Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    “CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR”

    kivd1f1Qadınlara kişilərlə bərabər hüquqlar verilib

    Qədim zamanlardan Azərbaycanda qadına hörmətlə yanaşılıb. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.) deyib: “Cənnət anaların ayaqları altındadır”. Tomris, Sara xatun, Tutibikə kimi qadınlar öz əməlləri ilə tariximizin qızıl səhifələrini yazıblar.
    Azərbaycan birinci dəfə müstəqilliyini elan etdikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən seçkilərdə iştirak etmək hüququnun verilməsi olub.
    Hətta 70 il Sovetlər birliyinin tərkibində yaşayanda belə elmin, mədəniyyətin, digər sahələrin nümayəndələri olan Azərbaycan qadınları dərin zəkaları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə təkcə SSRİ məkanında deyil, bütün dünyada şöhrət qazanıblar.
    Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadınların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanıb. Bu sahə üzrə Azərbaycan hökuməti, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına,” 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyaya qoşulmuşdur.
    1995-ci ildə qadınların Ümumdünya Konfransında qəbul edilmiş “Pekin Fəaliyyət Platformasında” qarşıya qoyulmuş strateji məqsədlərdən biri qadınlara qarşı zorakılığın aradan qaldırılması və bunun qarşısının alınmasıdır. Bu sənəd əsasında ölkəmizdə “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” adlı qərar qəbul edilib.
    Milli qanunvericilikdə də qadınlara qarşı zorakılığın qarşısının alınması, onların konstitusion hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi məqsədilə bir sıra normativ-hüquqi aktlar mövcuddur və qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılaraq daha da təkmilləşdirilməsi üçün qanunlara çoxlu əlavələr və dəyişikliklər edilib.
    Gender siyasətinin daha dolğun həyata keçirilməsindən ötrü Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb (2006-cı ildən Ailə, Qadın və Uşaq Prob-lemləri üzrə Dövlət Komitəsi adlanır).

