Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-009Nisgilli bir payız günüydü… Hava elə yuxalmışdı ki, sanki göylər yağışa-yağmura dönüb, büsbütün yerə töküləcəkdi. Ətrafı duman da bürümüşdü. Elə bil dünyanın yuxalığını, göylərindən axan göz yaşlarını insanlardan gizlətmək istəyirdi ki, onun ağlamağını heç kəs görməsin. Bu göz yaşları ana təbiətin öz şair öğluna görə, bir az da elə təbiətin özünə bənzər təlatümlü bu narahat balası üçün tutduğu yasda göynəyə-göynəyə, sızıldaya-sızıldaya %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-013tökdüyü göz yaşlarıydı. Bələnmişdim dünyanın bu ağısına, təpədən-dırnağa dolmuşdum, bir himə bənd idim ki, gözlərimin yaşı yanağımdan sellənsin. Özümü hönkürməkdən zorla saxlayırdım. Kim deyir ki, kişilər ağlamamalıdır? Bu necə insafsız təkiddir?! Bəs onda mənim bugünkü günümdə olan kişilər belə məqamda nə etməlidirlər? İnfarktmı keçirməlidirlər?!
    …Ensiz, sürüşkən yollar payızın bu yağmurlu, nisgilli günündə bizi çılpaq dağların qoynunda yerləşən ucqar və qərib bir qəbiristanlığa aparırdı. O yerlərə birinci dəfə idi ki, gedirdim. Qəribə hisslər bürümüşdü məni. Kövrək duyğuların leysanında islanmışdım. Özümdən baş aça bilmirdim. Bizimlə həmdərd və həm-yoldaş olan qələm dostumuz, vəfalı bir insan Mahirə xanım İspiqızının bələdçiliyi ilə Gəncədən üzü Kəpəzə doğru yola başlamışdıq. Mahirə xanımın da təbiəti bu payızın havası kimi çox kövrəkdi və intizarla doluydu. Dindirmək mümkün deyildi, varlığı bir anda göz yaşına çevrilə, yanağı aşağı elə sellənərdi ki, adam özünü itirərdi. Düşünərdi: “İlahi, birdən bu xanım göz yaşına dönüb axar, tükənər!”
    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-015Mən həyatda vəfalı, vəfasız çox insanlar görmüşəm. Lakin Mahirə İspiqızının Qasım Qırxqızlıya olan sədaqəti, etibarı və səmimiyyəti heç kimdə görməmişəm. Bu adi münasibət deyil, sehrdir, möcüzədir, sirdir! Kaş adamın həyatda belə bir dostu ola! Onun yanında Qasım müəllimin adını çək və çəkil dur qıraqda, bax gör bulaq kövrəkliyi, vulkan püskür-tüsü, şımşək çaxışı nə təhər olur.
    Bir il əvvələ qədər bir yerdə işləyirdilər. Qasım Qırxqızlı tarimar olmuş və didərgin düşmüş xocalıların qəzeti olan “Xocalının səsi” nin redaktoru, Mahirə İspiqızı isə onun məsul katibi idi. Bu qəzetin uğrunda onların ürəkləri soğan qabığı kimi soyulmuş, yüz zülüm-zillət və məşəqqət çəkmişdilər, lakin onun fəaliyyətini dayanmağa qoymamışdılar. “Xocalının səsi” qəzeti didərginlik günlərində Tərtər rayon qəzetinin mətbəəsində də müəyyən müddət çap olunmuşdu. Onların hər ikisi son zamanlar vaxtaşırı redaksiyamızın qonağı olmuş, halımızla-günümüzlə maraqlanmışdılar.
    … Maşınlar üzü dağlara doğru “addım-addım” irəliləyirdilər. Payız hardan bilmişdi ki, Qasım Qırxqızlının həyatda yoxluğunun düz bir ili tamam olur?! Əgər bilmirdisə bu nə hönkürtüydü, nə göz yaşlarıydı, nə duman-çəniydi, nə yasıydı?!
