərdən çəkilməyib yaza nə qədər qaldığını ona bildirir.
    Əlbəttə, bu bir rəvayətdir. Ancaq hər bir rəvayətdə həyatımızdan götürülmüş doğru nəsə var. Elə balaca Ülkərin həyatında olduğu kimi. Vaxtilə onun anası hələ 18 yaşına çatmamış, məktəbdə çalınan “son zəng”dən bir neçə gün sonra, ömrünün bahar çağının sehrini duymamış valideynlərinin məsləhəti ilə ailə həyatı qurdu.
    Çox əzab çəkdi. Amma sanki bu əzabların əvəzi olaraq tale ona Ülkər kimi bir ulduz göndərdi.
    Şair Məmməd Rahim demişkən: “Kim deyir ulduzun göydə sanı var? Hər yanan ülkərin öz dövranı var.” Bəli, nə qədər insanlar var, bir o qədər də talelər var. İstedadlı, ağıllı, kiçik yaşlarından öz bacarığı, istedadı ilə həmyaşıdları arasında seçilən Ülkər də anasının ömür yoluna işıq saçan bir ulduzdur. Xalq şairimiz Səməd Vurğun belə yerdə deyib: “Karvan-karvan göydən ulduzlar köçür, öz bəxtinə hər kəs bir ülkər seçir.”
    Ülkər Abdullayeva şəhər 6 saylı tam orta məktəbin 6-cı sinifində, eyni zamanda musiqi məktəbinin muğam şöbəsinin 3-cü sinifində oxuyur. Müəllimi tərtərlilərin sevimlisi Mirtağı Mənsimovdur. Mirtağı müəllim Azərbaycan xalq mahnılarını, muğamları, təsnifləri kiçik tələbəsinə öyrətməkdən zövq alır, çünki Ülkərin səsi onu da, elə tamaşaçıları da valeh edir.
    Ülkər dəfələrlə respublika televiziyasında, Bakıda keçirilən müxtəlif tədbirlərdə müvəffəqiyyətlə çıxış edərək müəllimini də, doğmalarını da uğurları ilə sevindirib.
    O, həm də yaxşı idmançıdır. Taekvando üzrə müxtəlif turnirlərdə iştirak edərək mükafata layiq yerlər tutub. Məşqçi-müəllim Vüsal Heybətov gələcəkdə bu qızın gözəl idmançı olacağına inanır.
    Məktəb, musiqi, idman. Bütün bunlar Ülkəri yormur, əksinə, günü-gündən həvəsini daha da artırır. Arzusu Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmaqdır.
    Rayonumuzun səmasında bir ulduz parlayır. Adı Ülkərdir. Vaxt gələcək, bu ulduzu lap uzaqlardan da görəcəklər. Hələlik isə bu ulduz bizə baharın lap yaxında olmasından xəbər verir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 13:04

    Teqlər:

İsmarıclar bağlıdır.