    Cinayət varsa, cəza da olmalıdır
    Bütün bunlar Azərbaycanın gender sahəsində gördüyü çox böyük işlərdir və ölkə qadınlarının bir nümayəndəsi kimi bildirmək istəyirəm ki, biz bu dəyişiklikləri həyatımızda görür və bəyənirik. Lakin təəssüf ki, heç də həmişə beynəlxalq təşkilatlar ölkəmizə aid götürdükləri öhdəlikləri, o cümlədən qadın hüquqlarının qorunması sahəsində vəzifələrini layiqincə yerinə yetirmirlər. Bu ilin aprel ayında yaşadığımız hadisələr bunu bir daha sübut etdi.
    20 ildən artıqdır ki, Azərbaycan müharibə şəraitində yaşayır. Ölkəmizdə bir milyondan artıq qaçqın və köçkün soydaşımız var və bunların yarıdan çoxunu qadınlar təşkil edir. Bütün bunlar bəs deyilmiş kimi, cari ilin aprel ayında erməni təxribatçılarının heç bir beynəlxalq hüquq normalarına sığmayan cinayətləri nəticəsində qaçqın qadınlar təkrarən ev-eşiklərini itirdilər, 16 yaşına çatmayan Turanə isə dünyasını dəyişdi.
    Turanə Həsənli 2000-ci ilin gözəl bir bahar günündə–mayın 27-də anadan olmuşdu. Gözünü bu dünyaya açdığı dəqiqələr-dən günəşin gur işığını, bir-birindən ətirli yaz çiçəklərini görmüşdü. Ona görə də həyatı, xüsusən də bahar fəslini çox sevirdi. Hər il ağaclar çiçəkləyəndə, bunların arasında şəkil çəkdirirdi. Elə ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi…
    Turanə Tərtərin Həsənqaya kəndində böyüyüb boya-başa çatmışdı. Valideynləri kəlbəcərlidirlər. Həsənqaya kəndi düşmənlə təmas xəttinin lap yaxınlığında yerləşir. Ona görə də bu qız körpəlikdən ana laylası ilə bərabər həm də atəş səsləri eşitmiş və bu şəraitə alışmışdı.
    Ermənilərin atdığı top mərmisi onu çox sevdiyi çiçəkləmiş ağacların altında yaxaladı. O, 16 yaşını qeyd edə bilmədi. Bu qızın həyatına son qoyan mərmi bağdakı ağacları da məhv etdi.
    Həmişə olduğu kimi, bu dəfə də ermənilər müharibənin qayda-qanunlarını, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobudcasına po-zaraq, mülki əhalini, onların ev-eşiklərini, uşaq bağçalarını, məktəbləri, tibb ocaqlarını hədəf seçmişlər. Hazırda Turanə Həsənlinin ölümü ilə bağlı cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 116.0.6, 116.0.7, 116.0.8, 116.0.10, 116.0.11, 120.2.12 və 186.2.2-ci maddələri ilə davam etdirilir.
    İstintaq davam etdirilir. Lakin cinayətin törədilməsində təqsirkar olan şəxslərin nə zaman cəzalarını alacaqları hələ ki bilinmir.
    Turanə erməni faşizminin qurbanı olan ilk azərbaycanlı qadın deyil. Bu cərgədə Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın, Tərtər rayonunun Cəmilli kəndinin sakini, 11 yaşlı Cahan Qurbanovanın, Ağdam rayo-nunun işğalı zamanı erməni əsirliyində hədsiz işgəncələrlə öldürülmüş milliyətcə rus olan 89 yaşlı Vera Davıdovnanın və onun qızı Svetlana İvanovnanın, Xocalı şəhərinin sakini Sara Yusifovanın və onun beş yaşlı qızının, əsirlikdə ölən Qubadlı rayonunun sakinləri Şahsənəm və Əslinin, Laçın rayonunun sakini, qardaşı Talehin gözləri qarşısında vəhşicəsinə öldürülmüş Yeganə İbişovanın və onlarca, yüzlərlə digər qız-gəlinin adları var.
    Ümumiyyətlə, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiaları təcavüzü nəticəsində yüzlərlə qadın və uşaq girov götürülmüş, qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Təcavüz nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş 4844 nəfər (01.03.2005-ci il tarixə olan məlumat) Azərbaycan vətəndaşından 321 nəfərini qadınlar, 54 nəfərini uşaqlar, əsir götürülməsi faktı ermənilər tərəfindən danılan 783 nəfər (Dövlət Komissiyasında onların ermənilər tərəfindən əsir və girov götürülməsi və saxlanma yerlərini təsdiq edən məlumatlar var) Azərbaycan vətəndaşından 46 nəfərini qadınlar, 18 nəfərini isə uşaqlar təşkil edir. Bu günə qədər erməni əsirliyindən azad edilmiş 1368 nəfərdən (01.03.2005-ci il tarixə olan məlumat) 338 nəfəri qadın, 169 nəfəri uşaqdır. Bundan başqa aparılmış araşdırmalar göstərir ki, yüzlərlə qadın və uşaq gi-rovluqda ən vəhşi metodlarla öldürülmüş, ömürlük fiziki və mənəvi şikəst edilmişlər.
    Bizi bir sual düşündürür: Turanə erməni vandalizminin sonuncu qurbanıdırmı?
    Bu sualın cavabı olaraq bildirmək istəyirəm ki, Azərbaycanın güclü ordusu var və xalq öz ordusuna güvənir. Lakin Ermənistan elan olunmamış bu müharibədə heç bir beynəlxalq hüquq normalarına əməl etmir və sonuncu aprel hadisələri bunu bir daha bütün dünyaya göstərdi.
    Əgər biz beynəlxalq miqyasda qadınların hüquqlarından danışırıqsa, nəzərə alınmalıdır ki, aprel ayı ərzində Tərtər rayonunda darmadağın edilmiş 254 evin xanımı vardı, onların bir çoxu qaçqınlardı və artıq ikinci dəfədir ki, ev-eşiklə-ri ermənilər tərəfindən dağıdılır, zorakılıq əməlləri nəticəsində əmlakları məhv edilir.
    Həmişə olduğu kimi, yenə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çətin gündə öz vətəndaşlarının ya-nında olmuş, xanımı ilə birlikdə dağılmış evlərə baş çəkmiş və bundan dərhal sonra erməni vandalizmi nəticəsində dağılmış evlərin bərpası məqsədilə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmışdır. Hazırda bərpa işləri başa çatdırılmışdır və sakinlər qışı rahat mənzillərində keçirəcəklər.
    Lakin nə qədər ki Ermənistan ordusu işğal edilmiş torpaqlarımızdan çıxarılmayıb, nə qədər ki, sutka ərzində atəşkəs rejimi bir neçə dəfə pozulur, biz sualımıza cavab tapa bilməyəcəyik.

