Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy

    publika-az1408466950insan-alveriimages25 ildən çoxdur ki, Azərbaycan müstəqillik şəraitində yaşayır. Bu müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə əsaslı islahatlar aparılmış, ölkəmiz bölgədə lider dövlətlərdən birinə çevrilmişdir. Hazırda dünyanın hər yerini bürüyən inflyasiyaya baxmayaraq, Azərbaycanda sabitlik, dayanıqlı inkişaf qorunub saxlanılır və biz öz yolumuzla inamla gedirik. Belə bir dövrdə cəmiyyətimizdə qadınlara qarşı zorakılıq hallarının müxtəlif formalarda təzahür etməsi dövlətin və cəmiyyətin inkişafına, ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna mane olur. Məhz bu baxımdan qadın hüquq və azadlıqlarının qorunması istiqamətində mübarizənin gücləndirilməsi hazırda qarşıda duran çox mühüm vəzifələrdən biridir.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, Azərbaycan bu sahədə bir sıra beynəlxalq sənədlərə imza atmış, konvensiyalara qoşulmuşdur.
    Belə ki, 1995-ci ildə Azərbaycan BMT-nin Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin” bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı imzalamışdır.
    1991-ci ildə Avropa Şurasının “Cinsi zorakılığın ləğv edilməsi haqqında Bəyannaməsi”ndə zorakılıq insan hüquqlarının pozulması kimi qiymətləndirilmiş və 1993-cü ildə Vyanada 171 ölkənin iştirakı ilə keçirilmiş “İnsan hüquqları üzrə Ümumdünya Konfransı” qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması faktı kimi qiymətləndirən Vyana Bəyannaməsini qəbul etmişdir.
    Azərbaycan hökuməti də qadınların hüquqlarının geniş şəkildə qorunması məqsədilə müxtəlif qanunlar qəbul etmiş, müvafiq strukturlar yaratmışdır.
    Görülən bütün tədbirlərə baxmayaraq, hər gün narahatedici xəbərlər eşidirik: haradasa qadın aldadılaraq xarici ölkəyə aparılıb və cinsi istismara məruz qalıb, haradasa məişət zorakılığı baş verib, gənc qadın ailə münaqişəsinin öhdəsindən gələ bilməyərək intihar edib və s…
    Belə hadisələr başlanğıcını nədən götürür, ilk rüşeymlər necə yaranır? Bu sual üzərində düşünərkən istər-istəməz gözlərim qarşısında narahat ailələr, həmin ailələrdə böyüyən bədbəxt, normal uşaqlıqlarından məhrum edilən körpələr canlanır.
    Yaxın keçmişimizdə Azərbaycanda ailələr, xüsusən kənd yerlərində, çoxuşaqlı idi. Bəzən hər ailədə 10-12 övlad böyüyürdü. Qadınların məişət şəraiti də indiki kimi deyildi. Mən jurnalist kimi dəfələrlə körpələrini yaxınlıqdakı tarla düşərgəsində qoyub gündə 150-160 kq pambıq toplayan qadınlarla görüşmüşəm, onlardan qəzetimiz üçün yazılar hazırlamışam. Həyat özü göstərir ki, belə ailələrdə böyüyən uşaqlar həm zəhmətkeş olur, həm də bəzən hər iki valideyn savadsız olduqlarına baxmayaraq, böyüyüb ali təhsil alır, cəmiyyətdə layiqli mövqe tuturlar. Bu, nədən irəli gəlir? Fikrimcə, ilk növbədə valideynlərlə övladlar arasındakı səmimiyyətdən, yəni, ata-ana nə qədər yorğun olsa da, ailədəki uşaqların hamısının həyatı, fikirləri, qayğıları gündəlik olaraq onların nəzarətindədi və yeri gəldikcə, özlərinin yorucu ol-mayan məsləhətləri, şəxsi nümunələri ilə uşaqlarını düzgün yola istiqamətləndirirlər.