    Qasım müəllimin yoxluğu məni də göynədir, məni də yandırıb pörşələyir, məni də payızın bu nisgilli gününün bir parçasına çevirirdi. Ağlamağımı zorla saxlayıram. Bir az da kişi olmağımdan pəhsinirdim. Yoxsa elə dolmuşam ki!…
    Qasım Qırxqızlı ilə çox yaxın dost və sirdaş idik. Mən səmimiliyin və təvazökarlığın bir çox şərtlərini ondan öyrənirdim. Əsl fədai idi. Əvvəllər Xocalıda məktəb direktoru işləmişdi. Sonralar isə ömrünü bir yetim qəzetə həsr etmişdi. Xocalının həsrəti ilə silələnmiş şeirlər yazırdı. Bu şeirlərin hər misrasında ürəyinin döyüntüsü mürgüləyirdi. Vətən sev-gisi, Xocalı həsrəti, insanlarda görmək istədiyi təvazö, saflıq, düzlük, etibar, ömür yollarında rastına çıxan nankorluq, ikiüzlülük, riyakarlıq və şair bu şeirlərin mayası və çövhəridir. Publisist yazıları nümunəydi. Onun onlarla kitabı işıq üzü görmüşdü. El içində sanballı hörmət-izzət sahibi idi. Həmkarları arasında öz ünsiyyəti ilə seçilirdi. Az vaxt idi ki, ikimiz də ölkəmizin rəhbəri cənab İlham Əliyevin sərəncamı ilə dövlət mükafatına ––“Tərəqqi” medalına layiq görülmüşdük. Mükafatı bizə Prezident Sarayında təqdim edərkən də bir yerdə idik.
    Dünyanın işinə bax! Ömrün boyu ağrıların, əzabların, odun-alovun içindən keç, sənə bir şey olmasın, gəl evə, çay-çörək üstə və elə o anda, durduğun yerdə keçin. Yaxşı ölümdür,vallah! (Ölümün də yaxşısı, pisi var), amma vaxtsız ölümdür, qəfil ölümdür. Budur ona doğma olanları yandıran!
    Gəncədə yaşayırdı və “Xocalının səsi” qəzetini də orada dərc etdirirdi…
    …Nəhayət, maşınlar bir kimsəsizlikdə salınmış qəbiristanlığa çatdı. Dağların əhatəsində yerləşən bu məkanın özü də payızın havası kimi adamı çiskinli düşüncələrə qərq edirdi, sonsuz bir kədər dəryasında boğurdu. Bu qərib və məchul ağırlığa di gəl döz də!…
    Uzaqdan başına adamlar yığışmış bir qəbir görsənirdi. Dağın ətəyində qərib və kövrək bir mənzərə… Hüzünlü səslər bir naləyə çevrilib bizi intəhasız kədər burulğanına qərq edirdi. Təkəmseyrək, nizamsız salınmış qəbirlər, ümumiyyətlə, bu qəbiristanlıq qürbət təsiri bağışlayırdı.
    Payızın bu nisgilli günü ilə birləşib insanda ağlar bir ovqat yaradan bu məqamda Məmməd Aslanın qızının qəbri üstündə söylədiyi və hər misrasından göz yaşı süzülən bu bənd şeir yadımda çözələndi:
    Axtardım hayanı, gəzdim hayanı
    Tapmadım qüssəsiz dostu, həyanı.
    Mən ağlar görmüşəm daşı, qayanı
    Gözündə yaş olur yarpağın, qızım
    Qəbrə sarı yeriyə bilmirəm. Qolumdan tuturlar. Qasım müəllimin qardaşı Həsən, bacısı Əziz, həyat yoldaşı Cəmilə, oğlu Vüqar, qızı Yeganə, dayısı oğlu Mübariz bütün varlıqları ilə həsrətə çevrilib, onları bir ildir ki, tərk edən bu əvəzsiz adamdan ötrü göz yaşı tökürdülər. Bacısı Əzizin naləsi indi də qulaqlarımdan getmir. O dedi ki, siz gələnə qədər Qasımın başdaşındakı şəklinin gözlərində bir kədər, bir intizar vardı, siz gələndən sonra bu gözlərdə sevinc yarandı.
    Soyuq bir başdaşı. Üç nəfərin şəkli həkk olunub bu başdaşında–– Qasım Qırxqızlı, 3 yaşında dünyasını dəyişən oğlu Qoşqar və həyat yoldaşı Maytavan. Baxanda adamın qanı donurdu…
    Mahirə xanım qəbri göz yaşlarına və gül-çiçəyə qərq etdi. O, sədaqət rəmzinə çevrilərək, bu doğma qəbri tez-tez ziyarət edir, sanki Qasım müəllimlə hər dəfə dərdləşməyə tələsir və buz kimi daşların üzərinə qaynar göz yaşları səpirdi…
    … Gəncəyə qayıdırıq. Qasım Qırxqızlının qəbri yenə də uzaq tənhalıqda qalır.
    Payızın nisgilli bir günü də beləcə ruhumuzda və könlümüzdə yurd salır.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 12:22

    Teqlər:

İsmarıclar bağlıdır.