    Məişət zorakılığı cəmiyyətə qarşı yönəlmiş qəsddir
    Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlərə baxmayaraq, qadınlara qarşı zorakılıq hallarının, xüsusən də məişət zorakılıqlarının sayı hələ də azalmayıb. Məişət zorakılığı nədir? Bu, konkret olaraq bir insana, bir qadına qarşı yönəldilmiş təhqiredici, alçaldıcı hərəkətlərdirmi? Mənə elə gəlir ki, yox. Çünki statistika göstərir ki, gələcəyin narahat uşaqları məhz belə ailələrdə böyüyür və sonradan cəmiyyət üçün qarşısıalınmaz bəlaya çevrilirlər.
    Bu yaxınlarda Tərtər rayonunda baş vermiş bir hadisə hamını sarsıtmışdı. 12 yaşlı qız insan alverinin qurbanına çevrilmişdir. Dəhşətlisi də budur ki, onu bu yola çəkən özgələr deyil, elə özü ilə bir evdə yaşayan gəlin olmuşdur. Hə-min hadisə ilə əlaqədar Tərtər rayon prokurorluğunda cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq onunla əlaqədə olmuş 5 nəfər gənc və 1 qadın haqqında ittiham aktı təsdiq edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə gön-dərilmişdir. Bu qızın valideynləri ayrılmışlar, o, babasının himayəsində yaşayırdı. Baba və nənələr nəvələri nə qədər sevsələr də, əlbəttə ki, normal ailə mühitini, yeniyetmələrə lazım olan nəzarəti təmin edə bilmirlər. Ona görə də, cütlüklər boşanmağa qərar verməzdən əvvəl, bu barədə yaxşı-yaxşı düşünməlidirlər.
    Təəssüf ki, dağılan ailələrin sayı ildən-ilə azalmaq əvəzinə, artmaqdadır.
    Tərtər rayon Statistika İdarəsinin məlumatına əsasən, 2015-ci ildə rayonda 507 nikah bağlanmış və 125 boşanma halı qeydə alınmışdır.
    Təcrübə göstərir ki, boşanmaların mühüm səbəblərindən biri erkən nikahlardır. 18 yaşına çatmayan qızlar bir çox hallarda ailənin mahiyyətini lazımınca dərk etmir, bu qayğıların öhdəsindən gələ bilmirlər. Ona görə də fiziki zorakılıqlara məruz qalırlar. Bu səbəbdən də hələ rəsmi nikaha daxil olmadan boşanan qadınlar özlərinin və övladlarının hüquqlarının təmin edilməsində çətinlik çəkirlər.
    Yenə də statistikaya müraciət edək. 2015-ci ildə rayonda 1253 körpə və ya hər gün təxminən 3 yeni kiçik vətəndaş dünyaya gəlib. Bu göstərici ölkə üzrə doğulanların 0,8 faizini, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə doğulanların 12,5 faizini təşkil edir. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, dünyaya gələn körpələrin 14 faizi rəsmi nikahdan kənar doğulanlardır. Belə ailələrin əksəriyyətində analar 18 yaşınan çatmayan qadınlardır ki, bunlar da sonradan bir sıra problemlərlə üzləşirlər
    Ailə başçısının diqqətsizliyi, evə qazanc gətirməməsi də boşanmaya səbəb olan hallardandır. Bəzən isə kişinin qazanc gətirməsi bir yana, təhqiredici hərəkətləri ilə qadını intihar həddinə çatdırır. Belə hadisə rayonumuzun kəndlərindən birində baş verib.
    Qadın özünü öldürmək məqsədiilə yandırıb və yanlız həkimlərin ciddi səyləri nəticəsində sağ qalıb. Onun həyat yoldaşı isə cinayət əməlinə görə Azərbaycan Respublikasının qanunları əsasında cəzasını alıb. Nəticədə uşaqlar da baxımsız qalıb.