    Indi ailələrimizdə uşaqların sayı azalıb. Hər evdə 2-3, bəzi hallarda daha çox övlad böyüdürlər. Amma gəlin görək ailə üzvləri arasında əvvəlki münasibətlər qorunub saxlanılırmı? (əlbəttə, bu, bütün ailələrə şamil edilmir). Müasir dövr qadınları bir çox məişət qayğılarından azad edib. Artıq onlar səhərdən axşamadək paltar yumaqla, ev süpürməklə məşğul deyillər. Amma bunlardan qənaət edilən vaxt nəyə sərf olunur? Uşaqların tərbiyəsinəmi? İnsafən, indi hər kəs uşağını yaxşı geyindirməyə, mümkün qədər repetitor yanına göndərməyə çalışır. Bunlara cəhd göstərilir, çünki heç kim bir-birindən geri qalmaq istəmir. Bəs, uşağın daxili aləmi? Bütün anaların böyüyən qızların ürəyindəkilərdən xəbəri varmı? Bə-zən ana özü vaxtının çoxunu internetdə keçirməklə məşğul olur, sanki başqa bir həyatda yaşayır, qız isə anasının əvəzinə əlindəki telefonla dərdləşir, yenicə onu narahat etməyə başlayan suallara buradan cavab tapmağa çalışır. Beləcə bir evdə yaşayan doğmalar yadlaşırlar, zahirən bir, daxilən ayrı olurlar. Yeni-yetmə qızın ayağı büdrəyib başına pis iş gələndə isə ana təəccüblənir: “Bəs, bu necə baş verdi? Axı, o mənə heç nə deməmişdi?”
    Rayonumuzda qadınlara qarşı baş verən məişət zorakılıqlarını araşdırarkən məlum olur ki, bunların əksəriyyəti qısqanclıq zəminində törənib. Səbəb isə bəzi qadınların öz ərlərini qoyub, başqa kişilərlə telefon əlaqəsi saxlamasıdır. Onları buna nə vadar edir? Nə qazandıqlarını bilmirəm, itirdikləri isə iki, yaxud daha çox ailənin, xüsusən də uşaqların xoşbəxtliyidir. Bundan sonrakı yol da heç də hamar olmur və bəzən belələrini insan alveri qurbanlarına çevirir.
    Lev Tolstoyun “Anna Karenina” əsərinin qəhrəmanı ərinə xəyanət etdiyinə görə özünü qatarın altına atmışdı. Onu xəyanətə vadar edən məhəbbəti idi. Indiki hallarda mən bu məhəbbəti də görmürəm.
    Bunun əvəzinə isə uşaqların gözü qarşısında qadınlar döyülür, təhqir olunur, hətta bəzən qohumları ilə birgə.
    Tərtər rayonunun “Təzə məhəllələr” deyilən ərazisində olduğu kimi. Burada ər təkcə arvadını deyil, həmçinin qaynanasını və baldızını öldürmək məqsədilə döymüş və yalnız yaxın qonşuların müdaxiləsi nəticəsində qadınların hə-yatı xilas edilmişdir. Əlbəttə, belə cinayətləri törədən kişilərə heç cür haqq qazandırmaq olmaz və onlar layiqli cəzalarını alırlar. Hazırda bu hadisəni törədən şəxs barəsində də Azərbaycan Respublikası CM-nin 29, 120.2.4, 29, 120.2.7 və 128-ci maddələri ilə istintaq işi davam etdirilir.
    Bəzən zərif iradəli qızlar, qadınlar fırıldaqçıların toruna düşür, aldadılır və sonradan normal həyata qayıtmaqda çətinlik çəkirlər. Bu hallarda da ilk növbədə ailə, sonra isə cəmiyyət onlara kömək əlini uzatmalıdır.
    Mən hesab edirəm ki, qadın öz-özlüyündə pak, təmiz və müqəddəs bir varlıqdır. Onu çirkabdan, faciələrdən qorumaq üçün cəmiyyətdə güclü maarifləndirmə işləri aparılmalıdır. Çünki heç kim bəri başdan pis yolun yolçusu olmur. Bu yola aparan səbəbləri aradan qaldıra bilsək, boşananların, insan alveri qurbanlarının deyil, xoşbəxt ailələrin, o cümlədən xoşbəxt uşaqların sayı artar.

    Svetlana Bağırova,
    (Məqalə Beynəlxalq Miqrasiya Təşkilatının və “İnsan Alveri Qurbanlarına Dəstək” Konsorsiumunun birgə həyata keçirdiyi “Regionda insan alveri probleminin qarşısının alınması və Stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə” proqramı çərçivəsində keçirilən müsabiqəyə təqdim olunur)

    Müəllif: Redaktor, 14:04

    Teqlər:

İsmarıclar bağlıdır.