Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01May

    новый-3Bu yazımda həm cəmiyyət, həm də kollektivdə öz yeri olan bir ziyalı haqqında söz açmaq istəyirəm. Söylədiklərim bir həyat kitabının bütün vərəqlərində yazılmışlarını əks etdirməsə də, nə isə demeyə çalışacağam.
    Bu işıqlı insan dağların təmiz havası ilə böyümüş, bulaqların saf suyundan içmiş, doğma kəndinin torpağına, daşına ürəkdən-candan bağlı vətən oğludur. Ziyalılıq onun şəxsiyyətində, ruhundadır. Ürəyində yurd həsrəti var. Bu duyğusal insan bir elin hörmətini qazanmış Zabil Süleymanoğludur. Müasir zəmanəmizin ziyalısı Zabil müəllim.
    Zabil Süleyman oğlu Zeynalov 1950-ci ildə Dağlıq Qarabağın Ağdərə rayonunun Umudlu kəndində dünyaya gəlib. Atası müəllim olub. 45 il Umudlu kənd məktəbində şagirdlərin təlim-tərbiyəsilə məşğul olub. Süleyman müəllimin oğlu Zabil atasının yolunu seçib uğurla davam etdirir.
    O, 1973-cü ildə M.F Axundov adına APRDƏİ bitirib, təyinatla doğma kənd məktəbinə göndərilib. Az bir müddətdən sonra – 1977-ci ildə Umudlu kənd məktəbinin direktoru təyin edilib. Bu günə kimi həmin vəzifədə yorulmaq bilmədən çalışır. Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsində, tədrisin keyfiyyətinin yüksəldilməsində əlindən gələni edib.
    Zabil müəllimin qəlbində bir ağrılı yara var–Umudlu həsrəti, qaçqın adı. Bu nisgil vətənə, torpağa bağlı ziyalının yuxularını ərşə çəkib, dincliyini pozub. 1989-cu ildə Qarabağ hadisələrinin tüğyan etdiyi zaman ağsaqqalların rəyi ilə kəndin özünümüdafiə dəstəsinə rəhbərliyini öhdəsinə götürdüyünü xatırlayır. Söhbətimizdə də bu barədə ürək yanğısı ilə bildirdi ki, Umudlu kəndi üç il blokada şəraitində qalıb. Bu müddətdə kəndi özünümüdafiə dəstəsi qorudu.
    Zabil müəllim döyüş günlərini xatırladıqca qəhər onu boğur, gözlərindəki yaş gilələri qəlbinin dərinliklərinə axırdı. 1991-ci ilin noyabr ayının 23-də şagirdlər 2-ci dərsə girə bilmədilər. Birinci dərsdən çıxan məktəblilər birbaşa vertalyot meydançasına gətirildilər. Qadın və uşaqlar kənddən çıxarıldı. 1992-ci ilin fevral ayının 28-də sonuncu müdafiəçilər də kəndi tərk etdilər. Müdafiə zamanı üç şəhidimiz oldu…
    Zabil müəllim deyir:
    –Umudlunun ağır günü idi. Yalnız vertalyotla gediş-gəliş var idi. Bir də gördük elimizin ağsaqqalı, Umudlunun vətənpərvər oğlu Sabir Paşayev vertalyotdan ağlaya-ağlaya düşdü. Müdafiəçilərə ərzaq gətirmişdi. Onun o vəziyyətdə gəlişi hər kəsi kövrəltdi. O görüşü heç zaman unuda bilmirəm.
    Müsahibimin ürəyindəki nisgil dediyi sözlərində də özünü əks etdirirdi. Zabil müəllim ömrünün 65-ci ilini yaşayır. O mənəviyyat adamıdır. Ürəyindən keçənləri yazdığı şeirlərin misralarına duyğusallıqla hopdurur. Umudlu onun qəlbində bir həsrət yanğısıdır. Bu yanğını söndürməyə Umudlunun suyu gərəkdir.
    Zabil müəllim bir arzusunu da bildirdi:–Biz üç nəfər – Zeynal, Fərrux və mən söz vermişdik ki, Umudluya qayıdarkən diz çöküb torpağı öpəndən sonra kəndə girəcəyik. Təəssüf ki, bu, dostlarıma qismət olmadı, onlar dünyalarını dəyişdilər. Bu arzunu yerinə yetirmək indi mənim üzərimə düşüb. O günü həsrətlə gözləyirəm. Umudlunu görməyəcəyimi düşünə bilmirəm, əgər onu düşünsəm yaşaya bilmərəm. Inanıram ki, doğma kəndimə qovuşa biləcəyəm. Indi isə məqsədim rəhbəri olduğum məktəbin adını daim uca tutmaqdır. Bunun üçün də var gücümlə çalışıram.
    Zabil müəllim sözarası bildirdi ki, 42 ildir pedaqoji sahədə çalışır. Bunun 38 ili direktorluğa həsr olunub. Hər şeydən əvvəl məktəbimizin adını “Qaçqın məktəbi” kimi deyil, S.Paşayev adına Umudlu kənd tam orta məktəbi olmasını doğrultmağa çalışmışıq. Təhsilin səviyyəsi isə gündən-günə yüksəlir. Son illərdə yuxarı balla ali məktəblərə qəbul olunanların sırasında Umudlu kənd tam orta məktəbinin məzunlarının adlarına da rast gəlinir. Mənimsəmə faizinin yüksək olması onu göstərir ki, məktəbdə təhsilin səviyyəsi günün tələblərinə uyğun qurulur. Bunun nəticəsidir ki, Zabil müəllimin əməyi Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilərək ona “Ali kateqoriyalı müəllim” dərəcəsi verilib. “Baş müəllim” adına layiq görülüb. Müəllimlərin XII və XIV qurultaylarının nümayəndəsi olub.
    Bu müdrik insan öz ziyalılığını qoruyub saxlayaraq elinin-obasının sevimlisinə çevrilmişdir. Zabil müəllim övladlarını da bu ruhda tərbiyə edir. Həyat yoldaşı Almaz xanımla birgə 6 övlad böyüdüblər. Qızı Rəna babasının, atasının yolunu seçib, müəllimdir. Atası ilə çiyin-çiyinə Umudlu kənd tam orta məktəbində işləyir.
    Zabil müəllimlə söhbətimizi yekunlaşdırıram. Lakin onun söylədiklərinin çox az hissəsini yazmağa nail oldum. Onun insani cəhətlərinin, vətənə, torpağa vurğunluğunun, şeir, sənət yaradıcılığının açılmayan səhifələrinə toxunmadım. Düşünürəm ki, bunlar kiçik həcmli yazılara sığmaz. Zabil müəllimin həyat kitabı sirli bir aləmdir. Onu misra-misra, bənd-bənd oxumaq gərəkdir. Zabil müəllim o ziyalılarımızdandır ki, daim ondan nümunə götürmək, öyrənmək gərəkdir. Allah sizə ömür versin, Zabil müəllim.

    Müəllif: Redaktor, 08:17

    Teqlər:

İsmarıclar bağlıdır.