    Ənənələr yaşayır
    Yaxın keçmişimizi xatırlayıram. Ötən əsrdə yaşayan nənələri, anaları yada salıram. O zaman ailələrin ək-səriyyəti çoxuşaqlı idi. Hər evdə 10-12 uşaq böyüdürdülər. Özü də necə?! Həmyerlimiz, texnika elmləri-doktoru, professor Rasim Axundov “Keçmişə nəzər salanda…” kitabında yazır ki, onun anası Maya xanım yazmağı-oxumağı bacarmırdı. Böyük Vətən Müharibəsi dövrünün, bundan sonrakı illərin məişət çətinliklərinə baxmayaraq, o, böyük bir ailənin qayğısını çəkməklə yanaşı, həm də həyat yoldaşına–Tərtərin Azadqaraqoyunlu kəndində və ətraf kəndlərdə həkimlik edən və eyni zamanda müəllim işləyən Fərrux bəyə yaxından kömək edirdi. Gecələr hisli lampa işığına dərs hazırlayan uşaqların 10-u da ali təhsil almış, onlardan 5-i elmlər doktoru olmuş, Azərbaycan elminin inkişafına mühüm töhfələr vermişlər. Azərbaycan qadınının əsl siması belədir. Ona görə də bizim qadınlara cinayətkar, cinayət etmə sözləri yaraşmır. Bu bəla ilə bütün cəmiyyət məşğul olmalıdır.
    Biz övladlarımızı həyatın sərt üzündən qorumamalıyıq, çünki istəsək də, istəməsək də informasiya bolluğu şəraitində onlar bu baradə kifayət qədər məlumat alacaqlar. Maarifləndirmə işləri aparılmalıdır ki, Tərtədə olduğu kimi, 12 yaşında qız uşağı, hələ həyatın nə olduğunu dərk etmədən, çirkaba yuvarlanmasın.
    Bəzi valideynlər isə həyatda özlərini belə hadisələrdən sığortalamaq məqsədilə dünyaya qız uşağı gətirmək istəmir, bununla da təbiətin nizamını pozurlar. Statistik rəqəmlər də bu faktı təsdiq edir. Belə ki, 2015-ci ildə Tərtər rayonunda doğulanların 53,9 faizini oğlanlar, 46,1 faizini qızlar təşkil edib. Uşaqların sayının azalması da narahatlıq doğurur. 2014-cü illə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı 16,4-dən 15,8-ə qədər azalmışdır.
    Hər ailə cəmiyyətin kiçik bir parçasıdır və bu ailələrin də özünə məxsus, fərqli yaşam tərzi, qayda-qanunları var. Bununla yanaşı ailə cəmiyyətimizin özəyi, güzgüsüdür və xalqımızın çox gözəl adət-ənənələləri var ki, min illərdir qorunub saxlanılır, nəsildən-nəsilə ötürülür. Bunlardan ən önəmlisi qadına yüksək qiymət verilməsi və çoxuşaqlı ailələrin üstün tutulmasıdır. Bu ənənələr indi də yaşayır və yaşayacaqdır.

    Svetlana Bağırova
    (Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 12:29

    Teqlər:

İsmarıclar bağlıdır.