Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    DÖYÜŞ GÜNLƏRİNİN ACILI XATİRƏLƏRİ

    1454Tale onun qismətini çoxdan Tərtərə bağlamışdı. El dilincə desək, telli-toqqalı gənclik illərində tərtərli qızı sevib onunla ailə həyatı qurmuşdu. İşğaldan əvvəl Ağdam şəhərində yaşayırdılar. Xoşbəxt idilər. Bu xoşbəxtliyin qarşılığında Uca Allah ailəyə beş oğul veribdi. Bu bəxtəvərliyə bəlkə həsəd aparanlar da olub. Lakin Tərtərdə yaşamasının başqa səbəbi vardı. Səbəb mənfur ermənilərin onun doğma yurdunu–Ağdamı işğal etməsi idi…
    Fərzəliyev Qəzənfər İbiş oğlu Ağdam rayonunun Şotlanlı kəndindəndir. Şuşa şəhərindəki pedaqoji texnikumun bədən tərbiyəsi fakültəsini bitirib. İşğaldan əvvəl Ağdam şəhərindəki 1 saylı tam orta məktəbdə işləyib. Qarabağ savaşı başlayan zaman Qəzənfər müəllim də torpaqlarımızın müdafiəsinə qatılıb. N saylı hərbi hissədə kəşfiyyat komandiri olub. Ağdam, Ağdərə və Xocavənd rayonları ətrafında gedən döyüşlərdə iştirak edib. Döyüş günləri onun xatirəsində silinməz acılarla qalıb. O günləri həyəcansız yada salmaq mümkün deyil.
    Ermənilərin camaata vurduğu zərbələr hamı kimi Qəzənfər müəllimin də ürəyini göynədir. Söz düşəndə isə dedi:
    –Mən yoldaşlarımdan ayrılıb bir gün də evdə qala bilmirdim. Döyüşçü yoldaşlarımızın hamısı mənim kimi düşünürdü. Bir qarış torpağımızdan keçəsi deyildik. Hər əməliyyata var gücümüzlə qoşulurduq. Ilk dəfə Əsgəran rayonunun müdafiəsində minaya düşdüm. Başımdan, qolumdan ağır yaralanmışdım. Bərdədə qospitalda bir aya qədər müalicə aldım, yaralarım sağalmamış yenidən hərbi hissəyə qayıtdım. Ikinci dəfə isə Mərzili uğrunda gedən döyüşdə qolumdan, qılçımdan güllə yarası aldım. Bir müddət qospitalda müalicə olundum. Oradan çıxan kimi yenə də yoldaşlarımın yanına, hərbi hisssəyə qayıtdım.
    Döyüşçülərin köməkliyi ilə Əsgəran rayonunun Xoramord kəndini ermənilərdən azad etdik. O günü bizim hərbi hissəyə 4 nəfər Xocalı kəşfiyyatçısı gəlmişdi. Onlar rus ordusunun gəldiyini söylədilər. O kəşfiyyatçılar gələn vaxtı bizim döyüşçülər artıq Fərrux dağına çatmışdılar. Elə həmin gecə güclü döyüş getdi. 5 nəfər döyüşçümüzü vəhşicəsinə öldürdülər. Həm Xocalı camaatından, həm də bizim döyüş-çülərdən çoxlu yaralılar varıydı. Təcili yardım maşınlarına yaralı insanları daşıdıqca adam dəhşətə gəlirdi.
    Bir epizodu xatırlamaq yerinə düşərdi. Mənim qızım olmadığı üçün yaralı azyaşlı qızı öz övladım kimi evə gətirib müalicə elətdirdim. Ha-zırda həmin qız Bakı şəhərində yaşayır. Ailəlidir. Bir nəfər qılçı qırılmış qadını xəstəxanaya aparıb müalicəsini elətdirdim. Bilirsiniz, müharibənin hər günü barədə bir əsər yazmaq olar. Hər günün öz acısı, öz xatirələri var. Unuda bilmədiyim xatirələrimdən biri də tanınmış telejurnalist Çingiz Mustafayevin meyitini Naxcıvanskidən çıxarıb Mahrızlı qospitalına təcili yardım maşını ilə gətirdiyim gündür. Heyf ondan. Itirdiyimiz ən yaxşı oğullarımızdan biriydi…
    Qarabağ savaşının canlı şahidlərindən olmuş Qəzənfər müəllim sakit görünüşlü olmasına baxmayaraq, ürəyindəki hiddətini boğub saxlaya bilmirdi. Şəhidlərimizi, yaralılarımızı, əsir və girovlarımızı düşündükcə erməni vandalizminə lənətlər yağdırırdı. Doğma Ağdamdan–yaşadıqları dədə-baba yurdlarından didərgin düşdüklərini böyük təəssüf hissi ilə xatırlayır. Kaş ki, belə olmayaydı,–deyir.
    Həyat yoldaşının tərtərli olması onun ailəsi ilə birlikdə Tərtərdə məskunlaşmasına səbəb oldu. Ağdam rayonunun işğalından bu günə kimi Sarıcalı kəndində ona və ailəsinə qucaq açmış doğmalarının əhatəsində yaşayır. Artıq oğlanları da böyüyüb. Hazırda 2 oğlu hərbçidir. Müddətdən artıq xidmət edənlərdəndir. Özü isə 1996-cı ildən 2014-cü ilə qədər işlədiyi Sarıcalı kənd tam orta məktəbində hərbi müəllim vəzifəsindən yaşa görə pensiyaya çıxıb. Qarabağ müharibəsi veteranıdır. Bu gün də Vətənin müdafiəsi eşqi ilə yaşayır. Inanır ki, vaxt gələcək, doğma yurdu Ağdama, hər qarışı uğrunda döyüşdüyü Mərziliyə, Əsgərana, Ağdərəyə, Xocavəndə qayıdacaq.
    Bu arzu-istək təkcə Qəzənfər müəllimin deyil, yüzlərlə qaçqın-köçkün soydaşlarımızın, ərazi bütövlüyümüz uğrunda yarımcan olmuş mərd, igid Qarabağ əlillərinin ən müqəddəs arzusudur, bu günü həsrətlə gözləyən vətənpərvər Azərbaycan övladının istəyidir.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.